Qubad İbadoğlu Baydenə etiraz etdi


Azərbaycan Demokratiya və Rifah Hərəkatı ABŞ prezidenti Co Baydenin qondarma  erməni “soyqırımı” ilə bağlı açıqlamasına  etiraz bəyanatı yayıb.
 
Pravda.az-ın xəbərinə görə, bəyanatda deyilir:
 
“Azərbaycan Demokratiya və Rifah (ADR)  Hərəkatı 24 aprel 2021-ci ildə ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələrini "soyqırım" adlandırmasından,  bununla da  ermənilərin "kütləvi qırğın"ını tanımasından təəssüfləndiyini bildirir  və 1915-ci il hadisələrinin  tarixi təhrifini, onu  populist məqsədlərlə siyasiləşdirmək cəhdini pisləyir.
 
ADR Hərəkatı hesab edir ki, müasir dünya ABŞ prezidentindən sülhə, barışa, əmin-amanlığa çağırışlar gözlədiyi bir dövrdə  onun verdiyi  bu açıqlama birlik və həmrəylik üçün  zərərlidir. Uydurma “soyqırım”la tarixi saxtalaşdıranlar həmişə uduzub və bu dəfə də uduzmağa məhkumdurlar. Dünya birliyinin ən yaxın tariximizdə Qarabağda ermənilərin vəhşiliyinin şahidi olduğu bir dönəmdə ABŞ prezidenti Co Baydenin “soyqırım” ifadəsi işlətməsi,nəinki Türkiyə-ABŞ əlaqələrinə,  eyni zamanda  regional müstəvidə  Dağlıq Qarabağ probleminin həlli istiqamətində  də öz mənfi təsirini gücləndirmiş olacaq. Eyni  zamanda, Rusiya  özünün  Qafqaz siyasətində Qərb demokratik dəyərlərinə  qarşı   münasibətində   əlavə siyasi  imkanlar  əldə  edəcək. Odur  ki,  ADR  Hərəkatı  ABŞ  prezidenti Baydenin  qondarma "erməni  soyqırımı" ilə  bağlı  ifadə  etdiyi mövqeyi  qətiyyətlə  pisləyir  və  bu  məsələdə  haqq  mövqedə  olan  qardaş  Türkiyə  Cümhuriyyətinin  yanında  olduğunu  bəyan  edir”.
Tarix: 25-04-2021, 15:28
Xəbəri paylaş



Xəbər lenti