Camaat susuzluqdan əziyyət çəkir, “Azərsu”, hara baxırsan? Azərbaycanda koronavirus pandemiyasının yayılması paralel olaraq bir sıra problemləri də üzə çıxardı. Belə ki, pandemiyaya görə tətbiq olunan sərt karantin vaxtlarında kommunal xidmətlərə ehtiyacın daha çox olması bu istiqamətdə boşluqların və saysız problemlərin olduğunu göstərdi. Belə ki, paytaxt da daxil olmaqla əksər bölgələrdə su, işıq və qaz problemləri ilə bağlı çoxsaylı şikayətlər və etirazlar oldu.
AYNA sosial şəbəkə istifadəçiləri arasında bu mövzuda sorğu keçirib: Harada hansı kommunal problemlər yaşanır? Beləliklə:
Fərid İmran: ““Azərsu” pandemiya dövründə paytaxtın Alı Mustafayev küçəsinin sakinlərinə ancaq palçıqlı su verib. İnternet isə demək olar ki, yoxdur”.
Daşa Məmmədova: “Binəqədi rayonu Naxçıvani küçəsində yaşayırıq. Bizim su sayğacına baxmamış çek yazıb, qoyub gediblər”.
Ulviyya Shahin: “Bakıda Yavər Həsənov və Əbdülvahab Salamzadə küçələrinin sakinləri də kommunal problemlərdən əziyyət çəkir. Xüsusən də jurnalistlər üçün bu dönəmdə ən vacib məsələ internetdir, lakin provayderlər də bu dönəmdə bizi əziyyətə salır”.
Oğuz Təbiəti: “Oğuz rayonu ən çox su ehtiyatı olan rayon olmasına baxmayaraq, yayda havaların qızdığı vaxtlarda belə, su kəsilir. Ən pisi də odur ki, bu hal pandemiyaya görə yox, yeni su xətlərinin çəkilməsindən sonra baş verdi. Su idarəsi öz işiylə məşğul deyil ki, çəkdikləri “levi” xətləri bağlayıb, sayğac qoşsunlar və biz vaxtı-vaxtında pulumuzu ödəyərək sudan istifadə edək”.
Leyla Abdullayeva: “Ən çox internetdən əziyyət çəkirik. Ən pisi də odur ki, məktəb şagirdləri onlayn dərslərə görə, bu problemdən daha çox əziyyət çəkdilər”.
Zamin Mürsəlov: “Mehdiabad qəsəbəsi “Gənclər” yaşayış mərkəzində gün ərzində su bir neçə saat kəsilir. Bu problem, əsasən günorta saatlarında baş verir”.
Dəniz Pənahova: “Pandemiyadan əvvəl “Azəriqaz”ın, “Azərişıq”ın ayda-ildə bir dəfə gələn nümayəndələri karantin başlayan kimi yaşayış məntəqəmizə “hücum” çəkdilər və borcu ödəmədiyimiz təqdirdə qaz və işığın kəsiləcəyini dedilər. Halbuki, karantin dönəmində evdə olduğumuza görə, cəmi bir ay ödəniş edilməmişdi. Başqa vaxtlar iki, üç ay ödəniş etməyəndə heç gəlməzdilər. Hətta, bir ildir üzünü görmədiyimiz (Hövsan qəsəbəsində) su idarəsinin nümayəndələri də “qonaq” gəlmişdi. Borcumuz 30 manat civarında idi, məbləğin yarı hissəsini ödəmişdik, yarı hissəsi qalmışdı. Mən də tələsik internet vasitəsiylə ödədim. Çünki karantin dönəmində evdən icazə ilə çıxdığımız vaxtlar “MilliÖn” aparatları işləmirdi”.
Raminə Eyvazqızı: “Pandemiya ilə mübarizədə təmizlik, gigiyena birinci planda dayanır. Ələlxüsus da yayda tozlu, betonlu Bakıda bu, lap vacibdir. Təəssüf ki, “Azərsu” iki həftədir sakinləri zülmə məruz qoyub. Evdə xəstəsi olan var, namaz qılmaq üçün davamlı suya ehtiyacı olan var. O zaman şənbə-bazar günləri sərt karantin tətbiq olunanda su çənləri boşalanlar neyləməlidir? Susuzluğumuzu marketlərdən su almaqla yatırdaq, ya başqa ehtiyaclarımız üçün istifadə edək? Əvvəllər həyətlərdə su kranları vardı, lakin hamısını kilidlədilər. Ən azından insanlar vedrəsini doldurur, qab-qacağını yuya bilirdi. Bütün bu problemlərin kökündə yaya hazırlıqsız olmaq və yanlış strategiya dayanır. Problemi yaratmazdan qabaq onun fəsadları haqqında düşünmək lazımdır!”
Fərqanə Allahverdiqızı: “Pandemiya dövründə təmizlik çox vacibdir. Ancaq son 2 ayda yaşadığım ərazidə (Nərimanov rayonu) həyətlərin gec-gec təmizləndiyini, blokların əvvəlkinə nisbətən daha çirkli olduğunu müşahidə edirəm. Əvvəllər blokların dezinfeksiya edildiyini görürdük. Lakin virusa yoluxmanın artdığı son 2 həftədə bunu görmürük. Elektrik və internet verilişinin dayandırıldığını da yaşadıq. Buna təəssüf edirəm. Belə nəticəyə gəldim ki, bizim kommunal xidmətlər esktremal hallara hazır deyil”.
Rəbiyyə Məmmədova: “Binəqədi rayonunda su problemindən əziyyət çəkirik. Çünki su davamlı yox, vaxtla verilir”.
Elyar İslamoğlu: “Bakının Nərimanov rayonu, Ağa Nemətulla küçəsində suyun təzyiqi xeyli azalıb. Hərdən işıqlar da sönür. Nəzərə alsaq ki, pandemiya dövründə evdə qalan insanlara ən vacib olan su və işıqdır, onda demək ki, karantin günlərində vətəndaşlar çox əziyyət çəkəcək”.
Anar Bayramoğlu: “Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsində mütəmadi olaraq su problemi yaşanır. Xüsusən də sərt karantin günlərində su problemi yaşamışıq. Saatlarla bina sakinləri susuz qalırlar. Günəşin istisi bir tərəfdən, “Azərsu” da digər tərəfdən yandırır”.
Təranə Xudabaxşıyeva: “Koronavirusdan qorunmaq üçün mütəmadi təmizliyə riayət etmək lazımdır. Tez-tez əlləri yumaq, çimmək, paltarları dəyişməliyik. Lakin “Azərsu” bunu eşidən kimi suyu kəsib. “Azərsu” bizi virusdan belə “qoruyur”. Evdə bir qaşıq belə, su yoxdur. Uşağa yalvarıram ki, pampersi batırmasın. “Azərsu”dan deyirlər ki, su olacaq. Amma gözləyə-gözləyə susuzluqdan qırılırıq”.
Müəllif:
Mərahim Nəsib
Tarix: 20-06-2020, 16:46