"Ermənilər “qədim millət” şüarından imtina edib, “texnoloji millət” statusu qazanmaq niyyətindədirlər".
Cebhe.info xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz öz feysbuk səhifəsində belə yazıb.
Onun sözlərinə görə, erməni startapları öz ölkələrinə yüz milyonlarla investisiya cəlb edə bilib:
“Ermənilərin Krisp startapının qurucusu David Baqdasaryan bildirib ki, ötən bir il ərzində erməni startapları 69 milyon $ investisiya cəlb ediblər. Məsələn, Krisp - 14 mln $., CoinStats - 1,2 mln .$, Scylla AI - 3,7 mln. $, 10Web - 2 mln.$, InSpace - 6 mln.$, SuperAnnotate - 14,5 mln.$, SoloLearn - 24 mln.$”.
Osman Gündüz qeyd edib ki, təsisçiləri erməni olan və Ermənistanla sıx bağlılıq quran, xaricdə yerləşən ServiceTitan startapı 700 mln.$, CodeSignal startapı 25 mln.$, Disqo startapı isə Ermənistana 13,5 mln.$ investisiya cəlb edə biliblər:
“Son zamanlar diqqətimi cəlb edib ki, erməni təsisçisi olan startaplar Aarki 150 mln. $ və Epic! 500 mln.$-a satılıb. Baqdasaryan texnoloji bir millət formalaşdrımaqdan başqa yollarının qalmadığını bildirib”.
Yuxarıda sadalanan məbləğlərin Ermənistan üçün çox böyük rəqəmlər olduğunu vurğulayan Forum rəhbəri yazıb ki, erməni diasporu və investorları məğlub ölkənin çıxış yolu olaraq texnologiyaları və innovasiyaları önə çəkirlər.
Osman Gündüz Azərbaycanda startap və innovasiya ekosisteminə cavabdeh olan NRYT ( Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi), VXSİ (Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi), KOBİA (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) və digər qurumların da bu rəqəmlərdən xəbərləri olduğuna diqqət çəkərək deyib ki, yaxın illərdə Ermənistan büdcəsinin ekosistemdən gələn gəlirlər hesabına böyük vəsaitlər əldə edə biləcəyini proqnazlaşdırmaq mümkündür:
“İnnovasiya Agentliyimizin adını cavabdeh qurum olaraq qeyd etməməyimin səbəbi bu Agentliyin səlahiyyətli yuxarı qurumlar üçün artıq “yoxdur” kimi bir qurum olmağıdır. Ötən günlərdə NRYTN -in startaplarla görüşündə bu qurumdan ümumiyyətlə, heç kim iştirak etmirdi. 2-3 il ərzində öz fəaliyyətini qura bilməmək çox təəssüfləndirici bir haldır”.
Tarix: 27-07-2021, 21:24