NATO-nun Riqa sammiti, Helikopter qəzası və Tofiq Yaqublunun döyülməsi





NATO Xarici İşlər Nazirlərinin Riqada keçirilən sammitinin ikinci günü dünən (01 dekabr 2021-ci il) başa çatıb. 
 
Ovqat.com-un məlumatına görə, alyansın Xarici İşlər nazirləri sammitin sonuncu günündə Qara dənizin təhlükəsizliyi, Əfqanıstan və Qərbi Balkanlardakı vəziyyəti müzakirə ediblər.
 
Toplantıdan sonra jurnalistlərin qarşısına çıxan alyansın Baş katibi Yens Stoltenberq sammitin gündəliyi barədə məlumat verib. O bildirib ki, NATO ölkələrinin Xarici İşlər nazirləri alyansın Ukrayna və Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstəyin ''sarsılmaz olaraq qaldığını” bir daha təsdiqləyiblər. Baş katibin fikrincə, hərbi qüvvələrini Ukrayna ətrafına toplayan Rusiya təcavüzə əl atarsa, bu, onun üçün çox baha başa gələcək və təcavüzün “ciddi siyasi və iqtisadi nəticələri" olacaq.
 
Stoltenberq həmçinin qeyd edib ki, sammitin ilk sessiyasına Gürcüstan və Ukrayna da qoşulub və bölgədəki təhlükəsizlik məsələləri müzakirə edilib.
 
Baş katib xatırladıb ki, Gürcüstan və Ukrayna NATO-nun çoxdankı və yaxın tərəfdaşlarıdır: “Missiyalarımıza və əməliyyatlarımıza töhfə verməyə və alyansa üzv olamağa can atır. Nazirlər açıq şəkildə bildirdilər ki, biz qərarlarımızın arxasındayıq. Onların suverenliyinə və ərazi bütövlüyünə dəstəyimiz sarsılmaz olaraq qalır. Biz hər iki ölkəyə dəstəyimizi artırmağa sadiqik, onların müdafiə imkanlarını gücləndiririk. Birgə məşq və təlimlər keçirir, hərbi dəniz qüvvələrinin güclənməsi üçün dəstək verır, məlumat mübadiləsi aparırıq”.


 
Stoltenberqin dediyinə görə, sammitdə tərəfdaş ölkələrin (Ukrayna və Gürcüstan) islahatları irəlilətməsinin vacibliyinə toxunulub: “Onlardan tələb olunan əsas islahatlar isə belədir. Qanunun aliliyini və demokratiyanı gücləndirmək, korrupsiya ilə mübarizə aparmaq, təhlükəsizlik və müdafiə sektorlarını dəyişdirməyə davam etmək - bu islahatlar həm Gürcüstanı, həm də Ukraynanı daha güclü və dayanıqlı etmək üçün açardır”.
 
Stoltenberq Əfqanıstanı misal göstərərək NATO-ya üzv olmaq istəyən tərəfdaş dövlətlərdən niyə demokratik islahatlar tələb etdiklərinə də aydınlıq gətirib. Onun fikrincə, NATO-nun Əfqanıstandakı missiyasının uğursuz alınmasının başlıca səbəbi Kabil hökumətinin korrupsiyaya qarşı mübarizəsinin alınmaması, ölkədə demokratik ənənələri tam möhkəmləndirməməsidir və bu reallıq alyans üçün dərs olmalıdır: “İkinci sessiyamız Əfqanıstana və təxminən iyirmi il ərzində NATO-nun oradakı fəaliyyətinin öyrənilməsinə həsr olunmuşdu. Nazirlər bu məsələ ətrafında geniş müzakirələr apardılar. Biz həm siyasi, həm də hərbi müstəvidə NATO-nun gələcək böhran idarəçiliyi əməliyyatlarını planlaşdırma və həyata keçirmə üsulunu necə təkmilləşdirə biləcəyimizi də müzakirə etdik... Çoxlu əfqan əsgərlərinin cəsarətli xidmətinə və illərlə beynəlxalq dəstəyə baxmayaraq, onlara korrupsiya, zəif rəhbərlik və öz qüvvələrini təmin edə bilməmək mane oldu. Əfqanıstandan öyrəndiyimiz bu dərslər gələcəkdə NATO-nun böhran idarəçiliyi rolunu formalaşdıracaq. Biz Əfqanıstandan dərslərə nəzər salarkən, terrorizmlə mübarizə və tərəfdaşlarımızın potensialını artırmaq üçün səylərimizi davam etdirməliyik. O cümlədən İraqdakı təlim missiyamızın kritik işi vasitəsilə”.


 
NATO yetkilisinin fikrincə, Əfqanıstan nümunəsindən çıxartdıqları başlıca dərslərdən biri də region dövlətlərin öz güclərinə əsaslanaraq özlərinin müdafiəsini təmin edəcək qüvvələr yaratmaqdır və alyansın bütün təlim səyləri bu məqsədə yönəlməlidir.
 
Stoltenberq sammitdə Qərbi Balkanlardakı sabitlik və təhlükəsizlik məsələlərini də müzakirə etdiklərini diqqətə çatdırıb. O vurğulayıb ki, bölgə 1990-cı illərdəki münaqişələrdən sonra çox böyük yol keçib: “Amma son vaxtlar bu bölgədə də gərginliyin artdığını müşahidə edirik. O cümlədən Kosovoda, eləcə də Bosniya və Herseqovinada. Bu  ölkələrdə aparılan islahatlar daha aqressiv ritorika ilə dayanıb. Və xarici aktyorlar tərəqqiyə xələl gətirməyə çalışırlar”.
 
Stoltenberqin çıxışından da göründüyü kimi, NATO-nun Riqa sammitində demək olar ki, dünyanın bütün ölkələrinin problemi müzakirə edilib, bircə Azərbaycandan başqa. Halbuki Azərbaycan bu ölkələr arasında bəlkə də Rusiyanın ən çox təcavüzünə və təxribatlarına məruz qalan yerdir. Bəs, bizim məsələmiz niyə NATO ölkələrinin diqqətindən kənarda qalır və Rusiyaya qarşı müqavimət gücümüzün artırılmasına diqqət göstərilmir? 
 
Sözsüz ki, bunun başlıca səbəblərindən biri digər ölkələrdən fərqli olaraq Azərbaycan hakimiyyətinin demokratik islahatlar, korrupsiyaya və Rusiyanın “5-ci kolon”una qarşı aktiv mübarizə aparmaq sahəsində ləng addımlarıdır. Bununla belə, Azərbaycan məsələsi NATO Xarici İşlər nazirlərinin sammitində açıq şəkildə müzakirə olunmasa belə, tamamilə diqqətdən kənarda da qalmayıb. Riqa sammitindən gələn bəzi xəbərlər Azərbaycan məsələsinin ən azı külis söhbətlərinin mövzusuna çevrildiyini göstərir. Məlumata görə, sammitində ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistan və Azərbaycandakı vəziyyəti müzakirə ediblər. ABŞ-ın Dövlət Departamentinin məlumatında bu barədə deyilir:


 
"Dövlət katibi Blinken və xarici işlər naziri Çavuşoğlu Efiopiyadakı böhranı və Qara dəniz regionunda sabitliyin qorunması üçün birgə səyləri müzakirə ediblər. Onlar həmçinin Rusiyanın Ukraynaya təcavüzünü, Ermənistan və Azərbaycanda, eləcə də Əfqanıstandakı vəziyyəti müzakirə ediblər".
 
Məlumatda qeyd olunur ki, bu müzakirələr ABŞ prezidenti Co Bayden ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında ötən ay Romada baş tutan və ikitərəfli əməkdaşlıq məsələlərinə, o cümlədən demokratiya və insan haqları məsələlərinə həsr olunmuş söhbətə əsaslanıb.
 
Maraqlıdır ki, ABŞ və Türkiyənın baş diplomatlarının Azərbaycan və Ermənistan arasındakı ixtilaflarla bağlı apardıqları söhbətə Rusiyanın XİN də laqeyd qalmayıb. Nazirliyin açıqlamasına görə, dünən Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Federal Məclisinin Federasiya Şurasında hökumət saatında çıxışı zamanı Qarabağ məsələsinə toxunub. O, “Dağlıq Qarabağ”da qan tökülməsinin dayandırılmasında “əsas rolu Moskvanın oynadığını” xatırladıb. Lavrov bildirib ki, Ermənistan və Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həlli yollarının axtarışı Rusiyanın “diqqət mərkəzindədir”. O həmçinin Qarabağ məsələsi ilə Suriya problemini eyniləşdirərək bildirib: "Rusiya bu cür böhranların həllinə konkret töhfə verir. Bu, terrorçuları məğlub etmək və Suriyada siyasi dialoqu təşviq etmək səylərimizdir və Dağlıq Qarabağda qan tökülməsinin dayandırılmasında və Ermənistanla Azərbaycan arasında mübahisəli məsələlərin davamlı həllinin tapılmasında əsas rol oynayır".


 
Lavrovun bu çıxışı konteksindən ölkəmizdə son zamanlar baş verən qalmaqallı hadisələrə nəzər salanda bəzi mətləblər gün işığına çıxır. Xatırladaq ki, NATO Xarici İşlər nazirlərinin Riqa sammitinin ilk günü Qaraheybət aviabazasında helikopter qəzası baş vermiş, 14 yüksək rütbəli hərbçimiz şəhid edilmişdir. Azərbaycan hakimiyyəti bu qəzanın “xarici müdaxilə” nəticəsində baş vermədiyini desə də, açıqlanan bütün faktlar həmin versiyanı nəinki təkzib etmir, əksinə gücləndirir. Belə ki, DSX-nin rəisi Elçin Quliyevin bildirdiyinə görə, helikopter tam saz vəziyyətdə olub və yenicə təmirdən çıxmışdı. Helikopteri idarə edən də Azərbaycanın ən təcrübəli pilotlarından biriydi və hər hansı pilot xətasından da söhbət gedə bilməzdi. Hava şəraitinin də uçuşa əlverişli olduğunu yenə general-polkovnik Elçin Quliyevin özü etiraf etmişdi. Qəzanın səbəbi barədə bütün ehtimalların istisna edildiyi bu açıqlamalarda geridə yeganə versiya qalır: helikopterin iz buraxmadan məhv edilməsi. Qeyd edək ki, indiki hərbi texnikalar, xüsusilə də REB sistemləri bu tapşırığı rahatlıqla yerinə yetirməyə şərait yaradır.
 
NATO Xarici İşlər nazirlərinin Riqa sammitinin ikinci günü ilə eyni vaxtda adi bir etiraz aksiyasında həbs olunan tanınmış siyasi xadim Tofiq Yaqublunun üzündə ciddi xəsarət izləri buraxacaq şəkildə döyülərək sərbəst buraxılması da, bizcə, təsadüfi deyil. Məqsəd Azərbaycan hakimiyyətinin müxalifətə qarşı repressiv üsullardan hələ də əl çəkmədiyini dünyaya göstərmək və islahatlara hazır olmadığımızı sübuta yetirmək ola bilər. Maraqlıdır ki, bu hadisə həm də Prezident İlham Əliyevin Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı ilə görüşü zamanına dəng gəlmişdi. Nəzərə alsaq ki, bu ayın 15-də Brüsseldə Aİ “Şərq Tərəfdaşlığı” sammitində həm Azərbaycanın, həm də Ermənistanın ittifaqla əməkdaşlıq əlaqələrinin yüksəldilməsi məsələsi müzakirə olunacaq və Rusiya bu inteqrasiyada maraqlı olmadığını 2014-cü ildə Ukraynanın Krım və Donbass ərazilərini işğal etməklə ortaya qoydu, bizim də eyni yolla irəliləməyimizi Moskvanın arzulamadığı ortadadır. Məhz bu səbəbdən də Azərbaycan və Ermənistan liderlərini Brüssel görüşündən əvvəl Putin Soçiyə çağırıb, iki dövlət arasındakı konfliktlərin aradan qaldırılmasının yalnız Moskvadan asılı olduğu barədə fikirlər səsləndir və Aİ-yə lazımi mesajlar verdi.


 
Xatırladaq ki, NATO-ya üzvlük məsələsində olduğu kimi, Aİ-nin “Şərq Tərəfdaşlığı” layihəsində iştirak dərəcəsini artırmaq üçün tərəflərdən demokratik islahatlar, korrupsiyaya qarşı mübarizə və Rusiyanın “5-ci kolonu”nu tamamilə zərəsizləşdirmək kimi öhdəliklər tələb olunur. Görünən budur ki, NATO Azərbaycanın üzvlük məsələsində son hədəfini birbaşa deyil, Türkiyə vasitəsilə həyata keçirsə də, Aİ-nin “Şərq Tərəfdaşlığı” təşəbbüsünə qoşulmaq üçün tələb olunan şərtlər sanki qəsdən aradan qaldırılır. Təbii ki, bu vəziyyətdə ağla ilk gələn versiya ölkədəki Rusiyaya bağlı “5-ci kolon”un təxribatları ehtimalıdır.
 
Heydər Oğuz,
Ovqat.com




Tarix: 2-12-2021, 22:24
Xəbəri paylaş



Xəbər lenti