Xaricdən 5 milyard borc istəyirik- səbəblər

Ölkənin ödəniş imkanları əlavə maliyyə cəlb olunmasını mümkün edir 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 23-də keçirilən iclasında maliyyə naziri Samir Şərifovun verdiyi bir açıqlama Azərbaycanda ciddi müzakirə olunmaqdadır. Söhbət Azərbaycanın xaricdən borc cəlb etməsindən gedir. İclasda nazir bildirib ki, ölkənin xarici dövlət borcu kifayət qədər aşağı səviyyədə olsa da, onun müəyyən qədər artırılması nəzərdə tutulur: “Amma aşağı səviyyədə olması ilə yanaşı müəyyən qərarlar qəbul edilib ki, maliyyə kredit təşkilatları ilə əməkdaşlığı bir qədər genişləndirək. Bununla əlaqədar xarici dövlət borcunun təxminən 10 milyard dollar səviyyəsinə qədər artırılması nəzərdən keçirilir. Hazırda bu borc 5,5 milyard dollar təşkil edir. Bu il də kifayət qədər ödənişlərimiz olacaq. Bu bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma siyasəti apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur  layihələri icra edə bilək”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə deyib ki,  2023-cü ildə Azərbaycanda xarici borclanma ilə bağlı 750 milyon manat ekvivalentində limit müəyyən edilsə də, borc cəlb edilməyib: “Ötən il daxili borclanma ilə bağlı limit isə 1,8 milyard manat müəyyən edilmişdi, bunun da 1,7 milyard manatından istifadə olunub”.

Hesablama Palatasının 2023-cü ilin dövlət büdcəsinin icrasına dair rəyinə əsasən 2024-cü il 01 yanvar tarixinə Azərbaycanın dövlət borcunun (xarici və daxili) ümumi məbləği 26 milyard 850,4 milyon manat və ya 2023- cü il üzrə ÜDM-in 21,8 faizini təşkil edib. Bunun 10 milyard 984,0 milyon manatı xarici, 15 milyard 866,4 milyon manatı daxili borcdur. 

Hesabat ili ərzində birbaşa xarici dövlət borcunun həcmində azalma müşahidə edilib: “Azalmanın səbəbi il ərzində kreditorlara geri ödənilmiş əsas borc ödənişlərinin həcminin yeni cəlb edilmiş kredit vəsaitlərindən artıq olması olub, eyni zamanda ÜDM-in nominal ifadədə əvvəlki illə müqayisədə azalması şəraitində xarici dövlət borcunun ÜDM-ə nisbəti 0,4 faiz bəndi artıb. Xarici dövlət borcu üzrə 01.01.2024-cü il tarixinə kredit sazişləri üzrə cəlb olunması nəzərdə tutulan vəsait 10 milyard 766,5 milyon ABŞ dolları təşkil edərək 01.01.2023-cü il tarixinə müvafiq göstərici ilə müqayisədə 3,0 milyon ABŞ dolları və ya 0,03 faiz azalıb. Əvvəlki illə müqayisədə istifadə olunmuş və hazırda dövlət borcu hesab edilən xarici öhdəliklər 232,0 milyon ABŞ dolları məbləğində və ya 3,5 faiz azalaraq 6 milyard 461,2 milyon ABŞ dolları təşkil edib. İl ərzində birbaşa xarici dövlət borcu üzrə imzalanmış xarici borc müqavilələri əsasında 150,3 milyon ABŞ dolları dəyərində vəsait cəlb edilib və hesabat ilində 384,6 milyon ABŞ dolları məbləğində əsas borc öhdəlikləri kreditorlara geri qaytarılıb”.

Palata qeyd edir ki, son 5 ildə xarici borcun azaldığı bir dövrdə dəyişkən faizli kreditlərin xüsusi çəkisinin artımı müşahidə olunur ki, bu da hazırda dünyada istinad faiz dərəcələrinin artması kontekstində borca xidmət xərclərinin artmasını şərtləndirir. Bundan əlavə, birbaşa xarici dövlət borcunda 5 illik öhdəliklərin payının yüksək olması, habelə birbaşa cəlb edilmiş kreditlər üzrə əsas borc ödənişlərinin yenidən maliyyələşdirmə vasitəsilə həyata keçirilməsi cari makroiqtisadi şəraitdə təkrarmaliyyələşmə və faiz dərəcələri ilə bağlı əlavə risk faktorlarının yaranması ehtimalını aktuallaşdırır. Hesabat dövrü ərzində beynəlxalq maliyyə-kredit qurumları ilə imzalanmış sazişlər üzrə 5 ilə qədər kreditorlara geri ödənilməli olan borcun məbləğində və xüsusi çəkisinin dinamikasında ilin əvvəli ilə müqayisədə 205,4 milyon ABŞ dolları və ya 4.9 faiz faiz bəndi artım müşahidə olunub ki, bu da borcun 3 milyard 390,0 milyon ABŞ dollarının və ya 52,5 faizinin qısa müddətdə kreditorlara geri qaytarılmasını şərtləndirir. Lakin 2023-cü ildən etibarən xarici borc üzrə əsas borc ödənişlərinin dövlət büdcəsi xərclərindən çıxarılaraq daxili təkrarmaliyyələşmə hesabına həyata keçirilməsi və bundan sonrakı dövrlərdə də eyni prinsipin tətbiqinin nəzərdə tutulması, həmçinin daxili borc portfeli üzrə 2-3 illik istiqrazların təkrar maliyyələşdirilməsi tələbi, daxili bazarın likvidliyinin aşağı olduğunu nəzərə alaraq bu qədər vəsaiti birdən-birə qarşılamayacağı riskini artırır. Bu tələbin qarşılanması üçün isə daha yüksək faizlərlə emissiya mümkündür ki, bu da yekunda əlavə faiz xərclərinə səbəb ola biləcəyi və maliyyə çətinliklərinin yarana biləcəyi ehtimalını aktuallaşdırır".

Qeyd edək ki, 2023-cü ilin sonuna faktiki xarici borcun  yalnız 2 milyard 287,3 milyon dolları xaricdə yerləşdirilmiş dövlət qiymətli kağızları üzrədir -yəni bilavasitə dövlətin borcudur. Qalanı müxtəlif iri dövlət şirkətlərinin və nazirliklərin dövlət zəmanəti ilə aldıqları kreditlərdir. Onlardan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin faktiki -yəni xərclənmiş kredit borcu 1 milyard 124 milyon dollar(cəlb olunması nəzərdə tutulan məbləğ 2 milyard 649,40 milyon dollar), “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin 202,6 milyon dollar(507,80 milyon dollar), “Azərsu” ASC-nin 678,20 milyon dollar(1 milyard 173,7 milyon dollar ), Kənd Təsərrüfatı Nazirliyinin 145,6 milyon dollar(216,8 milyon dollar), “Azərbaycan Dəmir Yolları” QSC-nin 753,1 milyon dollar(1milyard 26,60 milyon dollar), NMR Meliorasiya və Su təsərrüfatı Agentliyinin 192,2 milyon dollar(192,2 milyon dollar) təşkil edir. 

Azərbaycanın təxminən 5 milyard dollar civarında xarici borclanmaya getməsinin əsasında infrastruktur layihələrinin maliyyələşdirilməsi ehtiyacı dayanır. Belə ki, iki böyük beynəlxalq nəqliyyat dəhlizinin iştirakçısı olan Azərbaycanda infrastrukturun sürətlə artması gözlənilən yük həcmlərini ötürmək potensialına çatdırılması vacibdir. Bu, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində dəmiryol xətti ilə bağlı xüsusilə sürətli addımların atılmasını zəruri edir. Belə ki,  “N.Trans Lab” beynəlxalq agentliyinin ekspertlərinin araşdırmasına görə, Azərbaycanda yükgötürmə qabiliyyəti 30 milyon ton olan Samur-Sumqayıt ikixətli elektrikləşdirilmiş zolaq olsa da, Sumqayıtdan Astaraya (Azərbaycan) qədər yükgötürmə qabiliyyəti 10 milyon ton olan biryollu elektrikləşdirilməyən hissə yükdaşımaların artırılmasını əngəlləyir. Bu əngəli aradan qaldırmaq üçün əlavə magistral dəmiryolunun çəkilməsi və 244 kilometrlik Ələt-Astara hissəsinin elektrikləşdirilməsi lazımdır ki, bunun üçün də  1,7 milyard dollar investisiya yatırılması tələb olunur.

Bir müddət öncə S.Şərifov bildirmişdi ki, Azərbaycanın Asiya İnkişaf Bankından dəmir yolu nəqliyyatı infrastrukturunun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və bu proseslərin idarə olunması üçün müəyyən layihələrdən ötrü maliyyə vəsaitlərinin cəlb etməsi gözlənilir.

Nazir həmçinin qeyd edib ki, Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı böyük vəsait tələb edir, ona görə də onların cəlb edilməsi üçün Dünya Bankı, Asiya İnkişaf Bankı və s. kimi beynəlxalq maliyyə institutlarına və strukturlarına üstünlük verilir: “Özəl sektorun Orta Dəhlizin inkişafına cəlb edilməsi mümkündür. Bu sektor bu cür layihələri maliyyələşdirir, lakin onlar kifayət qədər vəsait tələb edir. Bugünkü mərhələdə biz daha çox irimiqyaslı infrastruktur layihələrindən danışırıq. Bu, dəmir yolu və avtomobil yolları kommunikasiyalarının, yəni kifayət qədər ciddi fiziki infrastrukturun inşasıdır”.

S.Şərifov qeyd edib ki, bu cür layihələrdə geri qaytarılma müddəti kifayət qədər uzundur, bu da o deməkdir ki, bu şəraitdə özəl maliyyələşdirmə bir qədər baha görünür: “Ona görə də digər maliyyə mənbələrinə, əsasən beynəlxalq maliyyə institutlarına üstünlük verilir. Bu maliyyə institutlarından daha uzun müddətə və daha aşağı faizlə vəsait toplamaq olar. Bunlara Dünya Bankı, Asiya İnkişaf Bankı, Avropa İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, bir sıra ərəb ölkələrində müxtəlif inkişaf fondları və s. aiddir”.

Onun sözlərinə görə, dövlət bu vəsaitlərin qaytarılması üçün məqsədyönlü uzunmüddətli strategiya hazırlayır.

Xarici borclanma tələb edən daha bir istiqamət Azərbaycanda suvarma sistemlərinin müasirləşdirilməsi, mövcud torpaq kanalların örtülü beton kanallarla əvəz olunmasıdır. Hökumət artıq bu işlər üçün kreditlərin alınmasına başlayıb.

Ölkənin ödəniş imkanları əlavə maliyyə cəlb olunmasını mümkün edir. 

Dünya SAKİT,
“Yeni Müsavat”

Tarix: 25-05-2024, 09:19
Xəbəri paylaş



Xəbər lenti