Ermənistan müxalifətinin bu gün İrəvanda keçirdiyi etiraz mitinqindəki çıxışların əsas leytmotivi bundan ibarət olub:
“Müharibədə məğlub olduq, “müstəqil Artsax” artıq yoxdur, Ermənistan sərhəd boyu kiçilir, ordu dağılıb, Rusiyadan tam asılı vəziyyətə düşmüşük, Nikol Paşinyan Azərbaycanın və Türkiyənin maraqlarına xidmət edir, bu hakimiyyəti devirsək yenidən gücümüzü qaytara bilərik, Türkiyənin düşmənləri ilə ittifaq qurmalıyıq”.İrəvanda cərəyan edən prosesləri şərh edən
politoloq Elxan Şahinoğlu bildirir ki, erməni müxalifləri 3 ay ərzində fasilələrlə keçirdikləri etiraz mitinqlərində eyni şüarları təkrarlayırlar, ancaq dəyişən bir şey yoxdur:
“"Türkiyənin düşmənləri” dedikdə isə bu dövlətlərin adını çəkirlər: Rusiya, İran, Çin, ABŞ və Fransa. Birinci 3 dövlətin Türkiyə ilə münasibətlərində hər şey hamar deyil, ancaq nə Moskva, nə Ankara, nə də Pekin ermənilərə görə anti-Türkiyə siyasətinə baş vurmayacaqlar. Əksinə, Rusiya, İran və Çin Azərbaycan və Türkiyə ilə birgə regional layihələri reallaşdırmağa çalışırlar. O ki qaldı ABŞ və Fransaya, Vaşinqton və Paris 44 günlük müharibədə ermənilərə kömək etmədilərsə, indi Ermənistanı necə xilas edəcəklər? Ermənistanda hələ də anlamaq istəmirlər ki, Türkiyə artıq Cənubi Qafqazda möhkəmlənib və bu, əbədidir! Ermənistanda nə vaxtsa yenə Azərbaycan torpaqlarının işğalı haqqında düşünsələr, 1990-cı illərin əvvəllərindən fərqli olaraq artıq qarşılarında Azərbaycan-Türkiyə hərbi itifaqını görəcəklər və Rusiya ermənilərə görə bu ittifaqla qarşıdurmaya gedən deyil”.E.Şahinoğluna görə, ermənilərin əsas qorxusu odur ki, məğlub Ermənistan Azərbaycan və Türkiyə qarşısında geri çəkilməkdə davam edəcək.
“Bu qorxuda həqiqət payı var. Azərbaycanın və Türkiyənin əhalisi artır, Ermənistanınkı azalır, yaxın gələcəkdə Dağlıq Qarabağda da əhalinin nisbəti tədricən azərbaycanlıların xeyrinə dəyişəcək. Bu, qarşımızda duran əsas vəzifələrdən biri olmalıdır! Əgər, Ermənistan ərazi iddiasından vaz keçib regional əməkdaşlığa üstünlük verməsə və Dağlıq Qarabağda yaşayan ermənilər qanunlarımıza tabe olmasalar, Azərbaycanla Türkiyənin əsas strateji hədəfi düşməni daha da gücsüz duruma salmaq olacaq. Bu təbiidir”, - deyə politoloq vurğulayıb.
“AzPolitika.info”
Tarix: 20-02-2021, 21:51