
Ankara Məhkəməsi Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv etdi. Qərara əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, CHP-nin sabiq lideri Kemal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
CHP daxilində Özgür Özel–Kemal Kılıçdaroğlu böhranı əslində yeni deyil. Hər şey 2023-cü ildə keçirilən 38-ci qurultaydan başlayır. Həmin qurultayda illərlə partiyaya rəhbərlik etmiş Kemal Kılıçdaroğlu məğlub oldu və Özgür Özel yeni sədr seçildi. Bu dəyişiklik CHP daxilində güc balansını tam dəyişdi və xüsusilə Əkrəm İmamoğlu xəttinin önə çıxması köhnə rəhbərliyə yaxın çevrələrdə ciddi narazılıq yaratdı.
Hatayın keçmiş bələdiyyə başçısı Lütfü Savaş və bir qrup nümayəndə qurultay zamanı nümayəndələrə təzyiq göstərildiyini, bəzi proseslərin qanuna uyğun aparılmadığını və seçkiyə müdaxilə edildiyini iddia edərək qurultayın ləğvini tələb etdi. Sonradan məsələ təkcə partiyadaxili mübahisə səviyyəsində qalmadı, prokurorluq da prosesə qoşuldu və “seçki saxtalaşdırılması” iddiası ilə cinayət işi açıldı. Ankara Məhkəməsinin verdiyi qərar məhz bu prosesin yekunudur.
Ankara məhkəməsinin qərarı CHP qərargahında sözün əsl mənasında siyasi zəlzələ effekti yaradıb. Çünki partiyanın bir hissəsi bunu hüquqi qərar kimi qəbul etsə də, digər hissəsi açıq siyasi müdaxilə hesab edir. Məsələn, qərarın açıqlanmasından dərhal sonra Özgür Özel partiyanın Mərkəzi İcraiyyə Komitəsini fövqəladə toplantıya çağırıb. Təxminən beş saat davam edən iclasdan sonra verilən mesaj isə aydın idi: CHP rəhbərliyi geri çəkilmək niyyətində deyil və partiya daxilində alternativ rəhbərlik modelini qəbul etmir.
Özgür Özəlin açıqlamalarında ən diqqət çəkən məqam onun “Mən sizə gül bağçasından gücə gedən yol vəd etmirəm. Sizə əzablara dözmək, amma heç vaxt təslim olmamaq qabiliyyəti vəd edirəm” sözləridir. Bu, onun hüquqi mübarizənin siyasi müqavimət mərhələsinə keçdiyini göstərir.
Hazırda bir tərəf Kılıçdaroğlunu hakimiyyətə işləməkdə ittiham edir, digər tərəf isə partiyanın parçalanmaması üçün ortaq mövqe axtarır. Məsələn, Ekrem İmamoğlu “mübarizədə qətiyyətliyik” mesajı ilə Özgür Özel xəttinə açıq dəstək versə də, Mansur Yavaş böhranın uzanmaması üçün yaxın aylarda yeni qurultayın keçirilməsini təklif edib.
Subyektiv yanaşmam isə belədir ki, Kemal Kılıçdaroğlunun müvəqqəti belə olsa yenidən rəhbərliyə qaytarılması CHP daxilindəki parçalanmanı daha da böyüdəcək. Özgür Özel xətti qərarı qəbul etməyərək yeni qurultayla legitimliyi yenidən möhkəmləndirməyə çalışa bilər, Kemal Kılıçdaroğlu tərəfi isə məhkəmə qərarına əsaslanaraq partiya rəhbərliyində qalmaq mövqeyini qorumağa üstünlük verə bilər.
Mövcud vəziyyət heç kəsə sirr deyil ki, hakim AKP partiyasının işinə yarayır. Kılıçdaroğlu hər nə qədər partiyanı bu böhrandan çıxarmaq və “hakimiyyət yürüşünü davam etdirmək” mesajı versə də, geri qayıdışının CHP daxili böhranı dərinləşdirib partiyanı parçalanmaya qədər aparacağını yaxşı bilir. Yəni onun “hakimiyyət yürüşünü davam etdirmək” mesajı əslində AKP-nin iqtidarda qalması yönündə fəaliyyətdən başqa bir şey olmayacaq. Buna görə bir çox CHP-li “Kılıçdaroğlu AKP-nin ümididir” kimi şüarlar səsləndirir.
Ankara Məhkəməsinin qərarının AKP iqtidarının müdaxiləsi ilə verildiyini də düşünürəm. Çünki müxalifətin parçalanması, təbii olaraq, iqtidar üçün daha rahat siyasi mühit yaradır. Kılıçdaroğlu kimi bu günə qədər AKP qarşısında heç bir ciddi uğur qazanmayan, üstəlik partiya daxilində də ciddi etirazlara səbəb olan qərarla geri dönən birinin bundan sonra da xüsusi bir şey etməsi inandırıcı deyil.
Mənə görə önəmlisi AKP bu vəziyyətdən istifadə edərək uzun müddətdir etmək istədiyi konstitusiya dəyişikliyini həyata keçirəcək. Çünki bu addıma etiraz edəcək nə vahid müxalifət, nə də ordu var.
Müəllif: Turan Rzayev,
AXS.az
Tarix: Bu gün, 14:32