CHP-dəki böhran AKP-nin işinə yarayacaq? - Turan Rzayev



Türkiyə siyasətində sular durulmur. Ankara Məhkəməsinin qərarı ilə CHP-nin 38-ci qurultayının nəticələrinin ləğv edilməsindən sonra Kamal Kılıçdaroğlu yenidən rəsmən Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri vəzifəsinin icrasına başlayıb. Artıq məhkəmənin müvafiq qərarı ona təqdim edilib. Lakin Özgür Özəl də təslim olmaq niyyətində deyil. O da özünü sədr elan edib.
Bir tərəfdə məhkəmə qərarı ilə yenidən partiya rəhbərliyinə qaytarılan Kamal Kılıçdaroğlu, digər tərəfdə isə “mübarizə bitməyib” mesajı verən Özgür Özəl var. 


Əslində Türkiyə siyasi tarixində belə böhranlar dəfələrlə yaşanıb. Hətta deyərdim ki, Türkiyə siyasətinin ən xarakterik xüsusiyyətlərindən biri partiyadaxili savaşlar, parçalanmalar və məhkəmə müdaxilələridir. Bu baxımdan bu gün CHP daxilində baş verənlər yeni hadisə deyil.
Mənə görə Türkiyə siyasi tarixində ən məşhur parçalanmalardan biri 1970-ci illərdə Nəcməddin Ərbakan hərəkatında yaşandı. Həmin dövrdə sağ-sol qarşıdurmaları, küçə toqquşmaları, iqtisadi böhran və hərbi çevriliş təhlükəsi ölkəni demək olar ki, hər gün yeni siyasi böhrana sürükləyirdi. Məhz belə bir atmosferdə N. Ərbakan Türkiyədə “Milli Görüş” adlanan siyasi-ideoloji xətti qurmağa başladı.
Ərbakan Milli Nizam Partiyasını yaratdı. Bu partiya daha çox dini-mühafizəkar kəsimin səsi kimi çıxış edir, o dövr üçün çox fərqli siyasi dil istifadə edirdi. Lakin Türkiyə ordusu və dövlətin dünyəvi qanadı bu yüksəlişdən ciddi narahat idi. 
Məhz buna görə 1971-ci ildə partiya bağlandı.
Amma Ərbakan siyasətdən çəkilmədi. Bir müddət sonra bu dəfə Milli Səlamət Partiyasını quruldu. MSP qısa müddətdə güclənərək hökumət ortağına çevrildi. Hətta CHP ilə koalisiya qurduğu dövr də oldu. O illərdə Ərbakan artıq təkcə mühafizəkar siyasətçi deyil, böyük siyasi hərəkat lideri kimi görünürdü. Lakin əsas parçalanma və dönüş nöqtəsi sonrakı illərdə baş verdi. 1980-ci il hərbi çevrilişindən sonra Ərbakanın xətti yenidən qadağalarla üzləşdi. 
1990-cı illərdə isə artıq həmin hərəkat daxilində fikir ayrılığı başladı. Ərbakan daha ənənəvi və sərt “Milli Görüş” siyasətində qalmaq istəyirdi. Amma gənc siyasətçilər düşünürdülər ki, Türkiyə dəyişir və daha modern, daha praqmatik siyasət lazımdır. Bu gənclərin başında isə Rəcəb Tayyib Ərdoğan və Abdullah Gül vardı.
Nəticədə böyük qopuş yaşandı. Ərbakanın siyasi xəttini davam etdirənlər başqa istiqamətə getdi, Ərdoğan və komandası isə 2001-ci ildə Ədalət və İnkişaf Partiyasını (AKP) qurdu. 
Göründüyü kimi Türkiyədə partiyadaxili savaşlar bəzən partiyanı dağıdır, bəzən isə ölkənin gələcəyini dəyişən yeni siyasi güc yaradır. CHP-də bu gün yaşanan böhranın diqqətlə izlənməsinin əsas səbəbi də məhz budur.
Lakin işin problemli tərəfi budur ki, CHP daxilində köhnə yeniyə qarşı gəlir. Yəni Kılıçdaroğlu nə gəncdir, nə də dəyişiklik vədi verir. Əksinə, K. Kılıçdaroğlu jurnalistlərə açıqlamasında bildirib ki, “hamınıza söz verirəm, CHP-ni təsis prinsiplərinə qaytaracağıq”.
Digər problemli tərəf isə hazırda CHP daxilindəki böhranın ən çox AKP-nin işinə yaramasıdır. Uzun illərdir alternativi olmadığını deyən partiya bu böhranı seçki kampaniyalarında sözün əsl mənasında istifadə edəcək. Yenə də istisna deyil ki, K. Kılıçdaroğlunun tələsik şəkildə partiya rəhbərliyinə gətirilməsi elə Rəcəb Tayyib Ərdoğan və komandasının işidir.
Yuxarıda qeyd etdiyim kimi, Rəcəb Tayyib Ərdoğan vaxtilə bu proseslərdən keçib. Yəni oyunun qaydasını yaxşı bilir. Kamal Kılıçdaroğlunun potensialı və edə biləcəkləri hər kəsə bəllidir. Özgür Özəl isə yeni qan, yeni nəfəsdir. Yəni daha ciddi təhdid sayılır.
Hesab edirəm ki, Özgür Özəl və tərəfdarları partiyanı asanlıqla Kamal Kılıçdaroğluna buraxmayacaq. Yəni mübarizə davam edəcək. Lakin mübarizə nəticəsiz olarsa, CHP-nin parçalanması da istisna deyil. 
Parçalanmış CHP Özgür Özəl üçün də çətin olacaq. Çünki AKP bunu da ustaca şəkildə seçkilərdə istifadə edəcək. Üstəlik, mühafizəkarlığın sürətlə artdığı bir Türkiyədə parçalanmış CHP və partiyanın yarı gücünə sahib Özgür Özəlin nə qədər effektiv olacağı ciddi
 sual altındadır.

Müəllif: Turan Rzayev,

AXS.az

Tarix: Bu gün, 12:40
Xəbəri paylaş



Xəbər lenti