
Bu gün Azərbaycan, Türkiyə üzərindən “swap” mexanizmi vasitəsilə Suriyaya təbii qaz ixracına başlayacaq. Bu münasibətilə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçiriləcək. Yeni ixrac marşrutu Azərbaycan ilə Suriya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Yaxın Şərq regionundakı fəaliyyətinin intensivləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İlk öncə onu qeyd edim ki, 2023-cü ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatik Forumunda iştirak etmişdi. Forum çərçivəsində Prezident İlham Əliyev Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşərək, iki ölkə arasında mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmışdı. Prezident Əliyev həmin görüşdə Azərbaycanın Suriyanın sabitliyinin bərpasında iştirak etməyə hazır olduğunu bildirmişdi. Bu, Azərbaycanın enerji siyasətində Suriyanın da yer ala biləcəyinə işarə idi.
Tezliklə Suriya hökuməti ölkənin şimal-qərbində yerləşən neft və qaz yataqlarının işlənməsi üçün Azərbaycandan rəsmi yardım istədi. Ardınca “SOCAR Türkiyə”nin baş direktoru Elçin İbadov şirkətin Suriyada enerji sektorunda fəaliyyət göstərməyə hazır olduğunu bəyan etdi. O vurğuladı ki, əgər Azərbaycan və Türkiyənin ortaq maraqlarına uyğun əməkdaşlıq imkanları yaranarsa, SOCAR bu məsuliyyəti üzərinə götürməyə hazırdır.
Azərbaycan Suriyanın enerji ehtiyatlarında pay sahibi olmaqla yanaşı, həmin ehtiyatların Avropa bazarına çıxarılmasında da əsas rol oynaya bilər. Rəsmi Bakı son illərdə Avropanın enerji təhlükəsizliyində mühüm oyunçuya çevrilib. Azərbaycanın Avropaya nəql etdiyi təbii qazın həcmi davamlı şəkildə artır, lakin bu, hələ potensialın tam istifadəsi deyil. Bakı qaz həcmini artırmaq üçün yeni tərəfdaşlıq imkanlarını araşdırır. Bu baxımdan İraq – xüsusilə İraq Kürdüstanı ilə danışıqlar gündəmdədir. Suriyanın Türkiyə ilə quru sərhədi isə TANAP və TAP layihələri ilə inteqrasiya baxımından əlavə fürsətlər yaradır. Beləliklə, Bak-Dəməşq əməkdaşlığı Azərbaycanın Avropa bazarında mövqeyini gücləndirə bilər.
Suriyanın perspektivindən yanaşdıqda isə bu əməkdaşlığın ölkəyə əhəmiyyətli maliyyə vəsaiti axını təmin etməsi mümkündür. Əhməd Əl Şaraanın rəhbərlik etdiyi yeni hökumət ölkədə sabitliyin təmin olunması istiqamətində ciddi addımlar atır. Lakin uzun illər davam edən sanksiyalar və siyasi izolyasiya Suriyanın iqtisadiyyatına ciddi zərbə vurub. Bu gün sabitliyin əsas şərti məhz iqtisadi inkişafdır. Bakı-Dəməşq əməkdaşlığı bu istiqamətdə real töhfə verə bilər.
Hazırda Azərbaycan 12 ölkəyə, əsasən də Avropa dövlətlərinə qaz ixrac edir. Yaxın Şərqə yönəlmiş ixrac xətti isə ölkənin enerji strategiyasında yeni bir mərhələdir. Eyni zamanda, Suriya gələcəkdə yalnız idxalçı deyil, həm də tranzit ölkə qismində çıxış edə bilər.
Azərbaycan ilə əməkdaşlıq sərt şərtlərlə deyil, qarşılıqlı fayda prinsipinə əsaslanır. Bakı tərəfdaşları ilə asılılıq yaratmayan, əksinə, onların inkişafına dəstək verən siyasət yürüdür. SOCAR-ın təcrübəsi və peşəkar resursları vasitəsilə Suriya bu sahədə özünü inkişaf etdirə, daxili enerji tələbatını ödəyəcək səviyyəyə çata bilər.
Bakının Dəməşqlə əməkdaşlığı bu ölkənin beynəlxalq aləmdəki imicinə də müsbət təsir edə bilər. Bu cür əməkdaşlıqlar Suriyanın artıq əvvəlki kimi riskli və xaotik bölgə olmadığını, əksinə, xarici investisiyalar üçün daha əlverişli mühitə çevrildiyini göstərir. Əhməd Əl Şaraanın Suriya Milli Ordusunun II korpusunun türkmən mənşəli komandanı Fehim İsanı müdafiə nazirinin müavini və şimal regionları üzrə komandan təyin etməsi də bu kontekstdə diqqətəlayiq addımdır. Qeyd olunan təyinat SOCAR-ın Suriyada təhlükəsiz fəaliyyətinə zəmanət verir və ölkədaxili siyasi balansın qorunduğunu nümayiş etdirir.
Qeyd etdiyim kimi Prezident İlham Əliyev Antalya Diplomatik Forumunda Əhməd Əl Şaraanı Azərbaycana dəvət etmişdi. Bu dəvət qəbul olundu və Prezident Əl Şaraanın 12 iyul tarixində Bakıya işgüzar səfəri baş tutdu. Səfər çərçivəsində iki ölkə lideri həm geniş tərkibdə, həm də təkbətək formatda görüşlər keçirdilər. Görüşlərdə əsas müzakirə mövzularından biri enerji sektorundakı əməkdaşlıq idi. Əl Şaraanın səfəri çərçivəsində SOCAR ilə Suriya Ərəb Respublikası hökuməti arasında Anlaşma Memorandumu imzalandı. Bu sənəd Suriyanın enerji sektorunun bərpası prosesində Azərbaycanın iştirakını rəsmiləşdirdi.
Bundan başqa Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələri Suriyada səfərdə oldu, ölkənin iqtisadi dirçəlişinə Azərbaycanın göstərə biləcəyi dəstək imkanları müzakirə etdi.
Bakı bu əməkdaşlığa yalnız iqtisadi deyil, həm də strateji kontekstdə yanaşır. Suriyanın enerji infrastrukturu regionda sabitlik və iqtisadi inteqrasiya üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycan bu prosesdə aparıcı oyunçuya çevrilməkdədir.
Bütün bu reallıqlar fonunda artıq aydındır ki, Azərbaycanın Suriyaya qaz ixracı yalnız texniki bir əməliyyat deyil, həm də regional sabitlik, enerji təhlükəsizliyi və diplomatik əməkdaşlıq üçün yeni bir başlanğıcdır. Bu proses Cənubi Qafqazla Şərqi Aralıq dənizi arasında körpü rolunu oynayacaq. Həmçinin qarşılıqlı ehtiyac və hörmət üzərində qurulan münasibətlər regionun gələcəyinə mühüm töhfə verə bilər.
Müəllif: Politoloq Turan Rzayev,
Neqativ.com
Tarix: Bu gün, 10:15