Azərbaycan-Türkiyə münasibətlərini hədəf alan qüvvələr var - Politoloq

Sosial şəbəkələrin Türkiyə seqmenti yenidən “aktivdir”. Hədəf isə yenə eynidir: Azərbaycan!
Əslində, bu, ilk belə hadisə deyil. Demək olar ki, son dövrlərdə ölkəmizə qarşı Türkiyədə sistemli dezinformasiya və qarayaxma kampaniyaları aparılır. Hətta Azərbaycan İsraildən belə daha çox tənqid olunur. Ya rəsmilərin dedikləri kontekstdən çıxarılır, ya da atılan addımlar məqsədli şəkildə fərqli təqdim edilir.
Məsələn, bir neçə gündür sosial şəbəkələrin Türkiyə seqmentində istifadəçilər və müəyyən qruplar “Azərbaycan İsrailə 12 puan verdi” başlığı ilə paylaşımlar edirlər. Şərhlərdə isə ard-arda təhqir, söyüş və nifrət şüarları səslənir. Hətta iki ölkə qardaşlığının simvolu olan “Bir millət, iki dövlət” şüarına qarşı “Tək ümmət” deyənlər belə var. İşin tragikomik tərəfi isə budur ki, Azərbaycan “Avrovizya-2026” mahnı müsabiqəsinin finalında 12 xalı İsrailə yox, İtaliyaya verib.
İndi isə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “Cümhuriyyət” qəzetinə verdiyi müsahibədə səsləndirdiyi fikirlərə görə bu ölkədə müəyyən qrupların hücumuna məruz qalıb. Səbəb isə səfirin Türkiyə–Ermənistan sərhədinin açılması perspektivinə dair səsləndirdiyi fikirlərdir.
Sitat:
“Biz Türkiyə Xarici İşlər Nazirliyi ilə davamlı şəkildə əlaqə saxlayırıq. Ermənistan–Türkiyə münasibətlərinin normallaşması ilə Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması paralel şəkildə aparılır. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı torpaq iddiası var. 7 iyul seçkilərindən sonra konstitusiyanın dəyişdirilməsi üçün referendum keçiriləcək. Torpaq iddiası aradan qalxdıqdan sonra ABŞ-da paraflanan Azərbaycan–Ermənistan sülh sazişi imzalanacaq. Bunun ardınca isə Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan sərhədləri açılacaq.”
Rəşad Məmmədovun dediklərində qeyri-adi heç nə yoxdur. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə bu fikirləri ya birgə bəyanatlarda, ya da ayrı-ayrılıqda çıxışlarında səsləndiriblər. Hazırda Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə Ermənistan–Azərbaycan sülh danışıqları paralel şəkildə davam edir. İki ölkənin rəsmiləri mütəmadi görüşür, telefon danışıqları aparılır və ortaq yol xəritəsi üzrə hərəkət edilir. Buna rəğmən Azərbaycana qarşı Türkiyədə qaralama kampaniyasının ardı arası kəsilmir.
Diqqət çəkən məqam budur ki, sözügedən kampaniya mərkəzləşdirilmiş şəkildə idarə olunan, operativliyi ilə seçilən bir xətt üzrə inkişaf edir. Hadisələr, deyilən fikirlər və atılan addımlar ustalıqla təhrif edilərək kontekstdən çıxarılır və Türkiyə cəmiyyəti manipulyasiya edilir. Təəssüf ki, qardaş ölkənin xalqı bir çox hallarda bu manipulyasiyaya gedir.
Türkiyədə uzun müddətdir ciddi sosial qütbləşmə prosesi müşahidə olunur. Özü də qütbləşmə cəmiyyətin bütün sahələrinə xroniki şəkildə yayılıb. İnsanların alternativ fikrə və fərqli düşüncəyə dözümlülüyü zəifləyib. Türkiyə cəmiyyəti ciddi şəkildə kənar manipulyasiyalara açıq vəziyyətdədir və bu proses davamlı xarakter alıb.
Açıq şəkildə Türkiyə–Azərbaycan münasibətlərinin korlanmasını istəyən qüvvələr mövcuddur. Bu, ya İsrail–Azərbaycan münasibətləri üzərindən, ya dini motivlərlə, ya Şimali Kipr məsələsi vasitəsilə, ya da digər həssas mövzular üzərindən həyata keçirilir.
Xüsusilə bu prosesdə din amili mühüm rol oynayır. Türkiyədə “siyasi İslamın” yüksəlişi, bu ideologiyaya bağlı müxtəlif camaat və təriqət strukturlarının nüfuz qazanması, insanların din adı altında bu təsisatlara yönləndirilməsi cəmiyyətdə sosial təsirləri daha da gücləndirib. Məsələn, Türkiyədə Nəqşibəndi təriqəti ölkə daxilində ən geniş yayılmış, ən çox qol və camaata sahib olan sufi ənənələrdən biri kimi qəbul edilir. Bu strukturun müxtəlif qolları həm dini, həm də sosial-siyasi təsir baxımından cəmiyyətin bir çox qatlarında mövcuddur. Nəqşibəndi xəttinə bağlı və Türkiyədə fərqli bölgələrdə fəaliyyət göstərən əsas camaatlar arasında Menzil (Gavsçılar – Səmərqənd çevrəsi), İskəndərpaşa camaatı (müxtəlif siyasi fiqurlarla əlaqələndirilən çevrə), İsmayılağa camaatı (Cübbəli Ahmet Hoca ilə tanınan xətt), Süleymancılar, Həznevilər (Şeyx İzzəddin xətti), Yahyalı camaatı (Kayseri mərkəzli çevrə), Erenköy camaatı, Tufancılar, Kıbrısilər (Şeyx Nazım Kıbrısi ilə tanınan xətt), Zilan camaatı, Reyhanilər, Hacegan camaatı, Arvasilər, Akfırat camaatı, Halidiye xətti, Şeyx Muhammed Nayır Erzincani çevrəsi və Bilvanis qrupu kimi müxtəlif strukturlar var.
Bu məqamı ona görə qeyd edirəm ki, vaxtilə Osmanlı imperiyasını süquta aparan və cəmiyyəti inkişafdan saxlayan zehniyyətin əsas elementlərindən biri də məhz bu idi. Ən pisi isə odur ki, xarici kəşfiyyat orqanlarının tarixən ən çox istifadə etdiyi üsullardan biri dini kimliklərə bürünmək olub. Çünki təkkələr, dərgahlar və şeyxlər təkcə dini institut deyil, eyni zamanda xalqın güvəndiyi, dövlətin belə tam nəzarət edə bilmədiyi güclü sosial təsir mərkəzləridir.
Bu məsələdə ən məşhur fiqurlardan biri “Reşid Efendi” adı ilə tanınan Armin Vamberidir. O, İstanbulda özünü müsəlman şərqşünas və dərviş kimi təqdim edirdi. Hətta bir çox Osmanlı məmuru onun həqiqi kimliyindən xəbərsiz idi. Dərviş paltarı geyinir, sufi çevrələrdə iştirak edir, Osmanlı türkcəsini yerli kimi danışırdı. Bu görüntü sayəsində həm saraya yaxınlaşmış, həm də Türküstan daxil olmaqla geniş coğrafiyada sərbəst hərəkət etmişdi. Sonradan onun Britaniya üçün məlumat topladığı ortaya çıxdı. Ən diqqətçəkən məqam isə odur ki, Reşid Efendi hətta heç kimə güvənməyən Sultan II Əbdülhəmidin belə etimadını qazana bilmişdi.
Bu gün Türkiyədə Armin Vamberi kimi fəaliyyət göstərən şəxslər çoxdur. Onsuz da Türkiyə çox da uzaq olmayan bir tarixdə xarici ölkədən idarə edilən Fetullah Gülən kimi bir terroçu və onun şəbəkəsini görüb.
Məqsəd isə yalnız iki ölkə münasibətlərini zədələmək deyil, eyni zamanda Türkiyəni tədricən təcrid olunmuş bir ölkəyə çevirməkdir. Prosesi koordinasya edən, təlimatı verən və ən önəmlisi davamlı hal almasını istəyən qüvvələr isə həm erməni diasporu, həm də bitdiyi düşünülən, lakin əslində Türkiyənin damarlarına sızmış PKK strukturlarıdır. Prinsipcə, bu iki ünsür onsuz da Türkiyə xaricində Ankara əleyhinə ortaq hərkət edirlər.
Türkiyə üçün qurulan oyun çox böyükdür. Bu oyunu tərtib edənlər də, məqsədinə çatması üçün canla başla çalışanlar da bəllidir. Bəlli olan bir məqam da odur ki, “Bir millət, iki dövlət” amalını sıradan çıxara bilməyəcəklər!

Müəllif: Turan Rzayev,

AXS.az

Tarix: Dünən, 17:15
Xəbəri paylaş



Xəbər lenti