Hakimiyyətin ilk irimiqyaslı sosial fiaskosu: 190 manata görə nələr etmədilər?!


 


Hakimiyyət hər işdə özünü xalq sevgisindən məhrum edir. Bu dəfə də fərqli situasiya ilə qarşılaşmadıq. 190 manata görə nələr etmədilər?!
Anaxeber.info-nun məlumatına görə, iqtidar yenə narazı elektoratın dəstəyindən özünü məhrum edərək arqumenti siyasi opponentlərinə ötürdü.
Müxalifət 190 manat məsələsindən əla istifadə elədi. İqtidar sosial şəbəkələri, internet televiziyaları açsın, hər yerdə “od püskürür”lər.
Çünki o pulu verməmək üçün hər şey etdilər: VÖEN-i olan, adına maşın, torpaq rəsmiləşən, tələbə, pensiyaçı və daha kimlərə və kimlərə 190 manat düşmədi. Məşhur lətifədə deyildiyi kimi - daha de ki paraşütü vermirəm...
Ona görə pandemiya dövründə işsiz və imkansız ailələrə çatacaq 190 manata görə yenə qəzəb və etiraz dalğası hökumətin üzərinə yönəldildi.
Hər nə qədər rəsmilər tərəfindən sosialyönümlü islahatlar aparıldığı deyilsə də, faktiki biabırçı şəkildə sosial proqram həyata keçirildi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə leqal fırıldaqla əhalinin böyük bir hissəsini 190 manat yardımdan kənarda qoydu. Bundan sonra təbii olaraq hakimiyyət müxalifətin əlinə ciddi arqumentlər qazandırdı.
Hətta bu da azmış kimi, təqaüdə çıxmayan vətəndaşın müraciətinə pensiyaçı olduğu, sürücülük vəsiqəsi olmayana adında 2 maşın olduğu cavabı verilib. Bəs, bu yardımlar kimə şamil olunmuşdu?
Üstəgəl, nazirlik işsiz statusunu belə müəyyənləşdirə, ayırd edə bilmədi. Bəlkə də bu, hökumətin ilk irimiqyaslı sosial fiaskosu idi.
Təsəvvür edin ki, işsiz kimi qeydiyyata alınmayan vətəndaşlar, həyətində 2 sot torpağı olanlar, ailəsində biri müqaviləli işləyənlər hamısı 190 manatlıq yardımdan məhrum edildi. Bir sözlə, hər kəsi çıxdaş etdilər.
İqtisadçılar israr edirlər ki, yardım alanların siyahısı dərc olunsun. Amma nazirlik bunu da etmir. Görünür, ortada qeyri-şəffafıq var.
Anaxeber.info-nun hesablamalarına və təhlilinə görə, əslində, hökumət nəinki 600 min, 1 milyon 200 min insana yardım verə bilərdi.
Nəzərə alsaq ki, heç bir təbii ehtiyatı olmayan Çexiya kimi dövlət öz büdcəsindən işsiz vətəndaşlarına 1000 avrodan (2000 manat) yardım verib, o halda 70 milyard ehtiyatı olan Azərbaycan kimi neft-qaz ölkəsində cəmi 600 min nəfərə 190 manatdan köməklik göstərilməsinin bir adı var - dilənçi payı, minnət, gözə kül üfürmək...
Hətta iqtisadçılar qeyd edirlər ki, hökumət insanlara 250 manatdan yardım verə bilərdi. Əvəzində dövlət heç nə itirmirdi.
Çünki onsuz da qəpik-quruşa satılan neft, qarşıda gözlənilən böhran və devalvasiya nəticəsində həmin kapital dəyərini itirməkdədir.
Amma hökumət bu vəsaiti əhaliyə pay-püş etməklə həm ciddi dəstək vermiş olurdu, həmin maliyyə boşa getmirdi, həm də xalqdan sosial dəstək götürəcək, siyasi rəqiblərinin dilini qısa edəcəkdi.
Amma hakimiyyətin ən sərt tənqidçiləri bu gün 190 manatlıq rüsvayçılığı əldə bayraq edərək iqtidarı “topa tutur”lar.
Axı bütün bunlar nəyə lazımıydı - hökumət özünü karantin günlərində niyə pis təqdim etdi, əhalini narazı saldı?
Aydın məsələdir ki, ailədə bir adam 300 manat maaş alırsa, bu, onun 190 manat yardım almamasına bəraət qazandıra bilməz.
Kiminsə maşını, kiminsə 3 sot torpağı varsa, yaxud yoxsul ailə sosial ünvanlı yardım alırsa, niyə də 190 manatdan məhrum edilməlidir?
Bu kateqoriyalı adamların heç də ehtiyacsız yaşadıqlarını söyləmək olmaz. Müstəqilliyin bərpasından ötən 28 ildə Azərbaycan xalqının maddi və mənəvi dəstəyə ehtiyacı heç vaxt bu qədər çox olmayıb.
Şəffaflıq və hesabatlığın olmaması açıqlanan rəqəmlərə  pambıq pripiskasından da betər şübhələr doğurdu.
Adambaşına minimum əməkhaqqı məbləğində ödəniş üçün Dövlət Neft Fondunun 70,2 milyard manatlıq aktivlərinin 3,5 faizi, yəni 2,5 milyard manatı tələb olunur. Hakimiyyət isə xalqın pulunu xalqa qıymır.
Əslində, adambaşına ödənəcək 250 manatın dərhal istehlaka yönələcəyini nəzərə alsaq, onun xərclənməsi zamanı hesablanan dolayı vergilər hesabına büdcəyə əlavə daxilolmalar baş verəcək, bu da büdcə gəlirlərinin artımına gətirib çıxaracaq.
Hesablamalar göstərir ki, ayılacaq 2,5 milyard manatın 20 faizə qədəri, 500 milyon manatı büdcəyə və Dövlət Sosial Müdafiə Fonduna ödəmələr kimi geri qayıdacaq.
Verməyin, düz edirsiniz,xarici banklara milyardlar yatırın, Avropada, Türkiyədə, Rusiyada otellər, villalar, restoranlar açın. Hər şeyə pul tapırsınız, bircə bu xalqa pul vermək üçün ən mürəkkəb variantlar ağlınıza gəlir.
Halbuki sadə mexanizmi var: xalqın 70,2 milyard manatlıq aktivlərinin 3,5 faizi, yəni 2,5 milyard manatı xalqa paylansın...
Anaxeber.info
Turan
Tarix: 29-04-2020, 11:47
Xəbəri paylaş



Xəbər lenti