Qərbin “beşinci kolon”u Azərbaycanda hərəkətə keçdi – İLGİNC OLAYFOTO



Redaksiyalara göndərilən, özünü ABŞ səfirliyinin əməkdaşı kimi təqdim edən mübhəm amerikalı necə deşifrə olundu?

“Azərbaycanda peyda olan bir amerikalı redaksiyaları gəzərək məlumat toplayır”.
Bu haqda demokrat.az saytı məlumat yayıb. Kifayət qədər ciddi və arxasında qaranlıq məqsədlərin dayandığı bir işə oxşayır.
Sayt yazır: “Hələlik kim olduğu bilinməyən, lakin saxta vizit kartında səhra əməliyyatları üzrə direktor yazılan Rid Mikkelsen adlı həmin şəxs özünü ABŞ səfirliyinin əməkdaşı kimi qələmə verir”.

Xəbərdə bildirilir ki, o, xəbərsiz redaksiyalara gəlir, şübhəli suallar verərək onların maliyyə məsələlərini aydınlaşmağa cəhd edir. Eləcə də, redaksiyalarda müxtəlif tipli suallara mövqe öyrənməyə çalışır.
Sitat: “Maraqlıdır ki, artıq bir sıra redaksiyalara baş vurmuş bu şəxs sonda görüşlə bağlı heç bir məlumat verməməyi redaksiyalardan xahiş edir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq media bu məsələdə ehtiyatlı olmalı və özünü olduqca şübhəli aparan Rid Mikkelseni qəbul etməməlidir…”

Bu informasiya bizim də diqqətimizi çəkdi və kiçik araşdırma aparıb, Rid Mikkelsen adlı şəxsin kəşfiyyat xarakterli “ziyarətləri”nin səbəbini tapmağa çalışdıq.


İlkin təhlillər və təhlükəsizlik ekspertləri ilə söhbətlərdən belə qənaətə gəldik ki, sözügedən şəxsin Qərbin Azərbaycandakı “beşinci kolon"unun desantı olması ehtimalı böyükdür.
Belə ki, Azərbaycanın Qarabağ Zəfərindən, 44 günlük müharibədəki parlaq qələbəsindən sonra Qərb dairələri – onlar ermənipərəst mövqedədir - Azərbaycanın gücünü, qüdrətini zəiflətmək üçün müxtəlif projelər üzərində baş sındırırlar. Onların bir planı da Azərbaycanda xaotik proseslər başlatmaq cəhdidir.
Görünür, artıq bu planın bir detalı olaraq ölkəmizə emissarlar ayaq açıb, yaxud elə uzun zamandır Bakıya yerləşdirilən “beşinci kolon” təmsilçiləri hərəkətə keçiblər.
Konkret olaraq Rid Mikkelsen adlı şəxsin redaksiyalara gələrək reallaşdırdığı və ya reallaşdırmağa çalışdığı “məxfi” görüşlərdə almaq istədiyi informasiyaların, verdiyi mesajların heç də xoş niyyətə xidmət etmədiyi sezilir. Təsəvvür edin, adam öncə redaksiyaların maliyyə durumu, qaynaqları ilə maraqlanır.
Səbəb o ola bilər ki, bu şəxs gələcəkdə öz missiyasına qoşmaq üçün kasıb redaksiyaları şirnikləndirməyə çalışır. Daha sonra isə həmin saytlarla “əməkdaşlıq” çərçivəsində hansısa missioner yazıların yerləşdirilməsi üçün zəmin hazırlayır. Bu məqalələr, əlbəttə ki, təxribatçı xarakter daşıya bilər. Yəqin ki, məqsəd cəmiyyətdə “rəngli inqilab” düşüncələri formalaşdırmağa xidmət etməkdir.
O “narıncı inqilab”lar ki, indiyədək həyata keçirildiyi ölkələrdə xalqlar ancaq bədbəxt olub, dövlətlər sarsılıb, müharibələrə, iğtişaşlara bürünüb. Misir, Tunis, Liviya, Suriya və sair ölkələrdə baş verənlər hər kəsin nəticə çıxarması üçün yetərlidir...
Belə inqilabları Azərbaycanda da zaman-zaman reallaşdırmaq istəyiblər. Ancaq heç biri baş tutmayıb. İndi qalib Azərbaycanda yenidən bu cür oyunları oynamaq cəhdləri artıq aydınca görünməkdədir. Təbii, əsas məqsəd Azərbaycanda xaosa nail olmaqla Ermənistana üstünlük qazandırmaq, Qarabağda əldə etdiyimiz qələbəni kölgədə qoymaq, regionda diqtə etdiyimiz şərtləri bizim ziyanımıza dəyişdirməyə hesablanır...
Həzm edə bilmirlər güclü Azərbaycanı! Hansısa şəkildə qüdrətli dövlətə təsir göstərə bilmirlər. Odur ki, dövlətimizi sarsıtmağı düşünürlər.
Burada bir haşiyə çıxaq: missioner planların əvvəlində mediaya bu cür “qarmaq atmaq” cəhdləri ilk deyil. Hələ 2010-2011-ci illərdə ABŞ-ın emissarları redaktorlarla məxfi görüşlər keçirərək onlardan Azərbaycan cəmiyyətində “sülh” düşüncəsi formalaşdırmağı rica edirdilər, hiyləgər gedişlərlə bunun guya bütövlükdə regionun inkişafı üçün gərəkli olduğu fikri yaratmağa çalışırdılar. Əlbəttə, alt qatlardakı məqsəd cəmiyyəti təslimçi sülhə hazırlamaq idi... Ancaq bu “əməkdaşlığa” ən sərt formada bütün aparıcı redaksiyalar tərəfindən rədd cavabı verildi və bir sıra redaktorlar açıq yazılar yazaraq bu planı deşifrə etdilər, qarşısını aldılar.


Habelə, 2003, 2005, 2010-cu illərdə Azərbaycanda rəngli inqilablar törətmək istəyəndə də öncə emissarlar bəzi media orqanlarını əməkdaşlığa cəlb etməyə çalışmışdılar...
Azərbaycanın qələbəsindən sonra regionda yeni reallıqlar yaratmışıq. Bütün şərtləri Azərbaycan diqtə edir bölgədə. Yanında, arxasında Türkiyə və Pakistan dövlətlərinin olması da bədxahları lap narahat edir. Təbii ki, bu durum bəzi Qərb dairələrini narahat edir, onlar darmadağın olan Ermənistanı dirçəltmək, ona dəstək olmaq məqsədilə Azərbaycanı qarışdırmaq üçün artıq hərəkətə keçiblər.
Rid Mikkelsen adlı birinin redaksiyalarda peyda olması ilkin olaraq bu təəssüratı yaradır, qətiyyən başqa hansısa bir sağlam məqsəd hiss olunmur. Təbii ki, bu adamın özünü ABŞ səfirliyinin əməkdaşı kimi təqdim etməsi də ciddi məsələdir. Səfirlik məsələyə dərhal aydınlıq gətirməlidir. Əgər həmin şəxs ABŞ səfirliyinə hansısa şəkildə bağlı deyilsə, əməlləri özfəaliyyətdirsə, ciddi tədbirlər görülməlidir.
Hesab edirik ki, Azərbaycanın təhlükəsizlik orqanları da məsələni nəzarətə götürəcək.
“Yeni Müsavat”


Tarix: 3-09-2021, 20:16
Xəbəri paylaş



Xəbər lenti