
Rusiya Azərbaycanla gərginliyi azaltmaq və problemləri həll etmək əvəzinə, indi də bəzi politoloqları və deputatları önə sürür. Açıq şəkildə anti-Azərbaycan isteriyasını alovlandırmaq məqsədi daşıyan bu çıxışlar çox zaman təhqir və hədələrlə müşayiət olunur.
Aydın məsələdir ki, Rusiyada bəzi deputatların, politoloqların və mediada çıxış edən ekspertlərin son dövrlərdə sərgilədiyi anti-Azərbaycan ritorikası bəzi istisnalar xaric fərdi fikirlər deyil. Bu, açıq şəkildə Kremlin informasiya sistemində vahid mərkəzdən gələn tapşırığın nəticəsidir. Ritorika ilk baxışdan fərdi təşəbbüs kimi təqdim olunsa da, əslində dövlətin rəsmi mövqe bildirmədən bu çıxışlara susqun yanaşması, həmin ritorikanın Kremlin qeyri-rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü göstərir. Digər tərəfdən, Rusiya kimi informasiya sahəsinə ciddi nəzarətin olduğu bir ölkədə bu səviyyədə açıqlamaların müstəqil və təsadüfi şəkildə səslənməsi real görünmür.
Əgər məsələyə nə Kremlin sözçüsü, nə Xarici İşlər Nazirliyi, nə də digər təsirli rəsmi dairələr tərəfindən təkzib və ya sərt reaksiya verilmirsə, bu, həmin ritorikanın dövriyyədə qalmasına razılığın nümayişidir. Susmaq burada neytrallıq deyil, yumşaq şəkildə təşviqdir.
Rusiyanın bu addımı müəyyən mənada başa düşüləndir. Cəmiyyətdə anti-miqrant ovqatının körüklənməsi, konkret etnoslara qarşı kollektiv nifrətin formalaşdırılması, dövlətin mövcud sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq üçün köhnə üsullara yəni “günah keçisi” obrazına qayıtdığını göstərir.
Azərbaycana və ümumiyyətlə Qafqazdan olan xalqlara qarşı yönəlmiş ritorika əslində Rusiya cəmiyyətində artan sosial narazılığın ünvanının bilərəkdən dəyişdirilməsidir. Tarix isə bu yanaşmanın çox təhlükəli nəticələr doğurduğunun şahididir.
Məsələn, 1930-cu illərdə Almaniyada yəhudilərə qarşı aparılan sistemli nifrət kampaniyası əvvəlcə media və siyasi ritorika ilə başladı, daha sonra isə hüquqi və fiziki repressiyalara çevrildi. Bu gün Rusiyada isə miqrasiya, korrupsiya, iqtisadi durğunluq və beynəlxalq təcrid kimi real problemlər fonunda hədəfə diasporlar və “xarici mənşəli” vətəndaşlar göstərilir.
Rusiyadan fərqli olaraq, Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı artan etimadsızlıq emosional deyil, Kremlə qarşı son dövrlərdə nümayiş etdirilən tutumun doğurduğu təbii reaksiyadır. Yəni arı yuvasına çomaq salırsansa, çıxan arı sənə bal verməyəcək. Əgər Rusiya dövləti bu cür çıxışlara sərhəd qoymazsa, yalnız ikitərəfli münasibətlər gərginləşməyəcək, həm də Rusiya daxilindəki çoxmillətli struktura qarşı inamsızlıq toxumu səpiləcək.
Azərbaycanlılara qarşı səsləndirilən nifrət ritorikası, əslində, sabah digər etnosların da hədəfə alınacağı mesajını verir. Bu isə təkcə Azərbaycanla münasibətlərə deyil, ümumilikdə Rusiya Federasiyasının çoxmillətli sabitliyinə təhlükə yaradır.
Bu mənzərə göstərir ki, Rusiya Cənubi Qafqazda artan Türkiyə və Qərb təsirindən ciddi narahatdır. Azərbaycanı “cəzalandırmaq” üçün ictimai rəyin yönünü dəyişdirməyə çalışırlar. Lakin bu, nə ikitərəfli münasibətlərə, nə də regional sabitliyə fayda verəcək. Əksinə, bu ritorikanın davamı Azərbaycanın Rusiya ilə münasibətlərdə daha ehtiyatlı və məsafəli mövqe tutmasına səbəb olacaq.
Müəllif: Politoloq Turan Rzayev,
Neqativ.com
Tarix: Dünən, 16:17