“RAZILAŞDIRILMIŞ NAMİZƏD” PUTİN ÜÇÜN PROBLEMƏ ÇEVRİLİR: Rusiya müxalifəti də xalqı onu dəstəkləməyə çağırır

Rusiyada Putinə və müharibəyə “yox” deyənlərin Boris Nadejdindən başqa seçimi yoxdur
Boris Nadejdin – onun soyadının kökü “nadejda”, yəni, “ümid” mənasını daşıyır. İndi Rusiyada keçiriləcək növbəti prezident seçkisi tamaşası öncəsi ölkədə qalan az-çox adekvat, müharibənin bitməsini, əminamanlıq, azadlıq və s. istəyən insanların əhəmiyyətli hissəsi üçün soyadı simvolik məna daşıyan Nadejdin çox zəif, öləzimiş də olsa, ümid yeri kimi görünür…
1963-cü ildə Daşkənddə rus kökənli ailədə dünyaya gələn, 6 yaşında ailəsi Moskva ətrafındakı Dolqoprudnı şəhərinə köçmüş, özü Moskva Fizika-texniki İnstitutu, daha sonra isə Moskva Hüquq İnstitunu bitirmiş, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alan Boris Nadejdini rusiyalılar daha çox mərkəzi televiziyalardakı siyasi tok-şoulardan tanıyır. Baxmayaraq ki, buna qədər onun siyasi həyatı kifayət qədər zəngin olub.
Belə ki, Nadejdin hələ indiki Prezident Vladimir Putinin Rusiya siyasətində izi-tozu olmayan illərdə – 1990-cı ildə Dolqoprudnıdan deputat seçilib. O, 1997-1998-ci illərdə Rusiya Federasiyası Hökuməti Aparatında əvvəlcə Baş nazirin birinci müavini(sonradan Kremlin yaxınlığında qətlə yetirilmiş) Boris Nemtsovun müşaviri, daha sonra Rusiya Baş naziri Sergey Kiriyenkonun köməkçisi vəzifələrində çalışıb. Onun adı Rusiyanın “RAO EES”, “Transneft” və “Qazprom” kimi ən nəhəng şirkətlərinin nizamnamələrini yazanlar sırasında keçir. O, həmçinin, 1998-1999-cu illərdə Rusiya Prezident Administrasiyasında müxtəlif vəzifələrdə çalışıb.
1999-cu ildən hazırda Rusiya Federasiyası Prezidenti Administrasiyası rəhbərinin birinci müavini vəzifəsini tutan Sergey Kiriyenkonun rəhbərlik etdiyi “Yeni qüvvə”, daha sonra “Sağ Qüvvələr Birliyi” adlanan siyasi təşkilatın rəhbərliyində təmsil olunub. Həmin il Rusiya Dövlət Dumasına deputat seçilib. 2000-ci il mayın 23-dən fraksiyanın sədri olmuş Boris Nemtsovun müavini kimi fəaliyyət göstərib.
Nadejdin 2003-cü ildən sonra Dumaya və Moskva vilayəti qubernatorluğuna seçkilərdə dəfələrlə iştirak etsə də, ciddi uğur qazana bilməyib. 2019-cu ildə Dolqoprudnı Şəhər Deputatlar Sovetinin deputatı seçilib. 2021-ci ildə keçirilən Duma seçkilərində isə Nadejdin hakim partiyadan olan fiqurlu konkisürmə üzrə Olimpiya çempionu İrina Rodninaya uduzdurulub….
Ancaq yuxarıda qeyd edildiyi kimi, bütün bu sadalananlar rusiyalı “obıvatel”i az maraqlandırır. Onlar Nadejdini daha çox Solovyovun və digər idbar Kreml təbliğatçılarının siyasi şoularından tanıyırlar. Onu son illər bu şoular maraqlı keçsin deyə, həmin verilişlərə Kremlin, hakim siyasi xəttin tənqidçisi kimi dəvət edirdilər.
 

 
Sonra isə elə həmin proqramdaca aparıcı və studiyanın digər qonaqları onu linç edərək, bir növ guya liberal, demokratik qüvvələrin özlərinin və arqumentlərinin zəifliyini nümayiş etdirirdilər. Əksər müşahidəçilər bütün bunların əvvəlcədən hazırlanmış, razılaşdırılmış ssenari olduğunu və Nadejdinin də bu tamaşada iştiraka razılıq verdiyini bildirirdilər. Ona görə də hazırda bir çoxları onu Kremlin daxili siyasətinə görə cavabdeh olan Kiriyenkonun “layihəsi”, razılaşdırılmış namizəd kimi qələmə verirlər.
Lakin məsələ ondadır ki, həmin bu “razılaşdırılmış” namizəd özü ilə yeni-yeni sürprizlər gətirməkdədir. Rusiya qanunvericiliynə görə, parlamentdə təmsil olunmayan partiyaların prezidentliyə namizədləri (B.Nadejdinin namizədliyi rəsmən “Vətəndaş təşəbbüsü” partiyasından irəli sürülüb) MSK-da qeydiyyatdan keçmək üçün 40 regionun hər birindən 2500 olmaqla, 100 min imza toplamalıdırlar. Ancaq belə görünür ki, Kreml və MSK Nadejdini nəinki seçkiyə, hətta imza toplama mərhələsinə buraxdığı üçün peşmandır.
 

 
Belə ki, artıq bir neçə gün ərzində artıqlaması ilə – 150 min imza toplayan Nadejdinin Rusiyanın onlarla böyük şəhərlərindəki seçki qərargahlarının qarşısında, havanın şaxtalı olmasına baxmayaraq, uzun növbələr yaranıb. Eyni mənzərə rusiyalıların müharibə başlayandan sonra köçdüyü digər ölkələrdə də müşahidə olunub. Bu imzatoplama kampaniyaları əsl mənada kütləvi etiraz nümayişlərinə çevrilib. Doğrudur, mitinqlər keçirilməyib, şüarlar səsləndirilməyib. Lakin imza vermək üçün uzun sıralara düzülən həmin rusiyalılar bununla da hakimiyyətə, Kremlin siyasətinə, müharibəyə, Putinə açıq etirazlarını nümayiş etdirmiş olublar.
Axı, müasir Rusiyada hakimiyyətə və onun əməllərinə etiraz edəcək heç bir legitim, qanuni meydança saxlanılmayıb. Onların öz etirazlarını bildirəcəkləri heç bir başqa yer yoxdur. İmza toplama kampaniyası isə yeganə legitim məkandır ki, burada növbəyə durduqları üçün polis, milli qvardiya və s. rusiyalıları qandallayıb təcridxanaya, həbsxanaya apara bilmir. Çünki Nadejdinin imza toplamasına qanunla icazə verilib. Lakin bu icazəni verənlərin bəlkə də ağlına belə gəlməzdi ki, insanlar cəsarət edib bu kampaniyaya belə kütləvi şəkildə qoşulacaqlar…
Bəs nədir Nadejdini bu cür cəlbedici edən? 
Əlbəttə ki, rusiyalıları onun bəzən qeyri-ciddi xarakter alan, birmənalı qarşılanmayan siyasi kimliyi yox, daşıdığı və səsləndirdiyi fikirlər, ideyalardır. Məsələ ondadır ki, Nadejdin hazırda Rusiyanın Ukraynada apardığı müharibəyə qarşı çıxan, Putini bu savaşı başlatdığına görə tənqid edən və bunu “böyük səhv” adlandıran yeganə namizəddir. O, vəd edir ki, prezident seçiləcəyi təqdirdə dərhal müharibəni dayandıracaq, atəşkəsə gedəcək və Ukrayna ilə danışıqlara başlayacaq.
Doğrudur, Krımın və Donbasın Ukraynaya qaytarılacağı barədə konkret heç nə demir və sadəcə, qeyd edir ki, hələ əvvəldən Krımın ilhaqının əleyhinə çıxış edib. Onun fikrincə, hazırda Ukraynada döyüşən rusiyalılar, öz vəzifə borclarını yerinə yetirsələr də, indiki hakimiyyətin qurbanlarıdırlar və onların qayğısına qalmaq lazımdır. Və təbii ki, Rusiyada bu cür düşünənlər, deməli, həm də Nadejdinin fikirlərini dəstəkləyənlər kifayət qədər çoxdur…
Yeri gəlmişkən, Nadejdin Rusiya mərkəzi televizyalarına son dəfə ötən ilin may ayında dəvət olunub. O, həmin vaxt NTV-dəki son çıxışında deyib: “Mövcud siyasi rejimdə bizim Avropaya qayıtmaq şansımız yoxdur. Biz sadəcə olaraq, ölkəmizin Avropa ölkələri ilə normal münasibətlər quracaq yeni, fərqli rəhbərliyini seçməliyik və bununla da hər şey öz yerinə düşəcək. Gələn il prezident seçkiləridir – başqa birisini seçməliyik, vəssalam!”
 

Kremlin total nəzarətindəki mərkəzi televiziyada belə fikirlərin səslənməsi əlbəttə ki, görünməmiş hadisə idi. Bu çıxışından sonra aparıcı və studiyadakılar onun üzərinə “qarğa-quzğun kimi” tökülüşsələr də, Nadejdin artıq dediyini demişdi. Bundan sonra gözlənildiyi kimi, mərkəzi televiziya kanalları onun üzünə birdəfəlik bağlandı və müşahidəçilər bunu Nadejdinin “razılaşmanı pozması” kimi qələmə verdilər. Elə indi də bir çoxları Nadejdini dəstəkləmək üçün növbələrin düzülməsini Kremlin planlarının gözlənilmədən “kəllə-mayallaq getməsi”, “Kiriyenkonun layihəsi”nin təhlükəyə çevrilməsi kimi dəyərləndirirlər.
Belə ki, artıq Xodorkovski, Navlnı və digərlərinin rəhbərlik etdikləri real müxalifət qüvvələri rusiyalıları, birmənalı olmayan reputasiyasına rəğmən, Nadejdini dəstəkləməyə çağırıblar. Bu isə onu Kreml üçün daha da təhlükəli edir. Ona görə də bir çox ekspertlər və siyasətçilər hamının şahidlik etdiyi imza üçün düzülən növbələrə baxmayaraq, MSK-nın hansısa texniki bəhanələrlə Nadejdini seçkiyə buraxmayacağını proqnozlaşdırırlar. Belə ki, hazırda müşahidə edilən mənzərədən sonra ona 3-4 faiz səs yazmaq çətin olacaq. Nadejdinə daha çox səs yazmaq isə Kremlin “xalq Putinin ətrafında yumruq kimi birləşib” tezisinə uyğun gəlməyəcək.

Odur ki, səsvermədən sonra 2020-ci il Belarus variantı təkrarlana və Nadejdin “Rusiyanın Tixonovskayası”na çevrilə bilər. Bu isə müharibənin davam etdiyi indiki durumda Kreml üçün olduqca təhlükəlidir. Bütün bunları nəzərə alan ekspertlər Nadejdinin martda keçiriləcək seçkinin səsvermə mərhələsinə qədər buraxılması şansını çox aşağı qiymətləndirirlər…
Məlum məsələdir ki, Rusiya kimi ölkələrdə hakimiyyət tarixən heç vaxt seçki yolu ilə dəyişməyib. Lakin Rusiyada da ümid edirlər ki, bu, nə zamansa baş verəcək, insanlar azad, demokratik seçki yolu ilə öz namizədlərini seçəcəklər. Təəssüf ki, bunun nə vaxt baş verəcəyini heç kim bilmir və görünür, həmin vaxta qədər hələ çox nadejdinlər gəlib-gedəcək…


Tarix: 29-01-2024, 21:15
Xəbəri paylaş



Xəbər lenti