“Qərb istədiyi nəticəni əldə edib və Rusiya zəifləyib- kim nə deyir-desin...”- Keçmiş xarici işlər naziri


“Əslində, Çinlə qarşıdurmaya gedən Qərb Rusiya və İranı neytrallaşdırıb. 
Bu da, belə deyək, dünya üçün ən böyük nəticədir. Gələcəkdə, təbii ki, 
Qərbin Çinlə daha açıq qarşıdurması olacaqdır.  Amma indiki mərhələdə...”
 
“Əvvəla, Ukraynanın taleyi ilə bağlı əsas problem odur ki, Rusiya indiki vəziyyəti 
dondurmaq istəmir, əksinə, istəyir ki, Ukrayna bu və ya digər şəkildə öz üzərinə 
hansısa siyasi öhdəliklər götürsün, bəzi siyasi dəyişikliklərə getsin. Yəni, sadəcə 
atəşkəsi yox, hətta bəzi hallarda, Ukrayna konstitusiyasına zidd olan siyasi 
öhdəlikləri də qəbul etsin. Bu da onu göstərir ki, əslində, Rusiya atəşkəsə nail 
olmaq üçün o qədər də tələsmir. Üstəlik, Qərb ölkələrinin, xüsusən də ABŞ-ın, 
Ukraynanı tam şəkildə dəstəkləmək niyyətində olmamaları da ona ümid verir. 
Və bu vəziyyətdə istəyirlər ki,  Rusiya ilə gələcəkdəki hansısa razılaşma tam 
şəkildə Ukraynanın hesabına olsun”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Amerika lideri Donald Trampla 
işğalçı Rusiya diktatoru Vladimir Putinin Alyaska sammitindən və Zelenski-Tramp 
görüşlərindən sonra dünyada yaranmış yeni geo-siyasi durumu necə xarakterizə 
edərdiniz?” sualını cavablandırarkən sabiq baş diplomat Tofiq Zülfüqarov ifadə edib.
 
“Digər tərəfdən, bəllidir ki, bu və ya digər şərtlər nisbi əhəmiyyət kəsb edir. 
Çünki istər-istəməz Rusiyanın bu və ya digər situasiyanı qələbə kimi qələmə 
verməsi imkanı olmayacaq. Ona görə ki, Moskva üç il öncə bəyan edilmiş  
hədəflərinə nail olmayıb və müharibəni başa çatdıraraq özünü qalib göstərmək 
istər Putin, istərsə də elita üçün mümkün olmayacaq.  Və burada Kremldən ötrü 
əsas təhlükə ondan ibarətdir ki, belə bir situasiya yaranacağı təqdirdə Rusiyanı 
ağır böhranlı bir dövr gözləyir. O səbəbdən ki, bu müharibə ölkəyə, xalqa və 
dövlətə ağır itkilər gətirib: həm insan, həm iqtisadi, həm maliyyə, həm də imic 
itkiləri baxımından. Bu da ona gətirib çıxaracaq ki, Putinin hakimiyyəti təhlükə 
altına girəcək və onun davamı sual altında qalacaq. Çünki yalnız ictimaiyyətin, 
xalqın narazılığı deyil, eyni zamanda Kreml ətrafındakı elitaların da narazılığı 
baş qaldıra bilər. Ona görə ki, ABŞ-ın, Avropanın sanksiyaları qüvvədə qalacaq, 
imic itkiləri davam edəcək”,
 -deyə davamında həmsöhbətimiz bildirib.  
 
“Və hamıya bəllidir ki, əgər Rusiya gələcəkdə öz siyasətində ciddi dönüş aparmasa,
 belə bir böhranlı gələcək qaçılmaz olacaqdır. Yəni  bu saat  Moskvada ən çox 
ehtiyat edilən məsələ də məhz budur. Şəxsən mən hesab edirəm ki, Qərb istədiyi 
nəticəni əldə edib və Rusiya zəifləyib. Kim nə deyir-desin... Çünki öncə dediyimz 
kimi, ölkə iqtisadi baxımdan çox ciddi böhrandadır. Elə texnoloji baxımdan da biz
 görürük ki, Rusiyanın inkişaf üçün əsasları olmayacaq.. Yəni, problemlər çoxdur 
və göz qabağındadır. Bununla yanaşı, əslində, Çinlə qarşıdurmaya gedən Qərb 
Rusiya və İranı neytrallaşdırıb. Bu da, belə deyək, dünya üçün ən böyük nəticədir. 
Gələcəkdə, təbii ki, Qərbin Çinlə daha açıq qarşıdurması olacaqdır.  Amma indiki 
mərhələdə hazırlıq görən Qərb, qeyd etdiyim kimi, Rusiya və İranı demək olar ki, 
neytrallaşdırıb”, -deyə keçmiş xarici işlər naziri vurğulayıb.
 
Sultan Laçın
 
Tarix: 25-08-2025, 22:34
Xəbəri paylaş



Xəbər lenti