“Unutmasınlar ki, İranda bir çağırışa bənd olan 40 milyona yaxın soydaşımız yaşayır” – Tural Abbaslı


"İranın Azərbaycanın daxili işlərinə qarışması üçün heç bir hüququ və səlahiyyəti yoxdur. İkinci Qarabağ müharibəsində tutduqları mövqeyə əsasən, deyə bilərik ki, Azərbaycanın işinə müdaxilə etmək üçün İranın heç mənəvi haqqı da yoxdur. Dost və qonşu dövlətlərin bir sıra hallarda bir-birlərinin üzərində mənəvi haqqları olur, amma İranın buna nə siyasi, nə də mənəvi haqqı çatmır. Ona görə də, dövlətimizi təhdid edən Ərdəbil mollasına demək istəyirəm ki, gedib öz işi ilə məşğul olsun, ac-yalavac qoyduqları 80 milyonluq xalqın dərdinə yansın".
 
Bunu Pravda.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı deyib.
 
Partiya sədri bildirib ki, İran öz təhlükəsizliyinin qeydinə qalsın, Azərbaycanı təhdid etməsin: "Ümumiyyətlə, heç kim dövlətimizi təhdid edə bilməz, çünki Azərbaycan təhdid olunası dövrü keçib. Ölkəmiz ərazicə və əhalisinin sayına görə nisbətən kiçik dövlət ola bilər, amma 44 günlük Vətən müharibəsində öz vətəni, milləti, heysiyyatı uğrunda ölməyə və öldürməyə hazır olduğunu göstərən xalq var. Ona görə də istər Rusiya ya İran, istərsə də Fransa və ya Amerika olsun, hər kəs yerini bilməlidir. Bu baxımdan, mənim məsləyə münasibətim kəskindir və partiya olaraq da mövqeyimizi bildirmişik. Əgər İran Azərbaycanla normal qonşuluq münasibətini davam etdirmək istəyirsə, gəvəzə sözçülərinin danışıqlarına diqqət etsin. Unutmasınlar ki, İranda bir çağırışa bənd olan 40 milyona yaxın soydaşımız yaşayır".
 
T.Abbaslı din xadimlərinə çağırış edib: “İranın din pərdəsi altında gizlənərək minlərlə vətəndaşımızın fikrini öz xeyirlərinə yönləndirən din xadimləri belə nüanslarda oyanmalıdırlar. Görsünlər ki, İran, əslində din, islam və şiəlik adı altında fars siyasəti yürüdür və din onları, ümumiyyətlə, maraqlandırmır. Həmin adamlar "İran" sözü ilə "İslam" sözünü ayırsınlar. Doğrudan da İran şiəliyin mərkəzi olsaydı, əli minlərlə müsəlmanın qanına bulaşmış ermənilərin yanında yox, müsəlman dövləti olan Azərbaycanın yanında olardı".
Tarix: 22-09-2021, 18:02
Xəbəri paylaş



Xəbər lenti