Türkiyə-Rusiya ortaq monitorinq mərkəzi, nəhayət, öz işinə başladı. Ümid edək ki, yeni qurum daimi sülhün əldə olunmasını sürətləndirəcək. Ermənistandakı “qaynar başları” daha tez soyudacaq.Əslində bizim, yəni Azərbaycan və Türkiyənin problemi Ermənistanla deyil, Qərb dövlətlərində kök salmış azğın erməni lobbisi ilədir. 100 ildən çoxdur Türk qanına susamış diaspor iki xalq arasında barışığı əngəlləmək üçün əlindən gələni edir, nifrətin sona çatmasına imkan vermir, öz bədbəxt xalqının yeni bəlalara tuş gəlməsindən sanki həzz alır.
44 günlük Qarabağ savaşı və onun erməni xalqı üçün fəlakətli nəticəsi də bu şeytan xislətli, qəbilə təfəkkürlü camiyəyə dərs olmadı. Tam çöküş ərəfəsində olan ölkə, darmadağın olan ordu və iqtisadiyyat, miskin kökə düşən xalq. Daha nə baş verməlidir ki, bu toplumun heç olmasa, heyvani özünü qoruma instinkti işə düşsün?
Bununla belə, erməni lobbisi yenə var gücü ilə çalışır ki, soydaşları kapitulyasiyadan yeganə doğru nəticəni çıxarmasın, qonşu xalqlarla ədavətə son vermək əvəzinə, təzədən revanş hissi ilə alışıb yansın. Hətta xəbərdarlıqlar gəlir ki, Paşinyan devrilməyincə Ermənistana maddi kömək etməyəcəklər. Bu zaman veclərinə də deyil ki, məğlub ölkədə hazırda aclıq keçirən həm də erməni uşaqlarıdır...
Tipik daşnak əxlaqı yəni. Məhz bu əxlaqın daşıyıcıları ara-sıra sağlam, soyuq məntiqə söykənib sülh çağırışları edən erməniləri o saat “vətən xaini”, “satqın” elan edir, onları ölümlə, terrorla hədələyirlər. Son günlər İrəvanda Nikol Paşinyanı fiziki cəhətcə aradan götürməyə çağırış edən vərəqələrin yayılmasının arxasında da yüzdə yüz xaricdəki qüvvələr dayanır, artıq ABŞ-dakı səfirimiz Elin Süleymanovu da hədəf alan erməni lobbisi durur.
Şəkk-şübhəsiz, “Dünyada axırıncı Türk lal, kar, kor da olsa öldürülməlidir!” irqçi şüarını öz həyat kredosuna çevirmiş nasist tulası Qaregin Njdeyə anormal pərəstiş toxumu da Ermənistanda illər öncə məhz diasporun xeyir-duası ilə “əkilib”, cücərdilib. Eləcə də az öncə bu başkəsən cəlladın abidəsinin Xocavənddə peyda olması, əmin olun ki, heç də yerli ermənilərin özfəaliyyəti deyil, ilk növbədə onları xaricdən idarə edən və Türkə kin-küdurəti bitib-tükənməyən daşnak-faşistlərin əməlidir.
Bir alman professor-analitikin tam haqlı söylədiyi kimi, “bölgədə sülh üçün ən böyük təhlükə ermənilərin onlardan daim qələbələr tələb edən diaspordan asılı olmasıdır”.
“İrəvan beynəlxalq hüquqda müəyyən edilmiş sərhədləri tanımalı və ermənilərin qədimliyi, böyüklüyü barədə siyasət uydurmamalıdır. “Qədim” erməni məskənləri, erməni çarlıqları və ilaxır barədə iddialar yalnız tarixçilər üçün maraq kəsb edə bilər, lakin mövcud sərhədlərin dəyişdirilməsi, xüsusən silah gücünə dəyişdirilməsi cəhdləri üçün bu biliklər əsla yaramır. Ermənilər sülhə can atırsa, qisas almaq niyyətinin perspektivi yoxdur” – professor deyib və əlavə edib ki, erməni cəmiyyətində siyasi konsensus olmayınca regionda sülhün bərqərar olması praktiki baxımdan qeyri-mümkündür...
Amma kimı deyirsən. Dəyirman öz işindədir. Erməni əhalinin, özəlliklə də erməni gəncliyinin beyni yenə heç vaxt baş tutmayacaq absurd iddialarla zəhərlənməkdə, xam xəyallarla doldurulmaqda, erməni cəmiyyəti hətta terror edilməkdədir. Baş sifarişçi məlum: xaricdə oturan, komfort içində yaşayan, müharibələrdə, qırğınlarda bilavasitə iştirakçı olub əzab-əziyyət, səfalət-sarsıntı görməyən erməni lobbisi...
Nə qədər ki, Ermənistan üçün, Aşot üçün “musiqini” həmin o xəbis erməni diasporu sifariş verəcək, nə qədər ki, erməni xalqı avamcasına daşnak xislətli lobbinin mövqeyini özü üçün həlledici sayacaq və onun ardınca gedəcək, nəhayət, nə qədər ki, həmin lobbiyə qulaq verən Qərb hökumətləri var olacaq, ta o vaxta qədər də onun üçün tuneldə “işıq ucu” görünməyəcək, ermənilərin faciələr bitməyəcək.
Bizdən bir daha xəbərdarlıq eləmək...
Zahid SƏFƏROĞLU
Tarix: 30-01-2021, 16:17