Natiq Cəfərli: “Oyun qaydalarının dəyişməsi yeni Konstitusiyanın qəbulundan keçir"



“Azərbaycanda ictimai-siyasi hadisələri analiz etmək üçün müstəqillikdən üzü bəri olub-bitənləri öyrənmək, bilmək çox vacibdir. Çünki tarix həmişə iki dəfə – birinci dəfə faciə, ikinci dəfə isə tragikomediya və fars şəklində təkrarlanır. Ötən əsrin sonuna yaxın ölkənin müxalif camiyası “X gününü” gözləməyə başladı. Tezisləri bu idi ki, Heydər Əliyev rəhmətə gedəndən sonra ölkədə mütləq hər şey dəyişəcək və siyasi altevnativ olduqlarına görə deyil, məhz təbiətin qanununa əsaslanaraq onlar hakimiyyətə gələcəklər. Bununla bağlı onlarla, yüzlərlə məqalələr, müsahibələr var, yaxşı bir araşdırmaçı lazımdır ki, zamanını xərcləyib o sürəci bütün detalları ilə qələmə alsın. Ümumiyyətlə, bizim ən yeni tariximizin strukturlaşmış, detallaşdırılmış, obyektiv təhlil edilmiş yazılı forması yoxdur, baxmayaraq ki, media arxivləri açıqdır”.
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.
 
“Həmin “X günü” gəldi, amma planı-proqramı, ciddi beynəlxalq əlaqələri olmayan müxalif kəsim uduzdu, planları baş tutmadı. “X günü Şahidləri” bu məğlubiyyətdən dərs çıxartmayaraq növbəti bənzər günlər gözləməyə başladılar. Öz siyasi davranış və düşüncələrində ciddi dəyişiklik etmədən sadəcə gözlədilər, ya da qonşu ölkələrdə baş verən prosesləri yamsılamağa çalışdılar (narıncı qalstuklar və köynəklər də yaddan çıxmayıb). Yəni, onlar X gününü gördülər, şahidi oldular, amma dərslər çıxartmadılar. Nəticədə İlham Əliyevin hakimiyyəti daha da möhkəmləndi. Müxalif camiyə isə gah neft qiymətlərinin düşəcəyi “X gününü”, gah da xaricdən kimlərinsə bunları dəstəkləyəcəyi “X gününün” yetişəcəyini gözlədilər. Son həftələr “X günü Şahidləri” növbəti dəfə gözləmə səbəbini dəyişiblər – yeni “tezisləri” budur ki, camaat acından öləcək, kasıblıqdan üsyan edəcək və bu da siyasi dəyişikliklərə səbəb olacaq. Son həftələr, “sosial partlayış olacaq”, şüarını tez-tez səsləndirən “X günü Şahidləri” ölkənin siyasi və iqtisadi anatomiyasını hələ də öyrənməyi, analiz etməyi bacarmırlar. Azərbaycan hakimiyyəti isə öz xalqını yaxşı öyrənib, yaxşı analiz edib, nəticələr çıxarıb davranır, avtoritarizmin iqtisadi dayağını yaradaraq milləti sistemdən asılı vəziyyətə salıb. 2022-ci il büdcəsindən 8,1 mlrd. manat büdcədən maliyyələşən insanların, dövlət sektorunun maaşlarına, 5,4 mlrd. manata yaxın isə təqaüd və sosial müavinatlara pul ayrılacaq. Ölkədə 910 min büdcədən maaş alanlar var, 1 mln. 300 min təqaüdçü var, 640 minə yaxın müxtəlif növ sosial müavinat alanlar var – bunların cəmi 2 mln. 850 min nəfər edir. Yəni, məmləkətin 10 mln. əhalisinin 3 mln. nəfərə yaxını büdcəyə “oturub”, deməli hər bir azərbaycanlı ailəsində, ortalama, 2 nəfər büdcədən pul alan var. Bunun üzərinə muzdla çalışan özəl sektorda müqavilə ilə maaş alan 750 minə yaxın insanı da gəlin – deməli, ölkədə 3 mln. 600 min nəfərin rəsmi gəlirləri var, bu o deməkdir ki, “camaat acından öləcək, sosial partlayış olacaq” tezisi yanlışdır. Həm də ona görə yanlışdır ki, məmləkətdə dövlətin sosial məsuliyyətinin böyük bir hissəsini “ailə institutu” öz üzərinə götürüb, qohum-əqraba şəbəkəsi bir-birinə əl tutur, yardım edir, dövlətin sosial məsuliyyətinin bir hissəsini öz üzərinə götürür – bu da “sosial partlayışın” amortizasiya edilməsinə yardımçı olur. Bəli, maaş və təqaüdlər aşağıdır, insanların gəlirləri aşağıdır, qiymətlər sürətlə artır, inflyasiya insanların real gəlirlərini içdən “yeyir”, bəli, ciddi narazılıq var – amma bu narazıların imdad dilədiyi yenə İlham Əliyevdir, indiki hakimiyyətdir. Çünki real gücü, maliyyəni, dəstək verəcək addımları Əliyevdən gözləyirlər, müxalif camiyədən yox. Səbəbi də çox sadədir, ölkədə artıq müxalifət olmaq yetərli deyil, alternativ olmağı öyrənmək, “nəyi, nə zaman, necə etmək” inhisarını Əliyevdən almağı bacarmaq lazımdır. Cəmiyyət, “bu gün bu problem var, həll edilməlidir”, deyib axtarışa çıxanda bu problemləri tək dilə gətirənləri deyil, həll etməyi bacaranları görüb onlara inanmalıdır. Demokratik təsissatları oturuşmamış, ənənələri olmayan, seçki sistemi formalaşmamış dövlətlərdə sosial ödənişlər artdıqca cəmiyyətin azadlıqları azalır. Avtoritar sistem pul verdikcə özünü daha rahat və haqlı hiss etməyə başalayır. Mənim idealımda olan dövlət sistemi “balıq” paylamır, amma “balıq” tutmaq üçün tilov verir və hamının eyni qaydalarla “balıq” tutnması üçün ədalətli şərait yaradıb adil hakim rolunda olur. Ona görə də dövlətdən daha çox maddi yardım istəyəndə ehtiyatlı olmalıyıq – yardımı, maaşı, təqaüdü, sosial ödənişləri artırdıqca, ölkə daha da avrotitarlaşacaq. Bir daha - bu korelyasiya demokratik təsissatları oturuşmamış, ənənələri olmayan, seçki sistemi formalaşmamış dövlətlərdə baş verir, bu tezisi oxuyub, lütfən mənə Avropadan, Skandinaviyadan misal gətirməyin. Beləliklə, “X günü Şahidlərini” unudub ölkənin gələcəyini yenidən təsis etmək lazımdır, bu gün hər bir Azərbaycan vətəndaşı inanmalıdır ki, iqtisadi, sosial çətinliklərin səbəbi ölkədəki “oyun qaydalarıdır”, bunun dəyişməsi isə mütləq yeni Konstitusiyanın qəbulundan, yeni təməlin yaranmasından, hərbi qələbənin yeni Ana Yasada öz əksini tapmasından keçir – başqa yol, sadəcə, yoxdur. Bunu hakimiyyət də, cəmiyyət də anlayanda ölkədə mütləq yeni dönəm – rifah dövlətinə keçid başlayacaq və məmləkətin pozitiv mənada “X günü”, çağdaş, dövrün çağırışlarına cavab verən yeni Konstitusiyanın qəbulu günü olacaq, biz hamımız da o günün şahidlərinə çevrilib Azərbaycanımızı Respublika kimi yaşadacağıq...” – N.Cəfərli qeyd edib
Tarix: 14-11-2021, 21:45
Xəbəri paylaş



Xəbər lenti