Bu Milli Məclis buraxılmasa.... - Deputatlar niyə lağlağı, hoydu-hoydu hədəfinə çevrilib?


 
 
Afrika qitəsində ən feodal səviyyədə olan ölkələrdən biri Svazilendin (həmçinin Esvatini adlanır) parlamentini də belə təsəvvür etmək olmur. 
BMT-yə gəlmiş bu dövlətdə çoxpartiyalı sistem mövcuddur. Amma siyasi partiyalar leqal fəaliyyət göstərə bilmir. Hər beş ildən bir keçirilən seçkilər ilə həm Senat, həm də Milli Assambleya üzvləri seçilir təyin edilir.
Necə tanış mənzərədir: təyinatlı Azərbaycan parlamentinin üzvləri də bir ağızdan gələn havaya oynayırlar. Onların olduqları yer isə Milli Məclis, özləri millətin vəkilləri adlanırlar. 
Amma millətin əleyhinə olan bütün qərarlara yekdilliklə səs verirlər, millətin əleyhinə çıxış edirlər, milləti günahkar çıxarırlar və indiki Hadı Rəcəbli yoxdur, amma onun boşluğunu layiqincə dolduranlar var: biri çıxıb bahalaşmaya, rüsumların artırılmasına etiraz etmir, birinin dilindən xalqın maraqlarına uyğun çıxış eşidilmir, biri millətin ürəyindən tikan çıxaran söz demir. 
Əvəzində biri kişilərin arvadlarına evdə gördüyü işə görə pul ödəməyi təklif edir, biri artan rüsumların əhaliyə zərəri olmayacağını bildirir, bəs birinin vicdanı sızıldamır ki, niyə belə edirsiniz desin?! Əslində, əksəriyyəti keçmiş PA rəhbəri Ramiz Mehdiyev nomenklaturasının yetişdirməsi olan deputatlardır. 
O mənada özünü doğrultmayan və islahatçı parlamentə çevrilməyən bu tərkib buraxılmalıdır, seçkiyə gedilməlidir. Çünki Milli Məclis tamamilə müstəqilliyini hökumətə təslim edib. Deputatların heç biri hökumətin sosial siyasətinə belə etiraz edə bilmir. Sanki əmr quludurlar, hansı qanun layihəsi gəlirsə, xalqın zərərinə olub-olmadığını dartışmadan bilmərrə şəkildə təsdiqləyirlər. Bəs millət kimə güvənsin, onun səsini kim eşitdirsin? 
Parlamentdə bir kərə qazilərin veteranlıq məsələsi qaldırılmır, bir kərə şəhid ailələrinin intihara cəhd etməsi, yerli icra orqanları rəhbərlərinin özbaşınalıqları dilə gətirilmir, kimsə əhalinin sosial güzəranı haqda danışmır - marketlərdə günbəgün bahalaşma, kommunal xidmətlərin qiyməti qaldırılıb, rüsumlar artırılıb və bunu kompensasiya edəcək maaş artımı hələ yanvardan qüvvəyə minəcək. Ancaq o da kompensasiya etməyəcək, çünki yeni inflyasiya və bahalaşma gələcək. 
Anaxeber.info yazır ki, R.Mehdiyevin qabından su içən deputatlarla vidalaşmaq, psevdomüstəqil də olsa bir yeni Milli Məclis formalaşdırmaq artıq əşhədü ehtiyacdır. Ona görə ki xalqın ölkənin qanunverici orqanına, son dərəcə hörmətli tribunasına nəinki inamı, etimadı qalmayıb, artıq məsxərə obyektinə çevrilib, deputatlar sosial şəbəkədə lağa qoyulur, ələ salınır, çıxışları hoydu-hoyduya götürülür, şəbədə qoşulur.
Axı niyə millət vəkilləri özlərini bu qədər hörmətsiz ediblər ki, insanların gülüş hədəfinə çevriliblər?! Nə üçün Milli Məclis kimi bir orqan indi az qala teatr tamaşası təəssüratı yaradır? 
Cəmiyyət bəzi nazirliklərə, müəyyən qurumlara daha çox etibar edir, nəinki parlamentə. Hər kəsdə bir əminlik var ki, deputatlar heç vaxt xalqın xeyrinə olan qərarlar verməyəcək. Artıq xalq parlamentə ikinci Tarif Şurası kimi baxır. Dünyanın heç bir ölkəsində parlament bu qədər deformasiyaya uğramayıb. 
Halbuki 90-cı illərdə, 2000-ci illərin ortalarında Milli Məclis nüfuzlu bir yer idi, siyasi dartışmalar, gərginliklər meydanıydı.
Çünki müxalifətin real simaları orada yer alırdı, həqiqətləri çılpaq şəkildə söyləyənlərdən deputat olanlar var idi, hökumətin heç də hər qanun layihəsi asanlıqla parlamentdən keçmirdi, çünki etirazlar, əleyhinə səs verənlər olardı. 
İndisə sözəbaxan bir parlamentə şahidik. Səbəb sadədir - Milli Məclisdə İqbal Ağazadə kimi siyasətçilər olmayanda meydan biət edənlərə qalır. Onlardan da kimisi Xankəndini ermənilərə güzəştə gedib, Mehrini almağı təklif edir, kimisi xuliqanlığa görə həbs edilir... Bəlkə də tarixin ən uğursuz parlamentidir və tezliklə hakimiyyət dəyişikliklərə getməlidir: proporsional seçki sisteminin bərpası, heç olmasa yarımazad seçkilər keçirilməsi, xalqın səsinə səs verən partiya sədrlərinə, siyasətçilərə mandat verilməsi təmin olunmalıdır. Ölkənin mötəbər tribunasına bu cür rəzil vəziyyətə salmaq qalib ölkəyə yaraşmaz...
 
 
Tarix: 4-11-2021, 08:13
Xəbəri paylaş



Xəbər lenti