
Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının yaradılma qərarı İstanbulda keçirilən 5-ci Konfransda qəbul olunub. 50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan 130-a yaxın nümayəndənin iştirak etdiyi konfransda həmçinin İstanbul Bəyannaməsi qəbul edilib.
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından (BMT) sonra dünyanın ikinci ən böyük təşkilatıdır. Azərbaycanın hərəkata liderlik müddəti təşkilat tarixinin ən məhsuldar dövrü hesab edilir. Xüsusi ilə COVID-19 zamanı təşkilat daxilində həmrəylik çağırışları, videokonfrans formatında zirvələrin təşkili və Prezident İlham Əliyevin vaksinlərə bərabər çıxış mövzusunu qaldırılması Bakının təşəbbüsləri arasında idi.
Bu gün onlarla ölkəni bir araya gətirən bu təşkilatın parlament qolunun daimi qərargahının Bakıda yaradılması, ölkəmizə verilən diqqətin və təşkilat üçün gördüyü işlərin real nəticəsidir.
Parlament diplomatiyası klassik dövlət başçıları səviyyəsində aparılan danışıqlardan fərqli olaraq, daha elastik və çoxkanallı olur. Burada müxtəlif ölkələrin deputatları arasında davamlı əlaqələr qurulur, qeyri-rəsmi təsir imkanları formalaşır. Qərargahın Bakıda olması isə o deməkdir ki, əlaqələrin əhəmiyyətli hissəsi məhz burada qurulacaq, tədbirlər, müzakirələr və təşəbbüslər Azərbaycan üzərindən keçəcək.
Digər tərəfdən, bu proses Azərbaycana öz mövqelərini daha geniş auditoriyaya çatdırmaq imkanı verir. Xüsusilə inkişaf etməkdə olan ölkələr arasında siyasi koordinasiya baxımından Azərbaycan artıq sadəcə iştirakçı yox, müəyyən mənada platforma təmin edən tərəf roluna keçir. Bu isə gündəmin formalaşdırılmasına dolayı təsir deməkdir.
Müəllif: Turan Rzayev ,
AXS.az