İran niyə narahatdır?


Natiq Adilov
Vəliyyi-Fəqihin Ərdəbil Vilayəti üzrə nümayəndəsi Ayətullah Seyid Həsən Amili Azərbaycan, Türkiyə və Pakistan hərbçilərinin birgə təlimlər keçirməsinə münasibət bildirib.
SəhərAzəri-nin verdiyi məlumata görə, cənab Amili Ərdəbilin dünənki cümə namazı xütbələrində deyib ki, hər bir ölkənin istədiyi tərəfdaşı ilə birgə hərbi təlimlər keçirməsi onun suveren hüququdur, lakin son təlimlərin hansı kontekstdə təşkil olunması narahatlıq doğurur. Belə ki, təlimlər ərəfəsində Türkiyə hakimiyyətinə yaxın Yeni Şafak qəzetinin Azərbaycan Milli Məclisinin üzvü ilə müsahibə aparıb həmin müsahibəyə “İran xəritədən silinəcək” başlığını seçməsi təəssüf doğurur.
İmam cümə qeyd edib ki, bununla da nə Türkiyə, nə də Azərbaycan qonşuluq haqqını yerinə yetirmədilər. Ona görə də İran Milli Təhlükəsizlik Ali Şurası Arazın bu tayında silahlı qüvvələrin güc nümayiş etdirməsinə icazə verməlidir.
Bu xəbər narahatlıq doğurur.
Birincisi, işin ironik tərəfi budur ki, 3 müsəlman dövlət təlim keçirir, 4-cü bundan narahat olur. Bilirəm, deyəcəksiniz, bu üç dövlət dini dövlət deyil. Razı. Amma gəlin onunla da razılaşaq ki, adı çəkilən 4 dövlətin 4-ü də rəsmi təliğatlarında müsəlman təəssübkeşliyini qabardır, dünyanın qeyri-müsəlman dövlətlərinin onlara tələ qurduğunu, paxıllıq etdiyini və s. deyir. Düzdümü? Demək, adi bir fakt göstərir ki, din amilinə referanslar xalqın başını qatmaqdan savayı bir şey deyil.
İkincisi, cənab Amilinin iqtibas verdiyi fikirlər məni xeyli təəccübləndirdi. Dedim, ilin günün bu vaxtdı elə kəskin bəyanatı hansı şir ürəyi yemiş deputat verib? Axtardım tapmadım. “Yeni Şafak”ın saytında belə bəyanat gözümə dəymədi. Belə bəyanat olub. Ancaq, 6 il əvvəl hökumətin mandat verdiyi bir oyuncaq partiya sədri deyib. Bəs görəsən, cənab Amiliyə bu xəbər niyə belə gec gedib çatsın?
Bu umu-küsünü aradan qaldırmaq üçün Bakı İslam Oyunları kimi, birgə İslam Hərbi təlimləri də keçirə və uzaq İndoneziyadan, Çeçenistana (Talibanı hələlik qıraqda saxlamaq şərti ilə) qədər hamını cəlb edə bilər. Biz Qarabağ müharibəsini bitirməmişik. Əlavə dava-şayaya, gərginliyə ehtiyac yoxdur.
Qeyd edim ki, İran mediası Rusiyanın da Qarabağdakı fəaliyyətini zərif formada tənqid edir, aşkar hiss olunur ki, Rusiyanın Qafqazda güclənməsi onlar da narahat edir. Burda bizim maraqlar nə qədər müxtəlif mənşəli olsa da tutuşur. Lakin, o da aşkardır ki, İranla 44 günlük müharibədən bəri nahamar vəziyyət var. Hər iki tərəfdə də onu yola qoymaq üçün gözəçarpacaq fəaliyyət görünmür.
Fikir vermisinizsə, Cəbrayılın işğaldan azad olunmasının bir ili tamam olacaq, ancaq bu zamana qədər ordan 4 dəfə keçən nə İlham Əliyevin, nə bir başqa Allahın qulunun Arazın üzərində İranın tikdiyi müştərək su-elektrik stansiyasına keçib selfi edə bilməyib.
Ümid edək, bu müşkülat əlavə dərd-sər vermədən həllini tapsın.
Tarix: 20-09-2021, 15:16
Xəbəri paylaş



Xəbər lenti