"Türkiyənin Mərkəzi Asiyaya çıxışının qarşısını almaq üçün Rusiya belə bəyanatlara yer verir"


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin Böyük Turanı fövqəlmilli bir varlıq olaraq yaratmaq məqsədi güdmədiyini bildirib:
“Tarixi mənada fövqəlmilli bir varlıq olaraq Böyük Turandan danışırıqsa, düşünmürəm ki, Türkiyə belə bir hədəf güdür. SSRİ-nin keçmiş tərkib hissəsi olub, müstəqil olan dövlətlərin bu ideyanı hansısa formada dəstəkləyəcəyini görmürəm. Əksinə, onların xarici siyasətinin bütün pafosu və fəaliyyət praktikası özlərinin milli dövlətini gücləndirməkdən ibarətdir",

 
Doğrudanmı Rusiya Türkiyənin belə bir hədəfi olmadığına inanır? Yaxud Rusiya Türkiyədən gizli də olsa bu barədə zəmanət alması mümkünmü? Ümumiyyətlə, bu ideyanın gerçəkləşməsi nə dərəcədə realdır?
 
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az əməkdaşının sualına cavabında deyir ki, bu ideya nə zamansa gerçəkləşə bilər:
 
""Turan böyük bir ideyadır və özü də indinin ideyası deyil. Keçən əsrin əvvəllərində Türk böyüklərinin yaratdığı və həyata keçirmək istədikləri hərəkat olmuşdur. Bu ideyanın qarşısını almaq üçün də imperialist güclərin ciddi fəaliyyətləri olmuşdur. Lavrovun dövlətinin varisi olan SSRİ turançılara da divan tutanda bu qorxudan ediblər. 30-cu illərdə istisnasız bütün türkoloq alimlərin repressiyaya məruz qalması da bu qorxunun əlaməti idi. Mən üç rus müəllifin yazdığı "Repressirovannaya turkologiya" adlı kitabı ruscadan türkçəyə tərcümə etmişəm. Həmin kitabda Qazaxıstan və Orta Asiya türkoloqlarını özlərinin uydurduqları  "Siyasi Turan" partiyasına üzv olmaqda suçlayaraq məhv etmişlər. Qorxu yox idisə bunu niyə uydururdular? Rusiya bu ideyanın nə vaxtsa gerçəkləşəcəyinə inanır və onun qarşısını almaq tədbirlərini də görməkdədir. Türkiyənin Mərkəzi Asiyaya çıxışının qarşısını almaq üçün belə bəyanatlara ara-sıra yer verir. Həm də Rusiya öz içindəki türk- müsəlman xalqlarının bu ideyaya bağlanmasından çəkinir. Rusiya TV-lərinin Siyasi tok-şoularında Turanın tez-tez dilə gətirilməsi də bundan qaynaqlanır. Lavrov faktiki Türkiyənin belə bir hədəfinin olmadığını deməsi də işəridəki türk toplunu yönəlik uğursuz cəhddir. Turanın reallığa çevrilməsi zaman işidir. Onun üçün də münasib məqam yetişəcəkdir. Hesab etmirəm ki, indiki Türkiyənin siyasi hakimiyyəti qarşısına belə bir hədəf qoymuşdur. Amma bu o demək deyil ki,Türk milləti 100 illər boyu yaşatdığı bu ideyadan vaz keçmişdir. Əlbəttə, müəyyən ölçüdə dövlətlər arasında belə danışıqların olması istisna deyil. Türkiyənin Azərbaycandan sonra Orta Asiyaya açılması artıq qarşısıalınmaz reallıqdır. Turanın da ayaq səsləri eşidiləcəkdir".
Tarix: 20-02-2021, 09:12
Xəbəri paylaş



Xəbər lenti