“Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var”.“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.
“Bir də gördün qiyməti qaldırdılar. Heç kim də camaatın qabağına çıxmır. Bütün işlər qalıb deputatın üstündə. Tarif Şurası hansı hüquqla insanların rifahının yaxşılaşdırılmasını pozur? Mənə elə gəlir ki, təcili olaraq Tarif Şurasını ləğv etməliyik. Biz heç bilmirik ki, nə vaxt bahalaşma olacaq. Prezidentin gördüyü işə bu qədər kölgə salmaq lazım deyildi ”, - deputat bildirib.
Deputat Erkin Qədirli də həmkarının dedikləri ilə bağlı münasibətini bildirdi: “Bəli, Tarif Şurası parlamentin nəzarətindən kənar büdcəyə müdaxilə edən qurumdur. Büdcəyə müdaxilə olmamalıdır. Mən demirəm ki, Tarif Şurası ləğv olunmalıdır. Təklif edirəm ki, biz bu məsələyə baxaq və ehtiyac olarsa, cənab prezidentə də təkliflər təqdim olunsun”.
Deputat Sabir Rüstəmxanlı suyun qiymətinin artırılmasına etiraz edib.S.Rüstəmxanlı əhalini narazı salan məsələləri aradan qaldırmağın vacib olduğunu
bildirib.“Dünən suyun qiyməti qalxdı. Tarif Şurası benzinin də qiymətini qaldırıb”, - deyə S.Rüstəmxanlı əlavə edib.
O təklif edib ki, Tarif Şurası parlamentə dəvət olunmalıdır və hesabat verməlidir:“Biz deputatlar bilməliyik ki, qiymət artımını hansı meyarlarla edirlər?! Ölkənin stabil saxlanmasına cavabdeh olan qurumların dinləmələrini keçirməliyik”.
Tarix: 1-02-2021, 21:10