Rusiya Federasiyası 89 subyektdən(region) ibarətdir. Sizcə ümumi ərazisi 17.1 milyon km² olan 89 subyektdən neçəsində yanacaq böhranı yaşanır? Yəqin düşünürsünüz ki, ən azı yarısından çoxunda, ya da böyük əksəriyyətində. Xeyr, 89 subyektin hamısında, istisnasız, hansındasa daha çox, hansındasa daha az, amma Rusiyanın hər bir yerində yanacaqla problemlər yaşanır.
Rusiyanın 10 ən böyük neft emalı zavodundan cəmi ikisi zərbələrə məruz qalmayıb. Rusiyanın Avropa hissəsində isə USQ tərəfindən "toxunulmayan" neft emalı zavodu isə ümumiyyətlə yoxdur.
Xronologiyaya diqqət edin. 2025-ci ilin may ayında Fridrix Merts Almaniyanın kansleri seçilib. O, seçki kampaniyasında Ukraynaya "Taurus" raketlərinin veriləcəyini vəd etsə də, hakimiyyətə gəldikdən sonra Berlin bunu eskalasiya riski səbəbindən həyata keçirmədi.
Bunun əvəzinə Almaniya Ukraynanın dron proqramına çox ciddi maddi və texnoloji dəstək verdi. Almaniyanın rəsmi şəxsləri, 2025-ci ilin iyul ayında dəfələrlə çox yaxın zamanda cəbhədə sürprizlərin olacağını bildirirdilər.
2025-ci il 1 avqust tarixidən etibarən Rusiyanın neft emalı zavodlarına intensiv zərbələr başladı. Bugünkü yanacaq böhranı da böyük ölçüdə həmin dövrdə gücləndirilən Ukrayna dron imkanlarının nəticəsidir.
1917-ci ildə Petroqradda çörək qıtlığı "çörək üsyanlarına" çevrilmişdi və nəticəni hamımız bilirik. 21-ci əsrdə yanacağın nə dərəcədə böyük əhəmiyyətə malik olduğunu nəzərə alsaq, bugünkü tendensiyanın davam edəcəyi təqdirdə Putin rejimi üçün siyasi risklər qaçılmaz
olacaq.
Müəllif: Politoloq Kamran Cəfərov ,
AXS.az
Tarix: 6-07-2026, 09:45