“Seçki öncəsi Rusiyadakı hansısa qüvvələr müəyyən siyasi oyunlar oynayırlar. Əslində Azərbaycan ərazisindəki Rusiya sülhməramlı qüvvələrinin üçtərəfli sazişə zidd hərəkətləri böyük şübhələrə səbəb olub. Çünki bu, ilk növbədə Rusiya Federasiyası Prezidentinin imzasına hörmətsizlik əlamətidir. Rusiya hər bir istiqamətdə maraqlı olmalıdır ki, Putinin imzaladığı saziş, razılaşma icra olunsun. Hazırki fərqli vəziyyət isə ciddi şübhələr yaradır. Mənə elə gəlir ki, baş verənlər Rusiyada seçkiöncəsi hansısa proseslərlə əlaqəlidir”.
Bunu Reyting.az-a Azərbaycan-Rusiya münasibətlərindən danışan deputat Asim Mollazadə deyib.
Üçtərəfli sazişin icrasına alternativ görmədiyini bildirən deputat əlavə edib ki, Ermənistan reallıqla hesablaşmalı, real vəziyyətə baxaraq Azərbaycan və Türkiyə ilə əməkdaşlıq yolunu seçməlidir: “Bu, bölgədə erməni dövlətinin qalması üçün yeganə xilas yoludur. Hansısa müharibə istəkləri, revanşlar onların məhvinə gətirib çıxara bilər. Ümidvaram ki, yaxın müddətdə rus sülhməramlıları da üçtərəfli sazişdən irəli gələn zəruri addımları atacaqlar. Digər vəziyyətə gəldikdə isə Azərbaycanın kifayət qədər gücü var ki, fərqli proseslərin qarşısını alsın”.
Asim Mollazadə diqqətə çatdırıb ki, Rusiya Müdafiə naziri Sergey Şoyqunun Ermənistanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək haqqında açıqlamasına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibinin İrəvana səfərinə təbii yanaşmaq lazımdır: “Burada yeni nüans yoxdur. Ermənistan Rusiyanın hərbi müttəfiqidir. Bu yeni məsələ deyil. Ermənistan silahlı qüvvələrinin böyük bir qismi əslində Rusiya silahlı qüvvələrinin tərkib hissəsidir. Ermənistanın bütün silahlarını Rusiya hədiyyə edib. Amma müharibədən əvvəl və elə müharibə zamanı da İran vasitəsilə Ermənistana külli miqdarda silah daşınsa da, bu, Ermənistana kömək etmədi”.
Deputat inanır ki, Azərbaycan və Rusiya arasındakı mövcud xırda məsələlər öz həllini tapacaq: “Rusiyada indi əsəbi seçkiöncəsi dövrdür, müxtəlif proseslər gedir. Düşünürəm ki, Azərbaycan-Rusiya münasibətləri normal qonşuluq, əməkdaşlıq və qarşılıqlı hörmət istiqamətlərində davam edəcək. Əks istiqamətdə inkişaf üçün perspektivlər görmürəm. Nə Rusiya nöqteyi-nəzərincə, nə də regionda gedən proseslər baxımından”.
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin təhqiramiz çıxışlarına gəldikdə, Asim Mollazadə deyib ki, bu şəxsin belə coşmaları olur: “Belə hallar daha çox seçkilər ərəfəsində baş verir”.
A. Mollazadə gülməli bir əhvalatı da xatırladıb:
“Səhv etmirəmsə, prezident seçkiləri idi. Türk kanallarından birində Jirinovski türk dilində müsahibə verirdi. Ona sual verdilər ki, Rusiya prezidenti seçilsən Türkiyə ilə savaşamı hazırlaşacaq? Cavabında dedi ki, Türkiyəni çox sevir, amma aptal rusların xoşu gəldiyi üçün belə danışır. Yəni çəkinmədən ruslara “aptal” dedi.
Ola bilsin, Rusiyadakı hansısa qruplar Jirinovskinin sərsəm fikirlərinə diqqət edir, seçkilərdə ona səs verirdi. Amma indiki seçkilərdən əvvəl Jirinovski ona dəstək verəcək bir çox qrupları itirdi. Ola bilsin ki, indi onun sərsəmləri daha kəskin formada ifadə olunur. Fikrimcə, o, kiminsə ruporu deyil, öz oyunlarını oynayır”.
A. Mollazadə Jirinovski ilə bağlı daha bir məsələni xatırladıb: “Bu şəxs deyirdi ki, anası rus, atası hüquqşünasdır. İsrail kanallarında maraqlı kadrlar göstərmişdilər. Jirinovskini dəvət ediblər və o İsraildə atasının qəbrini ziyarət edir. Atası heç hüquqşünas da deyilmiş. Yəhudi inşaatçı olub, köçüb İsrailə. Jirinovskinin orada qohum-qardaşları da var. Televiziya kadrlarında da hönkür-hönkür ağlayırdı. Bundan sonra onun anti-semitizm istiqamətində olan fikirləri başa çatdı. Eyni düşüncə ilə Jirinovskinin Türkiyə və Azərbaycana qarşı fikirləri əslində seçkiqabağı özünə məxsus formada kampaniya aparmağa hesablanıb. Özü düşüncəsində olan seçicilərin səslərini qazanmaq üçün Türkiyə və Azərbaycana hücumlar edir. Bəlkə də erməni seçicilərinin səslərini qazanmaq üçün bu oyunları oynayır. Amma reallıqda Jirinovski dövrü bitib”.
Tarix: 13-08-2021, 10:26