Tahir Kərimli: "Tiflisdə ermənilərlə görüşən AXCP Azərbaycan hakimiyyətinin dəvətini qəbul etmir"


"Ölkədə Yeni Azərbaycan Partiyası (YAP) mütləq üstünlüyə malikdir. Digər siyasi partiyalar hakim partiyanın üstünlüyü fonunda xeyli zəifləyib. AXCP-nin isə bir sıra hallarda digər siyasi partiyalarla ortaq məxrəcə gəlməməsinin səbəbi siyasi qəbuledilməzlikdir".
 
Bunu Pravda.az-a açıqlamasında Vəhdət  Partiyasının sədri, deputat Tahir Kərimli deyib.
 
Partiya sədri bildirib ki, YAP 1993-cü ildən bu günə kimi üstünlüyünü qoruyub saxlayır: "Azərbaycan Respublikasının Konstitusiyası çox partiyalı sistemi nəzərdə tutur. İqtisadiyyatda mütləq inhisarçılıq olmadığı kimi, siyasətdə də partiyaların inhisarçılığı olmamalıdır. Bir sıra başqa ölkələrdə olduğu kimi, bu, Azərbaycanda da lazımi nəticələri verə bilmir. Yəni demək istəyirəm ki, ölkədə Yeni Azərbaycan Partiyası mütləq üstünlüyə malikdir. Digər partiyalar da hakim partiyanın üstünlüyü fonunda xeyli zəifləyib. Vaxtilə, əlbəttə ki, bir sıra siyasi partiyalar müəyyən gücə malik idilər, lakin onların tutduğu uğursuz seçki yolu partiyaların hədsiz dərəcədə zəifləməsinə səbəb oldu. Reallıq budur ki, ölkədəki siyasi partiyalar hakim partiyanın müəyyən qismini belə əvəz edə bilmirlər. Bununla yanaşı, hesab edirəm ki, bu anormallığın aradan qaldırılmasında da elə məhz hakim partiya ciddi rol oynamalıdır. Məsələn, qonşu Rusiyada bir neçə siyasi partiya müəyyən çəkiyə sahibdir. Azərbaycanda isə xüsusən seçki prosesində digər siyasi partiyaların uğur qazanması çətindir. Proporsional seçki bərpa olunmalı, bu anormallıq aradan qaldırılmalıdır. Belə olan halda, siyasi partiyalar daha çox tanınar və onların nüfuzu artar. Hesab edirəm ki bu, ən optimal yoldur".
 
AXCP-nın bir sıra hallarda kənarda qalmasını "siyasi qəbuledilməzlik" adlandıran T.Kərimli qeyd edib: "Necə olur ki, AXCP vaxtilə gedib Tiflisdə ermənilərlə görüşə bilirdi, ancaq ölkə problemini həll etmək üçün hakim partiyanın nümayəndəsi ilə görüşmür?!  Bu, məntiqsizdir. Ortaq məxrəcə gəlmək mümkün idi".
Tarix: 3-09-2021, 20:01
Xəbəri paylaş



Xəbər lenti