Vüqar Dadaşov: Brüssel görüşünün konkret nəticələrlə məhsuldar olacağına inam azdır


İlham Əliyev və Nikol Paşinyan dekabrın 15-də Brüsseldə Avropa İttifaqı-Şərq Tərəfdaşlığı sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.
İlkin məlumata görə, İlham Əliyev və Nikol Paşinyan sərhəddə insidentlərin qarşısını almaq üçün müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması barədə razılığa gələcəklər. Verilən məlumatın nə qədər düzgün olub-olmamasından asılı olmayaraq Rusiyanın iştirakı olmadan görüşün özünün belə baş tutması müsbət nəticələrə səbəb ola bilər. Ancaq ki, bu görüşün konkret nəticələrlə məhsuldar olacağına inam azdır, təbii ki, formal razılaşmaları nəzərə almasaq. Əvvələ yada salaq ki, bu görüşdən əvvəl Vladimir Putinin mətbuat katibi Peskov Moskvada İlham Əliyevlə Nikol Paşinyanın görüşünün anonsunu vermişdi, lakin bu görüş Paşinyanın çıxışından sonra ləğv edildi. Bu halda Moskva məsələdə monopoliyasını və nüfuzunu saxlamaq üçün Nikol Paşinyanın İlham Əliyevlə vacib razılaşmanın əldə edilməsinə yol verməz. Güman ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın Brüsseldə gözlənilən görüşünün ləğv edilməsinə cəhdlər də olacaq.
Digər tərəfdən, real siyasi perspektiv baxımından heç Azərbaycan üçün də bitmiş Qarabağ məsələsinin hər hansı bir Beynəlxalq platforma çərçivəsində müzakirəsi arzu edilən deyil. Azərbaycan 10 noyabr, 11 yanvar üçtərəfli razılaşmalarından irəli gələn və hələ də icra edilməyən müddəaların və eləcədə yekun sülh müqaviləsinin imzalanması prosesini 2+2 formatında, daha doğrusu Ermənistan, Rusiya və Azərbaycan, Türkiyənin çevrəsi daxilində həlində maraqlıdır. Burada bir vacib məsələ ondadır ki, Rusiya baxmayaraq ki, Ermənistan Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanmasında, Qarabağda separatizmin tam məhv edilməsində maraqlı olmasa da, Azərbaycan öz siyasi məqsədlərinə çatmasını Rusiyanın iştirakı ilə mümkün hesab edir və təbii ki, Rusiyanın müəyyən maraqlarının nəzərə alınması şərti ilə. Rusiya ətrafında halqanın sıxılması və reallaşmağa doğru gedən geniş miqyaslı Ukrayna Rusiya müharibəsi gözləntisi şəraitində Rusiya üçün yeganə nəfəslik rolunu oynayan Türkiyə ilə razılaşmaq məcburiyyətindədir və təbii ki, bu da Azərbaycan maraqlarının təmini deməkdir. Rusiya əvvəl ki, kimi hərbi və iqtisadi gücə malik deyil. 44 günlük müharibə Rusiya hərb mexanizminin gücsüzlüyünü göstərdi.
Digər tərəfdən isə Rusiya hətta patronajında olan KTMT-na üzv dövlətlərə təsirini əhəmiyyətli dərəcədə itirib hansı ki, bu təşkilata elə türk təşkilatı kimi baxmaq daha doğru olardı. Türkiyənin keçmiş Sovet İttifaqı respublikalarına real və güclü təsirini qəbul edən Rusiya elə Türkiyə ilə münasibətini müttəfiqlik səviyyəsinə gətirmək niyyətindədir. Bəziləri isə Rusiya və Belorus arasında vahid dövlət quruculuğuna aid Putin Lukaşenko arasında imzaladıqları razılaşmadan sonra Rusiyanın keçmiş Sovet Respublikalarına təsirinin daha da artacağını bildirir, ancaq bu qənaət tamam yanlışdır ona görə ki, Belorusun müstəqilliyin itirilməsi vəziyyətdə Rusiyadan qaçma meylləri güclənir və müstəqil respublikalar üçün real qorxuya çevrilir. Rusiya və Belorusiya vahid dövlət razılaşmasının icrası Rusiyanı imperialist mahiyyətindən əl çəkmədiyini göstərən real sübutdur. Əslində bu razılaşma beynəlxalq aləmdə Rusiyaya qaçılmaz çətinliklər və sınaqlar vəd edir. Görünəndə odur ki, Rusiya öz vəziyyətinə görə Türkiyə onun üçün ölüm-qalım məsələsi qədər olduqca vacib tərəfdaşdır. Ona görə də Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmaq istəyini bu və digər şəkildə bildirir.
Digər əhəmiyyətli xəbər isə, Türkiyə prezidenti ilə İsrail prezidentlərinin telefon danışığının baş tutmasıdır hansı ki, nəticə etibarı ilə Azərbaycanın və Türkiyənin daha da güclənməsinə, siyasi manevr imkanlarını artırır.
Siyasi vəziyyətin analizi göstərir ki, Ermənistan Azərbaycanla Rusiyadan xəbərsiz və onun iştirakı olmadan məzmunlu danışıqlara gedərsə, sərt cəzalandırıla bilər və hətta ərazi bütövlüyü, dövlətçiliyi böyük sual altına düşər. Ona görə də Brüsseldə gözlənilən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş
naziri Nikol Paşinyanın gözlənilən görüşündə əhəmiyyətli razılaşmanın əldə olunacağı inam çox azdır. O ki, qaldı nəticəsindən asılı olmayaraq Azərbaycanın bu görüşə razılıq verməsi, siyasi mədəniyyət, diplomatik əxlaq, konstruktiv siyasət nümayişi və danışıqlara açıq tərəf olmağını göstərmək istəyidir.
Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, hüquqşünas
Neqativ.com
Tarix: 21-11-2021, 21:28
Xəbəri paylaş



Xəbər lenti