Peşəkar ordu qurmaq vacibdir

Hüquq müdafiəçisi Anar Məmmədli
Ötən il müharibə bitəndən bəri vaxtaşırı toxunduğumuz mövzulardan biri peşəkar və modern ordunun yaradılması məsələsidir. Bu geniş mövzudur. Amma son günlər ordu ilə bağlı nəzərə çarpan iki ciddi problem bizi təcili şəkildə peşəkar ordu quruculuğuna başlamağa məcbur edir.
Birincisi, hərbi qulluqçuların sosial təminat məsələsidir. Yəni həm orduda xidmət edən şəxslərin, həm də hərbi xidmət zamanı yaralanan və ya şəhid olan qulluqçuların sosial təminat sistemi təkmilləşməlidir.
İkincisi, hərbi qulluqçuların ideoloji hazırlığı məsələsidir. Bir neçə gün öncə sərhəddə baş verən toqquşmalar zamanı qarşı tərəfdən əsir düşmüş əsgərləri əli-qolu bağlı döyən hərbçilərimizin video görüntüləri yayıldı. Burada problem görüntülərin yayılmasından öncə bu cür utancverici davranışın baş verməsindədir. Düşmən ordusundan əsir götürmüsənsə, onu tərk-silah edib, adı, soyadı və rütbəsini dəqiqləşdirib komandanlığa təhvil verməlisən. Bunun alternativi cinayətdir.
Bu iki problemin kompleks şəkildə həlli üçün Azərbaycan ordusunda şəxsi heyətin tamamən peşəkarlardan ibarət müqaviləli orduya keçid prosesinə başlanmalıdır. Hərbi qulluqçuların sosial təminatı ilə yanaşı müharibə hüququ üzrə prinsipləri mənsiməməsi təmin edilməldir.
Bizə fərdi müqavilə əsasında xidmət edən peşəkar hərbi qulluqçular lazımdır ki,
  • hərbi əməliyyatlarda ölüm və yaralanma riskləri azalsın;
  • orduda sosial bərabərsizlik və korrupsiya aradan qalxsın;
  • orduda işgəncə və pis rəftar halları aradan qalxsın;
  • yaralanan və ya şəhid olan hərbçilərin sosial təminatı ilə bağlı dövlətin cavabdehliyi artsın;
  • heç bir hərbi qulluqçu yaralandıqda sosial ehtiyac içində yaşamasın;
  • şəhid olan hərbi qulluqçuların yaxınları maneəsiz təzminat ala bilsinlər;
Kimsə düşünürsə ki, peşəkar orduya zəruri maliyyə vəsaiti çatışmayacaq, buyursun dövlət büdcəsindən müxtəlif layihələrə ayrılan vəsaitlərin miqdarını hesablasın. Orduda xidmət edənlərin sosial təminatı nə polisdə, nə də prokurorluqda çalışanlardan aşağı olmamalıdır.
Ümumiyyətlə, ikinci Qarabağ müharibəsindən sonra ordunun şəxsi heyətinin 100 min nəfərdən artıq olmasına ehtiyac yoxdur. Hazırda beynəlxalq standartlara uyğun 60-70 min nəfərlik peşəkar ordu ölkənin hərbi müdafiə doktrinasını icra etməyə yetərlidir.
Tarix: 22-11-2021, 08:53
Xəbəri paylaş



Xəbər lenti