"Tramp Marşrutu”, Çinin sükutu və... - TƏHLİL

ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda baş tutan Ermənistan–Azərbaycan danışıqları Ağ Evin Cənubi Qafqaz siyasətində rol oynaması üçün real imkanlar yaratdı. Xüsusilə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) marşrutunun (Zəngəzur dəhlizi) açılması və 99 il müddətinə ABŞ-ın nəzarətinə verilməsi Vaşinqton prizmasından ciddi uğur sayılır.

Sirr deyil ki, ABŞ üçün bu dəhliz həm də Çinin “Bir Kəmər, Bir Yol” layihəsinin Qafqaz ayağını balanslaşdırmaq baxımdan əhəmiyyətlidir. O zaman maraqlı bir sual yaranır: ABŞ aktiv şəkildə regiona daxil olarkən, əsas rəqibi Çin niyə səssizliyini qoruyur?

Çinin sükutunun səbəbi…

Çinin səssizliyinin müxtəlif izahı ola bilər. Lakin ilk qeyd edilməli məqam Pekinin bu kimi situasiyalarda sərgilədiyi mövqedir. Müşahidələrimdən gəldiyim qənaət budur ki, Çin adətən, strateji maraqlarına toxunan məsələlərdə açıq reaksiya verməkdə tələsmir. Xüsusən də üçüncü tərəflərin təşəbbüsləri qarşısında daha çox “gözləmə və qiymətləndirmə” mövqeyi tutur. Müqayisə üçün deyim ki, Rusiya və İran bunun tam tərsini edir.

Mövcud situasiyada Çinin səssizliyinə dair ilk və ən ağlabatan versiya alternativ marşrutların mövcudluğudur. Xüsusilə bu məqam Pekinə strateji elastiklik verir. Daha dəqiq desək, Gürcüstan və İran marşrutları Çinin nəzərindən çıxmayıb. Əksinə, son illərdə Pekin həm İrana, həm də Gürcüstana böyük miqdarda investisiya yatırıb. Digər tərəfdən, Azərbaycan özü də hər iki marşrutun davamlılığı, hətta gələcəkdə daha da inkişafında maraqlıdır. Bu baxımdan Çin Zəngəzur dəhlizinə qarşı açıq reaksiya vermədən, sakit şəkildə alternativ və ya paralel layihələrin üzərində işləyə bilər.

Gizli razılaşma

Lakin bir də məsələnin daha fərqli, subyektiv versiyama dayanan tərəfi var. Hesab edirəm, Azərbaycanla Çin arasında daha mühüm bir razılaşma var. Söhbət icrası illərdir siyasi, iqtisadi və texnoloji səbəblərdən reallaşmayan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu layihəsindən gedir. Transxəzər layihəsi, ya da dəhlizi həm Çin, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir.

Prezident İlham Əliyevin Çinə son səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı iki ölkə arasında bir çox saziş, o cümlədən strateji tərəfdaşlıq haqqında sənəd imzalandı. Bu sənəddə Transxəzər marşrutu ilə bağlı gizli razılaşmalar da ola bilər.

İcrası riskli layihə…

Qeyd etdiyim kimi, uzun müddət Xəzərin statusu məsələsində fikir ayrılıqları daha qabarıq olsa da, son illərdə mübahisəli hüquqi status məsələləri artıq müəyyən qədər həllini tapıb. Məhz buna görə bu qənaətdəyəm ki, Çin üçün hüquqi manevr imkanları hazırda yaranıb.

Təbii ki, işin texniki tərəfləri var. Xəzərin dibindən optik internet kabeli artıq bəzi ölkələr arasında çəkilib. Dəmir yolu tuneli və ya sualtı qaz kəməri layihəsi də texniki baxımdan mümkündür. Düzdür, icrası kifayət qədər bahalı və risklidir, amma Çinin maliyyə və texnoloji resursları belə bir layihəni reallaşdırmaq üçün yetərlidir.

Nəzərə almaq lazımdır ki, 99 il kifayət qədər uzun bir müddətdir və Çin daha tez vaxta Transxəzər layihəsini həyata keçirib, nəzarət sahibi ola bilər. Bu zaman isə hazırda ABŞ-ın “Tramp marşrutu” fonunda etdiyini Çin edə bilər.

Azərbaycanın rolu artacaq

Çinin Rusiya ilə münasibətlərdə səmimi olduğunu düşünmürəm. Bu məsələdə balanslı görünməyə çalışan Pekin, eyni zamanda alternativ marşrutların olmasını istəyir. “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Rusiya üzərindən keçən Şimal marşrutuna alternativ olaraq Transxəzər-Orta Dəhliz (Çin–Qazaxıstan/Türkmənistan–Xəzər–Azərbaycan–Gürcüstan–Avropa) marşrutu Çinin strateji ehtiyat planıdır. Əslində, Rusiya-Ukrayna müharibəsi bu marşrutun əhəmiyyətini bir daha göstərdi.

Azərbaycan üçün isə belə bir razılaşma həm geosiyasi statusunu gücləndirir, həm də ölkəni regionun enerji və informasiya tranziti baxımından mərkəzə çevirir. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşir. Əgər Transxəzər marşrutu reallaşarsa, bu, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi və digər infrastruktur xətləri ilə inteqrasiya olunaraq Azərbaycanın qlobal logistika şəbəkəsində rolunu artırar.

Azərbaycan yeni titul qazanacaq

Burada Azərbaycanın da nə etmək istədiyini anlamaq lazımdır. Aydın məsələdir ki, Bakı nə Qərbdən, nə Rusiyadan, nə ABŞ-dan, nə də Çindən asılı olmaq istəyir. Əksinə, bu güclərin maraqlarını ölkənin tranzit üstünlükləri üzərində balanslaşdırmağa çalışır. Zəngəzur dəhlizinin açılması da bu strategiyanın bir hissəsidir. Başqa cür desək, Ermənistanla normallaşma, Türkiyə ilə əlaqələrin dərinləşməsi, İranla ehtiyatlı əməkdaşlıq və Çinə yeni marşrutlar təqdim etməklə Azərbaycan özünü regionun geosiyasi “dəhliz lideri” kimi formalaşdıra bilər.

Hər halda Transxəzər layihəsi hazırda yalnız ideya və diplomatik hazırlıq mərhələsində ola bilər, lakin əgər Çin qərar verərsə, bu layihənin reallaşması üçün texniki və maliyyə resursları təmin edilə bilər. Onu da deyim ki, bu cür strateji layihələr qısamüddətli nəticələrə hesablanmır.

Azərbaycanın diplomatik çevikliyi, geosiyasi mövqeyi və enerji-logistika potensialı bu layihənin mərkəzi halqasına çevrilməsinə imkan verir. Çinin səssizliyi isə, bəlkə də, bu razılaşmanın artıq masada olduğunu, lakin açıqlanmadığını göstərir. Yəni bu səssizlik “susqun razılıq” ola bilər.

Müəllif: Politoloq Turan Rzayev,

Neqativ.com

Tarix: Bu gün, 17:13
Xəbəri paylaş



Xəbər lenti