İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib


 Tərtər Rayon İcra Hakimiyyətində keçirilən Şura iclasında Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmədov, YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədov, şura üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

 

Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 3 məsələ durur: 1. 2025-ci ilin 6 ayı ərzində rayonda görülmüş işlərin vəziyyəti haqqında. 2. Rayon İcra hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ərazisində məişət tullantılarının yığılması və daşınması, abadlaşdırma, yaşıllaşdırma, təmizlik işlərinin yerinə yetirilməsinin vəziyyəti haqqında. 3. Rayonda pambıq, çuğundur və digər kənd təsərrüfatı məhsullarının yığılmasına hazırlığın vəziyyəti haqqında. 

 

Sonra rayon rəhbəri  çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq bu gün ölkəmizdə sabitlik  və dayanıqlı inkişaf təmin edilir, müsbət sosial-iqtisadi göstəricilər əldə olunur. Mövcud olduğu regionun lideri, sarsılmaz daxili sabitlik, iqtisadi inkişaf dinamikası, qlobal enerji təhlükəsizliyinin təminatında artan rol, geosiyasi mövqeyinə görə beynəlxalq sferada getdikcə daha çox diqqət mərkəzinə çevrilən ölkə olması bu gün Azərbaycanı xarakterizə edən əsas cəhətlərdəndir.

 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Tərtər rayonunda da ictimai-siyasi sabitlik daha da möhkəmlənib, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlər görülüb, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin açılması, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla yerinə yetirilib.

 

Belə ki, 2025-ci ilin birinci yarısında rayonumuzda tikinti-quraşdırma və abadlıq-quruculuq işləri davam etdirilmişdir. Küçələr memarlıq tələblərinə uyğun olaraq yenidən qurulur.

 

Tərtər şəhərinin Murad Mirzəyev, Aslan Hüseynov, Aysənan Abbasov, Məftun Əhmədzadə, Elnur İbrahimov, Emin Abbaszadə, Rəşad Vəlizadə, Kənan Ağayev və Cavid Səfərov küçələrində istinad divarlarının hörülüb hündürləşdirilməsi, divarların aqlay və bəzək daşları ilə üzlənməsi işləri tamamlanmışdır. Küçələrdə olan kommunikasiya xətləri qaydaya salınmışdır.

 

Cavanşir küçəsində köhnə bardyorlar yeniləri ilə əvəzlənmiş, səkilərə asfalt örtüyünün salınması üçün hazırlıq işləri aparılır.   

 

Bununla yanaşı şəhərin Aysənan Abbasov, Məftun Əhmədzadə, Elnur İbrahimov, Emin Abbaszadə, Rəşad Vəlizadə, Kənan Ağayev, Azər Şəmilov  və Ruslan Lalayev küçələrində müasir işıq dirəkləri quraşdırılmışdır.

 

Tərtər şəhərinin Nizami Gəncəvi, Qafur Məmmədov, Vasif Hüseynov, Ədalət Paşayev, Mehdi Hüseynzadə, Vüqar Həsənov, Elman Səfərov, Nəriman Nərimanov küçələrində və Heydər Əliyev Prospektində yerləşən 18 ədəd 2 mərtəbəli, 6 ədəd 5 mərtəbəli və 1 ədəd 6 mərtəbəli yaşayış binalarının giriş hissələrində təmir işləri aparılmışdır. 

 

2025-ci ilin 6 ayı ərzində rayonda respublika və yerli əhəmiyyətli avtomobil yollarında 624,5 min manatlıq carı təmir və saxlanma işləri görülmüşdür. 

            

2025-ci ilin 6 ayı ərzində 147 milyon 652,5 min manat həcmində və ya 2024-cü ilin müvafiq dövrünə nisbətən 11,5 faiz az ümumi məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir.

 

Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlər 6,1 faiz artaraq 7 milyon 637,7 min manat, ictimai iaşə xidmətləri 2,3 faiz artaraq 678,7 min manat,  nəqliyyat xidmətlərinin həcmi 6,7 faiz artaraq 473,5 min manat, kənd təsərrüfatı istehsalı 4,9 faiz artaraq 13 milyon 775,4 min manat olmuşdur. Nəqliyyat sektorunda yük daşınması 7,0 faiz artaraq 123,0 min ton yük, sərnişin daşınması 4,3 faiz artaraq 2054,0 min sərnişin təşkil etmişdir.

 

Rayonda bütün maliyyə mənbələri hesabına əsas kapitala yönəldilmiş investisiyaların həcmi 11 milyon 603,3 min manat təşkil etmişdir ki, onun 11 milyon 158,2 min manatı və ya 96,2 faizi tikinti-quraşdırma işlərinə yönəlmişdir. Ümumi sərmayənin 11 milyon 61,7 min manatı və ya 95,3 faizi dövlət, 541,6 min manatı və ya 4,7 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulmuşdur. 

Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 229 yeni iş yeri açılmışdır. Yeni açılmış iş yerlərindən 15-i və ya 6,6 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 127-si və ya 55,5 faizi mövcud müəssisə və təşkilatlarda, 1-i və ya 0,4 faizi fəaliyyəti bərpa edilmiş müəssisə və təşkilatlarda, 86-sı və ya 37,5 faizi isə müxtəlif beynəlxalq və yerli layihələr, abadlıq işləri və s. üzrə yaradılmışdır. Bundan başqa yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 337 olmuşdur.

 

Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması diqqət mərkəzində olmuşdur. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da aqrar sektorun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülmüşdür. 

 

2025-ci ilin birinci yarısında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 70 milyon 570,7 min manat təşkil etmişdir ki, onun 37 milyon 539,8 min manatı bitkiçilik məhsullarının, 33 milyon 30,9 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 8,7 faiz artmışdır. 

 

Cari ilin iyun ayının sonuna kimi 7514,2 hektar sahədə yazlıq bitkilər səpilmişdir. Bu dövrdə 50,7 hektar dənlilər və dənli paxlalı bitkilər (qarğıdalısız), 236,0 hektar dən üçün qarğıdalı, 350,0 hektar kartof, 988,0 hektar tərəvəz, 5,0 hektar bostan bitkiləri, 2668,3 hektar pambıq, 1767,0 hektar dən üçün günəbaxan, 38,2 hektar şəkər çuğunduru və 1411,0 hektar sahədə çoxillik otlar əkilmişdir. 

 

Rayonda əsas bitkiçilik məhsullarının yığımı davam edir və 2025-ci il iyul ayının 1-nə kimi tarlalardan 2354,4 ton kartof, 5961,1 ton tərəvəz, 7666,5 ton meyvə və giləmeyvə yığılmışdır. İyulun 1-i vəziyyətinə qarğıdalı da daxil olmaqla 22800,2 ton payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilər yığılmışdır ki, bunun da 8393,4 tonu buğda, 14406,8 tonu arpadır. 

 

2025-ci ildə 2866,6 hektar sahədə buğda əkilmiş, hər hektardan 40,0 sentner olmaqla, ümumilikdə 11469,9 ton buğda biçilmişdir. Məhsuldarlıq 8,7 sentner artmışdır. 

 

2025-ci ildə 3715,2 hektar sahədə arpa əkilmiş, hər hektardan 39,4 sentner olmaqla, ümumilikdə 14649,5 ton arpa biçilmişdir. Məhsuldarlıq 9,9 sentner artmışdır. 

 

2025-ci ildə rayonun kümçüləri 280 qutu barama saxlamış və 6,5 ton barama tədarük etmişlər. Hər qutudan orta hesabla 23,4 kiloqram barama istehsal olunmuşdur.

 

2025-ci ilin birinci yarısında heyvandarlıq bölməsində diri çəkidə 2216,7 ton ət, 15934,3 ton süd, 7020,0 min ədəd yumurta istehsal edilmişdir. 2024-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,6 faiz, süd istehsalı 4,3 faiz, yumurta istehsalı 2,9 faiz artmışdır. 

 

2025-ci ilin birinci yarısında rayon icra hakimiyyətində vətəndaşların ərizə və müraciətlərinə “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun  baxılması təmin edilib. 2025-ci ildə rayon icra hakimiyyətinə daxil olmuş 371 müraciətin 85-i və ya 22,9 faizi müsbət həll olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə həll olunan müraciətlər 10,1 faiz artmışdır. 

 

2025-ci ilin 6 ayı ərzində rayon icra hakimiyyəti başçısının yerlərdə 24 səyyar qəbul görüşü keçirilib. Müraciətlər əsasən işlə təmin olunma, elektrik, qaz və su təhcizatı, yolların təmiri, suvarma arxlarının təmizlənməsi, torpaq və digər məsələlər barədə olmuşdur. Bu görüşlərdə 1587 vətəndaş iştirak etmiş, 78 nəfər vətəndaşın 83 məsələ ilə bağlı müraciətinə baxılmışdır. Müraciətlərdən 43-ü həll olunmuş, 13 müraciət rayon İcra hakimiyyətinin səlahiyyətinə aid olmadığı üçün aidiyyəti rəhbər orqanlara müraciətlər olunmuşdur.

 

Azərbaycan Respublikasının Möhtərəm Prezidenti cənab İlham Əliyevin Sərəncamlarına, fərmanlarına, tapşırıq və tövsiyələrinə uğun olaraq sahibkarlığın inkişafına daim diqqət göstərilir. Hesabat dövründə icra hakimiyyətində sahibkarlarla görüşlər keçirilmiş, onları narahat edən problemlər öyrənilmiş, fəaliyyətlərinin genişləndirilməsi məqsədi ilə iş adamlarına lazımi köməklik göstəriləcəyi bildirilmişdir. 

 

Hesabat məruzəsində əhalinin işlə təmin olunmasından, xidmət təşkilatlarının fəaliyyətindən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan və digər məsələlər barədə də söhbət açılıb.

 

Müzakirə olunan məsələlər barədə Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov, RİHB aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev,  RİHB aparatında Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Şakir Qasımov, Tərtər Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Babayev, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Qarabağ Regional Maliyyə İdarəsinin baş məsləhətçisi Amil Mustafayev, “Aztelekom” MMC-nin Mərkəzi Aran Regional Filialı Tərtər şöbəsinin əməkdaşı Adil Hüseynov, Mərkəzi Aran Regional Enerji Təchizatı və Satışı İdarəsi Tərtər Elektrik Şəbəkəsinin rəisi Vilayət Qafarov, Tərtər Regional Qaz İstismar İdarəsinin Tərtər Xidmət Sahəsi üzrə rəis müavini Bilal Musayev, Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalov çıxış ediblər. 

 

Yığıncaqda müzakirə olunan məsələlər barədə müvafiq qərar qəbul edilib.

 

Tarix: 6-08-2025, 09:20
Xəbəri paylaş



Xəbər lenti