Nikol Paşinyan tərəfdarlarının arasında, 25 fevral 2021
Azərbaycan Ordusu martın 15-dən 10 min nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları ilə hərbi təlimlərə başlayır. dağlıq-meşə və çətin relyefli ərazilərdə keçiriləcək təlimlərdə ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması məşq ediləcək.
Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli
Bizimyol.info-ya məsələ ilə bağlı şərh verərkən qeyd edib ki, baş verənləri dərin analiz etsək yaxın zamanlarda Azərbaycanın Qarabağda erməni silahlılarına qarşı antiterror əməliyyatlarına başlayacağını demək olar. Üstəlik, Ermənistandakı böhranın açarı da Azərbaycanın əlindədir.
Əziz Əlibəyli
“Bu məsələnin özəlliyi bundadır ki, Azərbaycanın Qarabağda qazandığı zəfərlər və Ermənistanda baş verən böhran bir-birilə əlaqəlidir. Ermənilər 10 noyabr sazişinə əməl etməkdə tələsmirlər.
Zəngəzur dəhlizinin gecikməsi, Qarabağdan qanunsuz dəstələrin çıxarılmaması, sülhməramlıların yol verdikləri nöqsanlar və onların getdikcə artması əlbəttə Azərbaycan cəmiyyəti tərəfindən xoş qarşılanmır. Paşinyan 10 noyabr sazişinin reallaşmasında əsas tərəfdir, onun da başı ölkəsindəki böhrana qarışıb. Bu addımların atılması üçün Paşinyanın taleyi bəlli olmalı, Ermənistanda sabitlik yaranmalıdır. Paşinyanın əleyhidarları revanşistlər və xunta tərəfdarlarıdırlar. Hansı ki, hamısı müharibəyə davam edilməsini tələb edirlər. Prosesə yerli və regional güclər də qarışır və bu arıtq Ermənistanın təkbaşına gücü yetəcək iş deyil. Azərbaycana qarşı baş qaldıran gücləri zərərsizləşdirmək işi yenidən Azərbaycanın üzərinə düşür. Azərbaycanın belə bir əməliyyatı həyata keçirməsi Paşinyanın da işinə yarayacaq. Hərbi sferadakı hadisələri analiz edəndə nə görürük. Pakistan generalı günlərlə Bakıda hərbi-diplomatik səfərdədir. Pakistan və Türkiyə ilə hərbi əməkdaşlıqda aktivləşmə, xüsusi təyinatlı qüvvələrin sərt qış şəraitində məşqləri və nəhayət, Ermənistan 5-ci ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi. 5-ci hərbi hissə Azərbaycan ordusuna yaxşı tanış olan əsgərlərin qalıqlarından təşkil edilib və Qarabağ zonasında - xüsusilə dağatıcı alay kimi fəaliyyət göstərib.
Bütün bunlar hansısa yaxınlaşan fırtınadan xəbər verir. Mənə belə gəlir ki, dağlarda qış başa çatmadan antiterror əməliyyatlarına start veriləcək”,- deyə ekspert vurğulayıb.
Əvvəldən də bilindiyi kimi, adı sülhməramlı olan qüvvələrin Qarabağda var oluşu üçün kiçik tipli qarşıdurmaların mövcudluğu vacibdir. Əks halda onun Qarabağda qalmasının anlamı olmaz. Müharibədən bəslənən rus ayısı tərəflərin bir-birinə münaqişəli vəziyyətdə qalmasında maraqlıdırsa, bu xəmirin hələ çox su aparacağını düşünmək olar. Amma artıq bölgədə türk əsgərinin də olması o deməkdir ki, biz bu bəlanın kökünü yerli-dibli kəsmək, gələcək nəsillərə ötürməmək üçün şanslıyıq.
Tarix: 10-03-2021, 22:52