Milli Məclis Əli Əsədovun Baş nazir təyin olunmasına razılıq verdi - QƏRAR


Milli Məclisdə Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirə olunub

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Neqativ.com-un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə namizədliyi irəli sürülüb.

Əli Əsədovun namizədliyinin irəli sürülməsi spiker Sahibə Qafarova tərəfindən elan edilib.

Milli Məclis Konstitusiyanın 118-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verib.

Qeyd edək ki, fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyev fevralın 14-də and içib. Konstitusiyanın 103-cü maddəsinin II hissəsinə əsasən, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir. Fevralın 15-də Nazirlər Kabineti istefa verib.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir.

Əli Əsədov Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 oktyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Naziri təyin edilmişdi.

“İlk öncə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə mənim namizədliyimi irəli sürdüyünə və mənə göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri möhtərəm cənab İlham Heydər oğlu Əliyevə dərin təşəkkürümü bildirirəm”, - deyən Ə.Əsədov qeyd edib ki, “müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq bütün suveren ərazilərimizi əhatə edən və şanlı tariximizə Zəfər seçkisi kimi əbədi həkk olunacaq prezident seçkilərində inamlı və möhtəşəm qələbə münasibətilə möhtərəm Prezidenti bu yüksək kürsüdən bir daha ürəkdən təbrik edirəm”.

Baş nazir deyib ki, qədirbilən Azərbaycan xalqı şəffaf və demokratik şəraitdə öz layiqli və ədalətli seçimini edərək bir daha dövlət başçımıza yüksək inam və etimadını göstərdi: “Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə zamanın çağırışları və mürəkkəb geosiyasi şərtlər fonunda həyata keçirilən siyasi kurs Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsini, respublikamızın bölgənin lideri və söz sahibi olan, dünya birliyində öz layiqli yerini tutan, iqtisadi və hərbi gücü ilə öz problemlərini həll edən qüdrətli bir dövlətə çevrilməsini təmin edib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Ordumuzun otuz ilə yaxın işğal altında olan torpaqlarımızı 44 günlük Vətən müharibəsində azad etməsi, 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunması müstəqil dövlətçilik tariximizin ən şanlı səhifəsidir”.

“Bu gün Azərbaycan postmüharibə dövrünün çağırışlarına uyğun olaraq yeni inkişaf strategiyası ilə inamla irəliləyir, milli dövlət quruculuğunun növbəti şərəfli mərhələsini yaşayır. Fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində cənab Prezident son 20 ildə Azərbaycanın daxili və xarici siyasətində əldə edilən nailiyyətlər və uğurlar barədə ətraflı danışıb. Eyni zamanda, andiçmə mərasimində dövlət başçısı ölkəmizin və cəmiyyətimizin hərtərəfli inkişafının əsas istiqamət və hədəflərini müəyyən edən proqram xarakterli geniş çıxış edib. Növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi sənaye kompleksinin təkmilləşdirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi əsas prioritet olacaq. Cəmiyyətimizin həyatının bütün sahələrində, o cümlədən sosial sahədə inkişaf dövlət başçımızın hər zaman diqqət mərkəzində olub və olacaq. Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ən önəmli vəzifə olaraq Hökumət qarşısında duracaq”, - Ə.Əsədov əlavə edib.

Baş nazir bildirib: “Təbii ki, cənab Prezident öz çıxışında qeyd etdiyi kimi, sosial rifahla bərabər əhalimizin, əsasən gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə və ənənələrə, azərbaycançılıq prinsiplərinə əsaslanaraq formalaşdırılması, müasir çağırışlara və texnologiyalara yiyələnməsi Dördüncü Sənaye İnqilabı dövründə gələcək inkişafımızın təminatçısı olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün əsas prioritetlərimizdən biri yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsilin, sağlam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərtdir. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı, maliyyə müstəqilliyinin daha da gücləndirilməsi təmin edilməlidir. Növbəti dövrdə Azərbaycan Hökumətinin işinin əsas prioritetlərini bu hədəflərin reallaşdırılması, bununla bağlı qarşıda duran vacib çağırışlara çevik reaksiya verilməsi təşkil edəcək. Bu baxımdan 2030-cu ilədək Milli Prioritetləri özündə ehtiva edən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramı və digər irimiqyaslı proqramlar bu istiqamətdə fəaliyyətimizin səmərəli şəkildə davam etdirilməsi üçün yaxşı zəmin yaradır. Bu prioritetlərdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”dir. Təsadüfi deyil ki, COP29 kimi mötəbər beynəlxalq tədbirin məhz ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilir”.

AYNA

Tarix: 16-02-2024, 13:07
Xəbəri paylaş



Xəbər lenti