Rusiya liderinin Pekin səfərinin görünməyən tərəfəri - TƏHLİL

Rusiya Prezidenti Vladimir Putin Çinə səfər etdi. Özü də ABŞ Prezidenti Donald Trampın Pekinə rəsmi səfərindən dörd gün sonra.
Bu, Vladimir Putinin Çinə sayca 25-ci səfəridir. Ümumilikdə liderlər 40 dəfədən artıq görüşüblər ki, bu da Çin lideri Si Cinpinlə Qərb liderləri arasında görüşlərdən xeyli çoxdur. Çin liderinin Donald Trampın səfəri zamanı ona iqamətgahını gəzdirərək Putinin Çjunnanhay kompleksinə dəvət edilən azsaylı xarici liderlərdən biri olduğunu deməsi də xüsusilə diqqət çəkir. Tramp Cinpinin bu sözlərinə sadəcə “əla” deyə cavab vermişdi. Qeyd edim ki, sözügedən kompleks Çinin Kremli olaraq görülür.
Vladimir Putin bu səfərlə Trampa açıq mesaj verir. Yəni Rusiya-Çin əməkdaşlığı davam edir və bundan sonra da davam edəcək. Təsadüfi deyil ki, səfər ikitərəfli əlaqələr üçün əsas sayılan “Qonşuluq, dostluq və əməkdaşlıq haqqında” müqavilənin 25 illiyinə və XXI əsrdə strateji qarşılıqlı fəaliyyətə yönəlmiş “bərabərhüquqlu etibarlı tərəfdaşlıq” münasibətlərinin inkişafı kursunun elan edilməsinin 30 illiyinə həsr olunub.
Rusiya ilə Çin arasında münasibətlər son illərdə çoxqatlı geosiyasi əməkdaşlıq modelinə çevrilib. Bu modelin mərkəzində Qərb mərkəzli beynəlxalq sistemə alternativ güc mərkəzi formalaşdırmaq ideyası dayanır. Moskva və Pekin enerji, ticarət, hərbi-texniki əməkdaşlıq və regional təhlükəsizlik sahələrində koordinasiyanı artırmaqla qlobal sistemdə ABŞ və müttəfiqlərinin dominant rolunu balanslaşdırmağa çalışırlar.
İkitərəfli münasibətlərin əsas sütunlarından biri enerji əməkdaşlığıdır. Rusiya Avropadan enerji bazarını itirdiyi bir dövrdə Çin onun üçün ən böyük alternativ bazara çevrilib. Eyni zamanda Çin də Rusiya resurslarına çıxış əldə etməklə enerji təhlükəsizliyini gücləndirir. Bu qarşılıqlı asılılıq, münasibətləri daha da sabitləşdirən əsas amillərdən biridir.
Si Cinpin Pekində səfərdə olan Vladimir Putinlə görüşündə Rusiya və Çinin mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin müddətini uzatmaq barədə razılığa gəldiklərini açıqlayıb.
“Prezident Putin və mən Çin Xalq Respublikası ilə Rusiya Federasiyası arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında müqavilənin müddətinin uzadılmasını yekdilliklə təsdiqlədik”, – Si Cinpin bildirib.
Rəsmi hərbi ittifaq olmasa da, tərəflər Şanxay Əməkdaşlıq Təşkilatı və müxtəlif ikitərəfli formatlarda Qərbin təhlükəsizlik arxitekturasına alternativ regional təhlükəsizlik mexanizmləri formalaşdırmağa çalışırlar. Təsadüfi deyil ki, Rusiya prezidenti və Çin lideri çoxqütblü dünyanın qurulması ilə bağlı birgə bəyannamə qəbul ediblər. Putin və Si Cinpin arasında Pekində aparılan danışıqlardan sonra ikitərəfli sənədlərin imzalanma mərasimi baş tutub.
Görüşün ardınca liderlər Rusiya-Çin münasibətlərinin daha da gücləndirilməsi və dərinləşdirilməsi barədə birgə bəyanat qəbul ediblər. Bununla yanaşı, Putin və Si Cinpin daha bir konseptual sənəd – çoxqütblü dünyanın və yeni tipli beynəlxalq münasibətlərin inkişafı haqqında birgə bəyannamə imzalayıblar.
Hesab edirəm ki, Putin – Cinpin xətti qlobal siyasətdə Pekinin yeni bloklaşma meyillərini gücləndirir. Əvvəllər də dediyim kimi Çin yeni blok yaradır. Bu blokun təməlləri iqtisadi investisiyalar və bundan doğan siyasi istəklərdir. Pekin üçün Moskva mühimdir. Belə ki, Çin son illərdə Sibir bölgəsinə milyardlarla dollar investisiya yatırıb. Bundan başqa regionun əsas ucuz işçi qüvvəsi yenə çinlilərdir. Pekin həmçinin Moskvanı Arktikaya çıxış kimi görür.
Rusiya Çindən daha çox aslıdır. Bu, tədricən ehtimal blok daxilində onun üstünlüyünü qəbul edəcək deməkdir. Digər tərəfdən, ABŞ və Qərb qarşısında Rusiyanı qoruya biləcək yeganə ölkə Çindir.

Müəllif: Turan Rzayev,

AXS.az

Tarix: Bu gün, 15:29
Xəbəri paylaş



Xəbər lenti