Volski və Polyaniçkodan qalan canişin postu – kosobokovlar da gedicidir




Hər dəfə Qarabağın dağlıq nahiyəsində nəsə bir xoşagəlməz hadisə baş verir və diqqətimiz “sülhməramlılar” adlanan hərbi kontingentin üzərinə yönəlir.
Onlar burada yeni deyillər, sələfləri çox olub.
Tarix boyunca başına gəlməyən müsibət qalmayan Qarabağda həmişə yadelli qoşunlar elədən belə, belədən elə keçib. İllərlə bu bərəkətli, energetik torpaqda müxtəlif ölkələrin valiləri, canişinləri hökmdarlıq ediblər, amma heç kəs Qarabağı Azərbaycandan qopara bilməyib.
Rusların öz patavaları ilə bu torpağa ayaq açdıqları 200 ildə də Qarabağ çox valilər, qoşunlar görüb. Onların içində özünü buraların daimi ağası sayanlar da olub, burada müvəqqəti olduğunu bilənlər də.
Özünü Qarabağın “xozeyn”i sayan axırıncı yadelli qüvvələrin adı “sülhməramlı”, canişinin soyadı isə Kosobokovdur. Bu dəfə ruslar 200 il əvvəlkindən fərqli olaraq Qarabağda böyük ordu kontingenti ilə yerləşməyiblər, 2 min əsgərlik məhdud kontingentləri var, üstəlik, mövcud olduqları coğrafi məkan da dardır. İndi onlar Şuşada, Cəbrayılda, Ağdamda, Füzulidə yox, yalnız Xankəndi və onun yaxın ətrafında mövqe tutublar.
32.jpg (95 KB)
33 il əvvəl isə Qarabağın külli-ixtiyar sahibi Arkadi Volski idi. Ermənilər 1988-ci ildə Azərbaycan Respublikasına qarşı silahlı üsyan qaldırıb tabesizlik göstərəndə SSRİ rəhbəri Mixail Qorbaçov köhnə metallurq, ictimai-siyasi xadim Arkadi Volskini Qarabağ üzrə xüsusi idarəetmə komətsinin rəhbəri təyin etdi.
Əvvəlcə qiyamşı-separatçı ermənilər də, Qarabağın dağlıq hissəsinin ölkədən qoparılmasını istəməyən azərbaycanlılar da Volskiyə böyük ümidlər bəsləyirdilər, hətta 1989-cu ildə hər iki icma onu yekdilliklə SSRİ Ali Sovetinin deputatı seçmişdi (daha dəqiqi, Moskvanın seçiminə hörmətlə yanaşmış, etiraz etməmişdilər).
Əslində Volskinin əsas vəzifəsi SSRİ-nin ucqarında millətlərarası münaqişəyə yol verməmək, qarşı-qarşıya duran, köhnə ədavətin alovlanmasıyla yenidən bir-birilə düşmənçilik aparan iki xalqın – ermənilərin və Azərbaycan türklərinin Moskvaya eyni dərəcədə sədaqətli olmasını, heç birinin incik düşməməsini təmin etmək idi.
6.jpg (24 KB)
Ancaq sonradan tərəzinin gözü ermənilərin xeyrinə ağır basdı. Görünür, Kremldə belə məsləhət olmuşdu ki, əsas məsələ qiyamçı və faəl ermənilərin incik düşməməsidir, azərbaycanlılar isə, əvvəlcə incisələr də, sonradan könüllərini almaq mümkündür. Bu üzdən Arkadi Volski gündən-günə bariz şəkil alan tərzdə ermənipərəst siyasət yeridirdi. Gəncliyində qılıncoynatma dərsi almış Volski öz qılıncını ermənilərin xeyrinə oynatmağa başlamışdı, onların silahlanmasına göz yumur, İrəvandan gələn təxribatçı-separatçıların sərbəst fəaliyyətinə mane olmurdu. Bu isə Azərbaycan tərəfində ciddi narazılıq doğurmuşdu.
Arkadi Volskidən sonra bu vəzifəyə Viktor Polyaniçko təyin olundu. Ona qədər Polyaniçko faktiki olaraq Azərbaycanın canişiniydi, respublikanın Kommunist Partiyasının Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsini tuturdu.
Bu dəfə ermənilər onun təyinatından narazı qalmışdılar və Polyaniçkonun azərbaycanlıların xeyrinə fəaliyyət göstərdiyini deyir, yazır, hay-küy salırdılar. Azərbaycanlılar isə əksinə, onun ermənilərə işlədiyini iddia edirdilər. Ancaq belə görünürdü ki, keçmiş jurnalist Polyaniçko əslində Moskvaya işləyir və çalışır ki, Kremlin bölgədəki maraqlarına ziyan dəyməsin. Onun canişinlik təcrübəsi hələ Əfqanlstanda prezident Nəcibullanın müşaviri işlədiyi vaxtlardan vardı.
5.jpeg (99 KB)
SSRİ dağılandan sonra Viktor Polyaniçko Moskvaya qayıtdı, il yarımdan sonra yenidən Şimali Qafqazda canişinlik vəzifəsi aldı, amma 1993-cü ilin avqust ayının 1-də Şimali Osetiyada inquş döyüşçülərin rəhbərliyi ilə görüşə gedərkən pusquya salınıb öldürüldü. Belə bir iddia var ki, onun qətlində ermənilərin əli olub. Bu nə dərəcədə doğru iddiadır, bilinmir, çünki bu qətl işinin üstü açılmayıb. Bilinən odur ki, onun ölümündə Azərbaycana bağlılığı olan heç kəsin rolu yoxdur.
İndi, uzun illərdən sonra Rusiyanın Qrabağdakı canişini postu yenidən bərpa olunub. Bu dəfə bu post artıq siyasi səciyyə daşımır, sırf hərbi xarakterdədir və daha çox bir dövlətin başqa dövlət ərazisindəki hərbi bazası rolundadır. Fəqət “sülhməramlı” adlanan qüvvələrin siyasi funksiyası da var, onlar ermənilərlə Azərbaycan türkləri arasında sülhü qorumalıdırlar, müharibənin alovlanmasına imkan verməməlidirlər.
7.jpg (27 KB)
"Sülhməramlılar"ın əvvəlki rəisi Rüstəm Muradovun ermənilərlə qucaqlaşması rusların məğlub olmuş ermənilərin könlünü almaq cəhdi olduğu üçün buna o qədər fikir vermirdik. Amma bu şəxs erməni əsirləri əlimizdən alıb İrəvana daşıması belə ermənilərin ondan Kremlə şikayət etməsinə mane olmadı. Nəticədə adamı əvəz etdilər (yenə də bir ayağı buradadır).
65.jpg (10 KB)
Hazırda bu qüvvələrin sırf ermənilərin içində yerləşməsi isə onların ermənilərə qoruqçuluq etməsi, Qarabağda erməni separatçılarının mövcudluğunu saxlamaq istəmələri mənasına gəlir. Son günlərdə Xankəndidəki “sülhməramlılar”dan gələn xəbərlər (“xilaskar əsgər” abidəsi quraşdırmaları, ermənilərə hər cür yardımlar göstərilməsi, hərbçilərimizin postuna qumbara atan erməni caninin aradan çıxarılması və s.) isə yenidən ölkəmizdə narazılıq və əndişə doğurmaqdadır. Deyəsən, tərəzinin gözü yenə ermənələrə tərəf əyilir.
Yəqin ki, bu cür davam etməyəcək. Azərbaycan 30 il əvvəlki kimi aciz, əliyalın deyil, indi fərqli gücdədir, beynəlxalq dəstəyi də var.
Sadəcə, bir az səbr etmək, daha sonra ortaya qətiyyətli mövqe qoyaraq kosobokovları volskilərin, polyaniçkoların ardınca göndərmək lazımdır.
 Xalid KAZIMLI
Tarix: 14-11-2021, 09:55
Xəbəri paylaş



Xəbər lenti