"Bir qrup mafiozun əlində qalmışıq"


"Bir qrup mafiozun əlində qalmışıq"

Əhməd Qəşəmoğlu: “Bizdə toylarda, yaslarda ifratın ziyanı barədə tövsiyə, təbliğat effekt vermirsə, o zaman inzibati cəza mexanizmi işə düşməlidir”

 

Koronavirus pandemiyası səbəbindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Azərbaycanda toy məclisləri qadağan edilib. Yas mərasimləri isə məhdud sayda insanların, əsasən vəfat edənin yaxınlarının iştirakı ilə keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah karantin yumşaldılması qərarı verdikdən sonra, sosial şəbəkələrin Azərbaycan seqmentində əsas müzakirə mövzularından biri və bəlkə də birincisi toy məclislərinin bərpası ilə bağlı oldu. Bu müzakirələr hələ də davam etməkdədir. Bir çox “Facebook” istifadəcisi hesab edir ki, gündə minlərlə insanın getdiyi ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilirsə, maksimum min nəfərin iştirak edə biləcəyi toylara niyə hələ də qadağa var.

 

Bu müzakirələr öz yerində, amma bir çox insanlar fikirləşir ki, qadağa götürülsə də, əvvəlki ifrat, dəbdəbəli toy mərasimləri olmasın. Yəni, böyük və dəbdəbəli toylara “əlvida” demək, sadə, az adamın, əsasən yaxın qohumun, tanışın, dostun iştirakı ilə məclis düzənləməyə öyrənməliyik. Amma bunun əleyhinə çıxanlar da kifayət qədərdir. “Mənim qızım (oğlum) kimdən əskikdir”, “mən bu günə kimi 200 toya getmişəm, filan qədər pul yazılmışam”, - deyib, dəbdəbədən kənar qaçmaq istəməyənlər kifayət qədərdir.

 

Məsələ ilə bağlı AYNA-nın suallarını sosioloq-alim Əhməd Qəşəmoğlu cavablandırıb. “Necə edək ki, dəbdəbəli toy və yas mərasimlərinə “əlvida” deyə bilək” sualına professorun maraqlı cavabları oldu. O, hesab ki, cəmiyyət bir qrup toy və yas “mafiozu”nun əlində qalıb...

 

- İllərdir deyirik ki, toy və yas mərasimlərinin dəbdəbəsi aradan qaldırılsın. Amma buna “mafiozlar” imkan vermirlər. Yas mərasimləri ilə bağlı son illərdə qismən ifratlığın aradan qaldırıldığını görürük. Bu məsələ ictimaiyyətdə müzakirə olundu, təbliğat aparıldı, müəyyən qədər dəbdəbəli yas stollarında səliqə-səhman yarandı. Düzdür, bəzən yenə də əvvəlki ehsan süfrələrinə rast gəlmək mümkündür. Amma kifayət qədər dəyişikliklərin də şahidiyik. Toylarla bağlı vəziyyət isə son dərəcə acınacaqlıdır. Bizim toylar biabırçı şəkildə keçirilir. Dəbdəbəsindən tutmuş, musiqisinə kimi, çox bayağı, səviyyəsiz toy mərasimlərinin şahidiyik. Bunun qarşısının alınmasına da imkan verməyənlər o dediyim adamlardır - toy biznesindən qazananlar, işbazlardır. Onlar pul qazanmaq üçün bu cür biabırçılığın baş alıb getməsinə səbəb olurlar.

 

- Dediyiniz o “mafioz”lar hansı mənada israfçılığın, dəbdəbənin qarşısını almağa maneə yaradırlar? Axı toyu edən vətəndaşdır...

 

- Təbii ki, vətəndaşdır. Amma toy sahibi gedir şadlıq evinə, mərasimi keçirmək üçün vaxt götürür, menyu müəyyənləşdirir və s. Bu zaman şadlıq evinin administratoru, rəhbərliyi elə şərtlər qoyur ki, elə menyu qoyur ki qabağına... Yəni ki, bunlar masada olmalıdır, vəssalam. Bəzən danışıq nəticəsində müəyyən yemək, salat növləri ixtisar edilir, dəyişdirilir. Amma çox ixtisara şadlıq evi imkan vermir. Həm o zaman stolun qiyməti düşür, qazanc azalır, həm də rəhbərlik iddia edir ki, şadlıq evi “nüfuzdan düşür”. Bir şadlıq evi deyil, ümumiyyətlə 90 faiz şadlıq evlərində təklif və ya şərt belədir. İndi bəzən qohumda, tanışda toy edən olanda bir ağsaqqal kimi mənə müraciət edilir ki, şadlıq evi danışığında yardımçı olum.

 

Bir dəfə qohumun birinin övladının toyu üçün şadlıq evi danışmağa getmişdim. Administrator qabağıma 62 cür yemək menyusu qoydu. Dedim, “ay qardaş, axı, 62 çeşid yeməyi bizim qonaqlar neynir, 7-8 yemək növü olsa, kifayətdir”. Cavab verdi ki, “siz nə danışırsınız, bizim adımız-sanımız var, restoranımızın imici var”. Razılaşmadı ki, 7-8 yemək növü nədir, bu 62-dən uzağı 10-unu ixtisar edə və yaxud da dəyişdirə bilərsən. Mən bir şeyi də anlamıram ki, 62 yemək növünü bunlar hardan icad edirlər?! Heç nə, baxırsan ki, ağıla gələn və gəlməyən salatlar hazırlayırlar. Özü də, o yeməklərin demək olar ki, hamısı keyfiyyətsiz, köhnə, mənşəyi məlum olmayan ətdən hazırlanmış xörəklərdir. Şəxsən mən, elə toylar olub ki, orda bir tikə çörək də kəsməmişəm. Dediyim kimi, biabırçı vəziyyətdir.

Musiqinin bayağılığı da ki, öz yerində. Siz özünüz də yəqin ki, müşahidə etmisiniz, əksər toylarda insanlar, xüsusən də kişilər toy boyu foyedə olurlar. Çünki, musiqi səsi o qədər gur olur ki, insanlar yorulurlar. İçəridə illərlə görüşmədiyin tanışları görürsən, bir kəlmə kəsə bilmirsən, səsdən bir-birini heç kim eşitmir. Toy başlayandan axıra kimi gur musiqi səsi əsəblərə toxunur. Özü də, bizim toylarda ifa olunan musiqilər çox zövqsüzdür, bayağıdır.

 

- Bəs, çıxış yolu nədədir? Yəni, bu vəziyyətin qarşısını almaq hansı halda mümkündür?

 

- Mən tələbə olarkən keçirilən toy mərasimlərini xatırlayıram - 1970-ci illərin əvvəllərini. Həmin vaxt toylar elə sadə, gözəl keçirilirdi ki, adam həzz alırdı. Mağar qurulurdu, kim istəyirdi gəlib bəy-gəlini təbrik edirdi, toyu şənləndirirdi, rəqs edirdi, çıxıb gedirdi. Nəmər məsələsi də ki, sadəcə toy sahibinin yaxın qohumları yaxınlaşırdı, həmin məclisin düzənlənməsində istifadə olunan yemək-içməyə xərclənən pula kömək məqsədi ilə az miqdarda pul verirdi. İndi nəmər borc kimi bir şeydir. “Mən sənin toyuna gedib filan qədər nəmər atmışam, sən də mənim toyuma gələndə o qədər nəmər atmalısan” kimi fikirlər formalaşıb. İnanın ki, bu, biabırçılıqdır. Eyni zamanda, nəmər qiyməti də müəyyənləşdiriblər. Bir nəfər həyat yoldaşı ilə toya getsə, 200 manat pul yazdırmalıdır, qadının bəzəyi ilə, taksi pulu ilə bu, gəlib 300 manat edir. Sosial vəziyyətin ağır olduğu dövrdə 300 manat az deyil. Bunu heç kəs, sanki düşünmür, fərqində deyil. Bu, doğrudan da cəmiyyətin mənəvi fəlakətidir. Mən təklif edirəm ki, şadlıq sarayları ortadan bölünsün, yarısında yemək məclisi olsun, yemək masaları da sadə - 4-5 yemək növləri, dəbdəbədən uzaq olsun, qohumlar, ən yaxın tanışlar orda əyləşsin. Həmin adamlar da ev sahibinə kömək məqsədilə az miqdarda nəmər yazılsınlar. Restoranın qalan yeri də mağar olsun. Yeməyini yeyəndən sonra, kimin rəqs etmək, əylənmək istəyi var, mağara keçsin, oynasın, əylənsin. Mağarda şərt deyil ki, yemək masasında oturanlar olsunlar. Toy nədir, bəy gəlini təbrik etmək üçündür. Elə şərait yaradılsın ki, bəyin, gəlinin dostları, gənclər əylənsinlər. Lap elə yoldan keçən birinin rəqs etmək istəyi var, o da keçsin əylənsin, bəy-gəlini təbrik etsin. Düzdür, buna “toy mafiozları” imkan verməyəcəklər, müqavimət göstərəcəklər. Amma mümkündür, hamılıqla bunu tələb etmək olar.

 

- “Toy mafiozları” deyirsiniz, onlar öz yerində. Yəni, qazanc götürmək üçün belə ifrata varırlar, amma vətəndaşlar da, necə deyərlər, “az aşın duzu” deyillər... 500-1000 nəfərlik toyu şadlıq evinin sahibi etmir ki?! Məsələn, restorana gedib 100-150 nəfərlik toy etmək istədiyini desələr, restoran bundan imtina etməyəcək ki. Dəbdəbə ilə bağlı da illərdir təbliğat aparılır, amma effekti də yoxdur...

 

- Görünən odur ki, cəmiyyətə sözlə təsir etmək olmur, o zaman inzibati metodlara üstünlük verilməlidir. Beynəlxalq praktikada belə bir hal mövcuddur. Cəmiyyətdə hansısa hal xoşagəlməz nəticələrə gətirib çıxarırsa, tövsiyə, təbliğat effekt vermirsə, bu biabırçılıq ölkə əhəmiyyətli məsələyə çevrilirsə, o zaman dövlət müdaxiləsi normaldır. Yəni inzibati yolla bunun qarşısı alınır. Bizdə toylarda, yaslarda ifratın ziyanı barədə tövsiyə, təbliğat effekt vermirsə, o zaman inzibati cəza mexanizmi işə düşməlidir. İfrata varan şadlıq evi sahibi də, toy sahibi də cəzalandırılmalıdır. Uzağa getməyək, elə bizim Naxçıvanda bu təcrübədən istifadə edildi, effekti də var. Naxçıvan Ali Məclisinin sədri yaslarda ifrat məclislərin inzibati yolla qarşısının alınması göstərişi verdi. Bundan sonra mən bildiyimə, eşitdiyimə görə, yas və toy məclislərində səliqə-səhman yaradılıb.

 

- İctimai qınaq formasının effekti olmazmı? Təbliğat yox, görürük ki, bu mexanizm artıq işləmir. Qınaq isə hələlik istifadə olunmamış yoldur. Söhbət sosial şəbəkədə naməlum şəxsləri qınamaqdan getmir. Məsələn, konkret dəbdəbəli toy edənin qohumu sözlə və ya hərəkətlə o toy sahibini utandıra bilər. Yaxud da toya gedib, məclisdə oturmayıb, sadəcə nəmər atıb çıxa bilər. Yəni hərəkəti ilə etirazını bildirə bilər...

 

- Siz dediyiniz variant maraqlı ideyadır, amma işləməyəcək. Toy sahibi inciyəcək, küsəcək, bu səbəbdən də qonaq bunu etməyəcək. Əksinə qonağı qınayacaqlar ki, hörmətsizlik etdi. Məsələnin digər yanını da deyim, toy sahibi təkbaşına dəbdəbədən əl çəksə, onun özü qınaq obyektinə çevriləcək. Özü də kənar şəxslər tərəfindən yox, elə öz yaxınları, doğmaları, ailə üzvləri tərəfindən. Mən, təxminən 15 il öncə qızıma toy edərkən, çox sadə toy məclisi təşkil etmək qərarına gəldim. Çünki mən bu məsələlərin əleyhinə danışıram, dəbdəbəli toy etsəm, deməzlərmi ki, camaata yol göstərirsən, amma özün əməl etmirsən?! Qızımla danışdım, razılaşdı, necə uyğun görürəmsə, elə də etməyimi istədi. Sadə toy oldu, amma buna görə məni qınağa məruz qoydular. Qohumlar tanışlar, “niyə qızı başıaşağı edirsən” kimi sözlərlə məni qınadılar. Yəni, insanlara bunu anlatmaq çox çətindir. Dediyim kimi, inzibati müdaxilə olsa, qohum da qınamayacaq toy sahibini, toy sahibi də kimdənsə inciməyəcək. Hesab edirəm ki, təbliğat elmi əsaslarla aparılmalıdır, dəbdəbəli toyların, yasların ziyanı haqqında elmi əsaslar gətirilməlidir. Eyni zamanda, Naxçıvan təcrübəsindən istifadə edilməlidir. Mən bunun yolunu belə görürəm.


Müəllif: Anar Bayramoğlu 
Tarix: 14-06-2020, 13:30
Xəbəri paylaş



Xəbər lenti