Demokratik ölkələrin idarəçiliyi və cəmiyyətin inkişaf qanunları


Hakimiyyətin (horizontal) bölgüsü qanunu
Fəxrəddin Mehdiyev
IV məqalə
Hakimiyyətin bölgüsü ideyası böyük mütəfəkkirlər Con Lokk, Şarl Lui de Monteskyö tərəfindən irəli sürülmüşdü. Bu ideyanın məqsədi hakimiyyətin bir əldə cəmləşməsinin qarşısını almağa yönəlmişdi. Çünki hakimiyyətin bir əldə cəmləşməsinin cəmiyyət həyatında ağır nəticələr doğurduğu məlum idi. İlk dəfə bu ideya ABŞ Konstitutsiyasında (1787-ci il) öz əksini tapdı.
ABŞ Konstitutsiyasına görə qanunverici hakimiyyət ABŞ Konqresinə məxsusdur. Prezident xalqın ümumi səsverməsi ilə seçilir. Konqres hökümətə ehtimadsızlıq göstərib istefaya göndərə bilməz, eləcə də prezident Konqresi buraxıb növbədənkənar parlament seçkiləri keçirə bilməz. Lakin Konqres impicment prosedurasının köməyi ilə prezidenti, hökümətin üzvlərini, federal hakimləri vəzifələrindən kənarlaşdıra bilər.
Hökümət prezident tərəfindən formalaşdırlır, lakin hökümətin tərkibi Konqresin palatası olaraq Senat tərəfindən təsdiq edilir. Prezident tərəfindən təyin edilən hökümət üzvlərinin namizədliyi Senat tərəfindən təsdiq olunmadan onlar vəzifələrinin icrasına başlaya bilməzlər.
Prezident federal icra hakimiyyətinin başçısıdır. Konqres icra hakimiyyətinə münasibətdə prezident adminstirasiyası tərəfindən qanunların necə icra olunmasına, büdcə vəsaitlərinin necə xərclənməsinə nəzarəti həyata keçirir. Prezident fəaliyətində icra fərmanları verir, Konqres həmin fərmanları ləğv edə bilməz, lakin Ali Məhkəmə hesab etsə ki, bu fərmanlar Konstitutsiyaya ziddir, belə halda Ali Məhkəmə həmin fərmanları ləğv etmək səlahiyyətinə malikdir.
Göründüyü kimi, ABŞ Konstitutsiyası hakimiyyət bölgüsünün unikal sistemini yaratmışdır və bu özünün üstünlüyünü təsdiq etmişdir. ABŞ-in dünyada nüfuzu, lokomativ rolu və böyük imkanlar ölkəsi kimi tanınması bunun göstəriciləridir.
Sonraki dövrlərdə isə hakimiyyətin bölgüsü prinsipi digər demokratik ölkələrin konstitutsiyasında təsbit edildi.
Prezident idarəçiliyində, eləcə də parlament idarəçiliyi sistemində qanunverici hakimiyyət, hakimiyyətin digər qollarının yaradılmasına həleidici rol oynayır.
Qanunverici hakimiyyət səlahiyyəti xalqdan, seçicilərdən alır, icra və dövrü olaraq məhkəmə hakimiyyətini, siyasi elitanı formalaşdırır, ölkənin siyasi kursunu, sosial – iqtisadi inkişaf istiqamətlərini müəyyən edir.
Parlamentarzmin inkişafında siyasi partiyaların rolu böyükdür. Siyasi plüralizmin mühüm forması çoxpartiyalılıqdır.
Müasir dövrdə partiya sisteminin iki növü təşəkkül tapmışdır: iki partiyalı və çoxpartiyalı sistem. İkipartiyalı sistemin nümunələri ABŞ və Böyük Britaniyadır. ABŞ-da demokratlar və respublikaçılar partiyası, Böyük Britaniyada konservatorlar və leyboristlər partiyası siyasi mübarizədə rəqabət aparırlar. Bununla bərabər həmin ölkələrdə seçkilərdə müstəqil olaraq kiçik partiyalar da iştirak edirlər, lakin ölkənin siyasi həyatına ciddi təsir göstərə bilmirlər.
Müasir Avropa ölkələrində isə siyasi həyatda çoxpartiyalı sistem mövcuddur və demək olar ki, bütün siyasi cərəyanlar: mühafizəkarlar, liberallar, sosial-demokratlar, sosialistlər, millətçilər və son illər “yaşıllar” və s. parlament seçkilərdə mübarizə aparırlar. Siyasi rəqabət şəraitində, azad, bərabər, ədalətli seçkilər yolu ilə parlamneti formalşdırırlar. Misal üçün, Avstriya, Almaniya, Finlandiya, Danimarka, Niderland, İsveç, Norveç, İsrail və s. demokratik, inkişaf etmiş ölkələrdə parlamentlər dörd il müddətinə proporsional sistem üzrə formlaşdırılır. Parlamentlərin dörd il müddətinə seçilməsi siyasi elitanın təzələnməsinin optimal müddətini, proporsional sistem isə siyasi partiyaların rəqabətli mübarizəsini təmin edir.
Belə bir sistem imkan verir ki, siyasi rəqabət şəraitində bütün siyasi partiyalar ölkənin seçiciləri qarşısında öz proqramları ilə çıxış edirlər və seçkinin nəticələri ilə hakimiyyətə gəldikləri təqdirdə proqramlarının həyata keçirilməsində kollektiv məsuliyyət daşıyırlar, əlavə olaraq onu da qeyd etmək lazımdır ki, demokratik siyasi həyat tərzi istefa mədəniyyəti və ənənəsini də yaratmışdır. Bu da siyasi həyatda mənəvi məsuliyyətin forması kimi çox önəmlidir.
Prezidentli, parlamentli və prezidentli-parlamentli (qarışıq tip) respublikalarda parlamentin icra hakimiyyətinin (hökümətin) fəaliyyətinə nəzarətdə böyük səlahiyyətləri vardır. Parlamentli respublikada isə hökümət parlament tərəfindən formalaşdırlır və zərurət yarandıqda istefaya göndərilir.
Ölkəmizdəki hakimiyyət bölgüsünü müasir demokratik ölkələrdəki hakimiyyət bölgüsü ilə müqayisə etmək mümkün deyil: Proporsional sistem mövcud deyil, ona görə də seçkilərə siyasi partiyalar nəzarət edə bilmir, parlamentdə siyasi partiyaların mübarizəsi yoxdur, qanun layhiələri icra hakmiyyətindən daxil olur, ən əsası parlamentin icra hakimiyyətinin fəaliyyətinə nəzarət funksiyası yoxdur.
Korrupsiya, monopoliya, işsizlik, və s. sosial problemlər nəticələrdir. Səbəbləri aradan qaldırmaq lazımdır. Səbəblərdən ən əsası isə hakimiyyət bölgüsünün problemidir.
Tarix: 25-11-2021, 21:47
Xəbəri paylaş



Xəbər lenti