"Bəşəriyyət yaxın zamanda daha ölümcül bəlalarla üz-üzə qalacaq"."Microsoft"un qurucusu Bill Qeytsin bu açıqlaması həm fikir ayrılığı, həm də narahatlıq yaradıb.
Belə ki, məşhur milyarderin sözlərinə görə, qlobal istiləşmə nəticəsində hər il ölü sayı artacaq və həlak olanların sayı hətta koronavirus və digər pandemiyalardan da çox ola bilər.
O bildirib ki, dünyada milyonlarla insanı müharibə yox, yoluxucu virus öldürəcək.
Pandemiya başlayandan bəri dünya Bill Qeytsin bu qəbildən açıqlamalarına demək olar ki, adət edib.
Milyarder neqativ açıqlamaları ilə dünyada hətta çipləşdirmə ilə bağlı iddiaların yayılmasına səbəb olub.
Cebhe.info-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib ki, milyarderin bu fikirləri əslində məntiqlidir:
“Bill Qeytsdən çox-çox qabaq insanlığı təhdid edən infeksiyalarla bağlı Tomas Maltusun bir nəzəriyyəsi vardı. Onun sözlərinə görə, dünya əhalisinin sayı həndəsi silsilə, qida maddələrinin kəmiyyəti isə ədədi silsilə ilə artır. Bu uyğunsuzluq da ya epidemiyanın yaranmasına şərait yaradır, əhali kütləvi şəkildə məhv olur, ya müharibələr olur, ya da şüurlu şəkildə əhalinin artımı dayandırılır. Bununla bağlı 10-15 il öncə, BMT “ailə planlanması” deyilən bir proqram hazırladı və dünyaya təqdim etdi. Bu da insanların sayının artmasının nəzarətdə saxlanılması ilə bağlı idi. Lakin sonradan bir çox ölkələr bunu pozdu, əməl etmədi. Ona görə də hazırda sıxlıq çox olan yerlərdə infeksiyalar olur. Fikir verirsizsə, bütün bu infeksiyalar Çində başlayır. Çünki orda əhali həddən artıq sıxdır. Bu səbəbdən də sosial məsafə hər zaman bu kimi infeksiyalardan qorunmağın ilk üsulu olur. Bill Qeyts də görünür ki, bunları nəzərə alır və belə açıqlamalar verir. Bundan öncə də, belə pandemiyalardan bəzilərində 100 milyon, bəzilərində də 20 milyon əhali məhv olub”.
Tarix: 8-02-2021, 14:55