ABŞ yenidən Əfqanıstana qayıdır: “Türkiyə və Azərbaycan hələ ehtiyatla seyr edirlər”

Əfqanıstan

“ABŞ ordusu, İŞİD terror təşkilatının qolu olan “Xorasan İslam Dövləti” yaraqlılarına qarşı hava hücumlarını davam etdirəcək.

Bunu ABŞ Prezidenti Co Bayden yazılı açıqlamasında bildirib.
Prezident qeyd edib ki, Kabildə ABŞ hərbçilərinə və günahsız mülki vətəndaşlara hücumda məsul olan qrup təqib ediləcək: “Avqustun 26-da Kabildə törədilən terror aktından sonra bunu etdik. Bu zərbə sonuncu deyil. Bu dəhşətli hücumda iştirak edən hər kəsi “ovlamağa” və onlara pul ödəməyə davam edin. Kimsə ABŞ-a zərər verməyə və ya ordumuza hücum etməyə çalışarsa, cavab verəcəyik”.
ABŞ lideri əlavə edib ki, yaxın 24-36 saat ərzində Kabil hava limanında yeni terror aktının baş verəcəyi ehtimal edilir (apa.az).
ABŞ-ın tanınmış “Usatoday” saytı isə İŞİD-Xorasan qruplaşmasına qarşı çətin vəziyyətə düşən “Taliban”ın indi ABŞ-la birgə “antiterror” əməliyyatlar keçirməsinə təəccüblə yanaşır. Saytda qeyd olunur ki, bir müddət əvvəl talibləri “pis oğlanlar” adlandıran Cozef Baydenin indi “Taliban”la birlikdə hərəkət etməsi bir sıra suallar və narahatlıqlar yaradır.
Təbii ki, ABŞ bu addımı atmaqla “düşmənimin düşməni düşmənimdir” prinsipinə əsaslanıb. Lakin bu əməkdaşlıq “Taliban” rejiminin beynəlxalq siyasi səhnədə legitimləşməsinə və Qərb mətbuatının da çox sevdiyi “Mülayim islamçılar” kimi dəyərlənməsinə gətirib çıxaracaqmı?
ABŞ-ın regiona qayıdışı onun Yaxın və Orta Şərqdəki mühüm tərəfdaşı Türkiyənin də qayıtması demək olarmı? Bu proseslər Azərbaycanın siyasətinə necə təsir edəcək?
Bu mövzuda Bizimyol.info saytına danışan politoloq Tofiq Abbasov bildirib ki, bu baş verənləri tam mənada ABŞ-ın qayıdışı kimi dəyərləndirmək kimi anlamaq olmaz.
Tofiq Abbasov Tofiq Abbasov
“ABŞ və ya digər iri güclər nə vaxt öz səhvlərini etiraf ediblər? ABŞ-ın Şərq siyasəti 20 il ərzində Əfqanıstan, Suriya, Liviya kimi ölkələri viran qoydu. Vaxtilə İŞİD və digər radikal qruplaşmaların təşkilatlanmasında da ABŞ-ın və Səudiyyə Ərəbistanının xüsusi xidmətləri birgə iştirak ediblər. Misir və Liviyada hakimiyyətlərin devrilməsində də məhz Qərb ölkələrinin xüsusi xidmətləri, habelə onlardan dəstək alan ekstremist qruplaşmalar iştirak etdilər. Əfqanıstanda “İŞİD-Xorasan” qruplaşmasının da yaranması və fəallaşmasında, fikrimcə, Qərb kəşfiyyatının barmağı var”, - deyə politoloq bildirib.
Politoloq jurnalistin “ABŞ problem yaradıb sonra onu həll etməyə çalışacaq?” sualına belə cavab verib: “Xeyr, ABŞ heç vaxt yaratdığı problemi həll etməyib, sadəcə o problemi başqa səmtə yönəldib. ABŞ rəhbərliyi öz xalqına söz vermişdi ki, Suriyada İŞİD-i məhv edəcək. Amma onların işini Rusiya, İran, Türkiyə və Bəşər Əsədin qüvvələri gördü. İŞİD-in yaradılmasında da məhz ABŞ-ın xüsusi xidmətləri iştirak edib və məqsəd Bəşər Əsədi devirmək idi, lakin buna da müvəffəq olmadılar. Ümid edirdilər ki, bu, Qəddafini və Mübarəki devirdikləri kimi asan olacaq. Hazırda isə ABŞ-ın məqsədi sadəcə Əfqanıstandakı qüvvələrin başını bir-birilə döyüşlərə qatmaqdır ki, bir-birinizlə vuruşun. “Talibanın” hələ siyasi qüvvə kimi formalaşması, normal işləyən sistem qurması sual altındadır. Həm Panjşirdəki qüvvələrlə çəkişmə, həm “Xorasan” qruplaşması ilə döyüşlər hələ çox vaxt aparacaq. Taliblərə çox silah qalıb, amma nizamlı orduları yoxdur, ona görə də, Əfqanıstandakı “Taliban” hakimiyyəti hələ kövrək sayıla bilər. Digər tərəfdən Xəzərilər də var və onların da aktivləşəcəyi istisna deyil”.
T.Abbasov Türkiyənin regiona qayıtması və proseslərin Azərbaycana təsiri barədə sualı da şərh edib. O qeyd edib ki, Türkiyə və Azərbaycan rəhbərlikləri hələ prosesləri ehtiyatla seyr edirlər.: “Azərbaycan NATO ilə əməkdaşlıq edirdi və bu cür qarışıq bir məcrada gedən proseslərə daxil olacağını, xüsusilə də Türkiyəsiz bir addım atacağını gözləmirəm. Türkiyə isə çox ehtiyatla davranır, hələ prosesləri müşahidə edir və “Taliban”ın özünü necə aparmasına diqqət edir. Düzdür, Qətər vasitəsilə də müəyyən danışıqlar gedir, lakin Qətər və Türkiyə də “Əxvanül-müslimin” hərəkatına yaxındırlar, yəni, radikal islamdan, İslama taliblərin yanaşmasından uzaqdırlar. “Taliban” aeroportla bağlı Ankaraya yeni təklif irəli sürüb, lakin Ankara hələ tələsmir. Əslində, Ərdoğan çox düz edir, çünki Əfqanıstanda hələ nələrin olacağı, proseslərin necə inkişaf edəcəyi məlum deyil”.
Tarix: 29-08-2021, 22:23
Xəbəri paylaş



Xəbər lenti