Medvedyevin “Vahid Rusiya” Partiyasında olan “ayılar” - Milonovu necə durduraq?


“Rusiya Dövlət Dumasının hakim ”Vahid Rusiya" Partiyasından olan üzvü, qatı ermənipərəst mövqeyi ilə tanınan Vitaliy Milonov Azərbaycanın səbir kasasını daşırmağa davam edir. Onun II Qarabağ savaşının getdiyi günlərdə Dağlıq Qarabağa qanunsuz səfəri ölkə ictimaiyyəti tərəfindən sərt etirazla qarşılanmışdı və bu səfərə görə rəsmi Bakı onun adını “qara siyahı”ya salıb. Hətta V.Milonovun tərbiyəsizliyi ilə bağlı baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, “Vahid Rusiya” Partiyasının sədri Dmitri Medvedeyevə məktub ünvanlamışdı.
Rusiyalı deputat son olaraq, erməni KİV-lərinə verdiyi açıqlamada Azərbaycan dövlətinin və xalqının əleyhinə yeni etiraz dalğası yaradacaq fikirlər səsləndirib.
Azərbaycan Xarici İşlər Nazirliyi onun bu davranışlarını sərt şəkildə pisləyib. XİN bildirir: “Dövlət Dumasının üzvünün belə bir məsuliyyətsiz və Rusiya Federasiyasının rəsmi mövqeyinə uyğun gəlməyən davranışı ölkələrimiz arasında münasibətlərə kölgə salmaq cəhdidir. Onun bu çıxışı, həmçinin Rusiya da daxil olmaqla, bölgə ölkələrinin uzun illərdir davam edən düşmənçiliyə son qoyulması və xalqlar arasında sülh, əmin-amanlıq və əməkdaşlığın təmin olunması istiqamətində atdığı addımlara xələl gətirir”.
İndi əsas müzakirələr Dövlət Dumasının üzvünü durdurmaq üçün hansı addımların atılması yönündə gedir. Doğrudur, Rusiyanın bu orqanındakı üzvləri arasında Azərbaycanı dəstəkləyənlər də az deyil. Amma təəssüflə qeyd etmək olar ki, bu cür anti-Azərbaycan mövqeli deputatlar da az deyil.
Hakim Yeni Azərbaycan Partiyası da müzakirələr sırasına daxil edilib. Bu da onunla bağlıdır ki, Milonovun təmsilçisi olduğu partiya şimal qonşumuzda hakimiyyətdədir. Bu nöqteyi-nəzərdən YAP-ın rəsmi olaraq məsələyə sərt formada mövqe bildirməsinin vacibliyindən söz açılır. Eyni zamanda Milli Məclisin də belə bir mövqe sərgiləməsinin önəmli olduğu vurğulanır.
Elman Məmmədov: "Əldə olunan razılıqlar da həm Azərbaycan, həm də İtaliya  üçün əhəmiyyətlidir"
Elman Məmmədov: “Yeni Azərbaycan Partiyasının o gədəyə cavab verməsi...”
YAP-çı deputat Elman Məmmədov kifayət qədər sərt danışdı: “Öncəliklə Yeni Azərbaycan Partiyasının o gədəyə cavab verməsi məsələsinə gəlincə, mənə elə gəlir ki, bununla bağlı hakim partiyanın rəhbərliyində təmsil olunan şəxslərə sual ünvanlansa, daha doğru olardı. Amma YAP deputatı kimi fikirlərimi təbii ki, deməliyəm. Bu məni də çox narahat edən məsələdir. Açığı, gözləyirdim ki, bu barədə mətbuatdan müraciət edən olsun və sözlərimi deyim. Bunun üçün sizlərə təşəkkür edirəm. Əvvəla, tək-tək siyasətçilərin, deputatların, ekspertlərin, nə bilim kimlərinsə Azərbaycan haqqında xoşagəlməyən fikirlər söyləməsi Azərbaycan-Rusiya münasibətlərinə gərək xələl gətirməsin, təsir etməsin. Digər tərəfdən, biz erməni pulu ilə yallanıb, erməni araq və konyakından içib ağlına gələni danışan, başından yekə qələtlər edən birisinin və ya birilərinin dediklərini rus xalqının mövqeyi kimi qiymətləndirmirik. Çox təəssüflər olsun ki, belələri Rusiyada tək deyil. Bunların sayı kifayət qədərdir. 44 günlük müharibə və ondan sonrakı günlərdə biz elələrini yaxşı gördük. Təəssüf edirəm ki, onların ermənipərəst mövqedə dayanan jurnalistləri, deputatları, siyasətçiləri və ekspertləri var. Bir el məsəli çəkəcəyəm, bir az uyğun gəlməsə də, mənim sözlərim də deyil. Deyir ki, hər anqırana oxunu çəksən, bir ucu gedib İsfahana çıxar. İndi bu gədə ilə bağlı belə demək olar ki, ermənipərəst olan hər anqıranla bağlı oxunu çəksən, hamısının ucu gedib İrəvana çıxacaq. Bu şəxs erməni ilə dayıoğlu, əmioğlu deyil, başqa qohumluq əlaqəsi də yoxdur. Demək, burada onun maraqları var. Bu da maddi maraqlar ola bilər. Belə tulaları ermənilər çox məharətlə ələ alırlar. Bunu pul, hədiyyələr vasitəsilə daha çox edirlər. Necə ki, vaxtilə gorbagor Raisa Qorbaçovanı çox bahalı hədiyyələrlə ələ alıb, bizə qarşı qaldırdılar. Ermənilər bunu tarix boyu ediblər. Bu gün də çirkin əməllərini davam etdirirlər”.
Deputat Milonov kimilərinə cavab verilməsini lazımlı sayır: “Hesab edirəm ki, belələrinin sözlərinin başına ip salıb, onları adam yerinə heç qoymaq da lazım deyil. Amma digər tərəfdən də düşünürəm ki, siz deyən kimi Milli Məclis, YAP, xalqımızın gücü çatan, sözü deməyi bacaran ziyalıları, siyasiləri, rəsmiləri, qeyri-rəsmiləri səviyyəsində onların dediklərindən daha betər ifadələrlə elələrini yerində oturtmaq lazımdır. Çünki belələrinin cavabı verilməyəndə, onların qabağında danışılmayanda elə bilirlər ki, düz deyirlər. Sadəcə olaraq, tarixi faktlarla, ədalətlə, hüquqla, qanunlarla bunların təmsil olunduqları qurumların rəhbərlərinə əxlaqsızlıqlarını, tərbiyəsizliklərini çatdırmaq lazımdır ki, bunu tərbiyə edin. Gedib araqdan, konyakdan içib ağlına gələni danışır. Bu da bizim münasibətlərin korlanmasına səbəb olur. Yadınızdadırsa, bir vaxtlar Avropa Şurasında Andreas Qross var idi. Bir dəfə onun haqqında belə ifadə işlətmişdim ki, sovet dövründə Bakı küçələrində ucuz pivəxanalar olurdu, o qədər Qross kimi alkaşlar pivəxanaların böyrünə yıxılırdılar. O da erməni yalıyla Azərbaycana qarşı hürürdü. İndi görürsünüz ki, siyasi arenadan birdəfəlik rədd olub getdi. Azərbaycan öz siyasətini aparır, müstəqil dövlətik. Torpaqlarımızın işğaldan azad olunması, müdafiəmiz, insanlarımızın öz doğma torpaqlarına qayıtması, işğalçını öz yerində oturtması məsələsində Azərbaycanın işi haqq işidir. Onun kimiləri nə deyirlərsə, desinlər. Araq, çaxırdan verib hürdürürlər, qoy hürsün. Bununla bizim işimizə xələl gələsi deyil. Öz işimizi görürük. Amma sonda bir daha deyirəm ki, yuxarıda dediyim qaydada belələrinin cavabı verilməlidir”.
Razi Nurullayev vəd etdiyi adları çəkdi: Rövnəq Abdullayev, Cahangir  Əsgərov...
Razi Nurullayev: “Rusiya özü bununla bağlı bəyanat vermirsə...”
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Rusiyanın bu məsələdəki susqunluğuna xüsusi diqqət ayırdı: “Mən bir az bu şəxs barəsində araşdırma apardım. O, çox təxribatçı, yalançı birisidir. Bir sözlə, ən pis cəhətləri özündə ehtiva edən ikiüzlü insandır. Dediyi ilə fikirləri üst-üstə düşmür. Bu gün bir söz deyir, səhər başqa söz. O insan üçün həyatda müqəddəs heç nə yoxdur. Təəssüflər olsun ki, bu cür insanları Rusiyanın hakim partiyası tərkibində saxlayır və belə şəxslərdən istifadə edib, Azərbaycana qarşı qərəzli fikirlər səsləndirir. Əgər hakim partiyanın təmsilçisinin bu cür fikirlərinə o partiya tərəfindən etiraz edilmirsə, Rusiyanın özü bununla bağlı bəyanat vermirsə, demək, bu insanın fikirlərini ifadə etmiş olur. Kremlin bu formada Qarabağla bağlı apardığı siyasət nə xalq, nə də siyasətçilər tərəfindən bəyənilir. Rusiya hamıya güc göstərmək istəyir. Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı fikir bildirib. Amma düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı, siyasi partiya bununla əlaqədar aktiv şəkildə öz fikirlərini ifadə etməlidir. Açığı, belə fikirlərin Azərbaycan mətbuatında getməsinin o qədər də önəmi yoxdur. Düşünürəm ki, diaspora təşkilatları vasitəsilə daha effektiv işlər aparmaq olar ki, etirazlar bu yaramazın qulağına çatsın. Ən azından onda mənəvi, fiziki narahatlıq yaransın”.“Yeni Müsavat”


Tarix: 27-01-2021, 10:17
Xəbəri paylaş



Xəbər lenti