“Hansı yanlış siyasəti həyata keçiriblər ki, 30 ildir, “partiya” sözü “çayxana” sözü ilə sinonim olub?” – Tural Abbaslı


“Hökumət indiyə qədər bizə zəng edib göstəriş verməyib. Kimlərsə bunu iddia edirsə, deməli, zamanında tapşırıq yerinə yetiriblər. Yəqin, bu iddia oradan irəli gəlir. İlk gündən islahat prosesinin içindəyəm. Bizi tənqid edənləri araşdırın, internetdə axtarın, görün bunlardan çox dialoqdan danışan olubmu? Çox güman ki, onlarla dialoq hansı səviyyədə olubsa, yadlarında da o cür qalıb. Bizə “onu deyin”, “bunu deməyin” kimi tapşırıqlar verilmir”.
 
Bunu Pravda.az-a açıqlamasında AĞ Partiyanın sədri Tural Abbaslı deyib.
 
T.Abbaslı siyasi partiyalara ofis ayrılması məsələsinə də aydınlıq gətirib: “Ofis veriblərsə, bu, texniki məsələdir. İstəməsək, imtina edərik. Bu günə qədər Tural Abbaslı Əmlak Məsələləri Dövlət Xidməti ilə müqaviləyə görəmi siyasətdə olub? Ofis məsələsini bilərəkdən qabardırlar. Niyə partiyanın ofisi olmasın, təşkilat çayxanadan idarə olunmalıdır? O insanlar düşünməlidirlər ki, hansı yanlış siyasəti həyata keçiriblər ki, 30 ildir, “partiya” sözü “çayxana” sözü ilə sinonim olub? Niyə partiya dövlətin bir hissəsi kimi assosiayasiya olunmur, çayxana, həbsxana, məhbus, işdən qovulmalarla assosiasiya olunur? Tənqidləri qərəzli hesab edirəm. Faktları varsa, təqdim etsinlər, “rüsvay” olaq. Bu iddialarla özlərini rəzil duruma salmasınlar. Onların özləri ilə bağlı faktlar kifayət qədərdir. Biz AĞ Partiya olaraq, onların sevgisini deyil, xalqımızın rəğbətini qazanmaq istəyirik. Bu istiqamətdə işlər görürük, müəyyən uğurlarımız da var. Digər partiyalar haqqımızda nə düşünürlər, özləri bilərlər, onların səsi bizə lazım deyil. Digər partiyaların sədrlərinin, üzvlərinin deyil, AĞ Partiyanın İdarə Heyətinin üzvlərinin qarşısında hesabatlıyam".
 
Partiya sədri qeyd edib ki, son bir neçə ildə hakimiyyətdə baxış, insanlar dəyişib: “Ən qərəzli adam belə bunu qəbul edir. Hakimiyyət dünənki qədər aqressiv, radikal, qapalı deyil. Təbii ki, ideal formada da deyil. Amma hiss olunur ki, dəyişilmə cəhdləri var. Bizi tənqid edənlərin “öz adamları”, “dialoq dostları” hakimiyyətdə təmsil olunmadığı üçün oyundan kənarda qalıblar. Bilirsiniz ki, Ramiz Mehdiyev, Əli Həsənov vəzifəsindən azad olunub. Bu şəxslər kimlə dialoqa gedəcəklər? Onlar 30 ildir, o adamlara öyrəşmişdilər. Tərəfdarları qalmayıb, hakimiyyətə yeni komanda gəlib, onlar da hakimiyyətdən qovduqlarının dostları ilə yol getmək istəmirlər və ya ənənəvi dialoqu qəbul etmirlər. Bu şəxslər Ramiz Mehdiyev və Əli Həsənovla hansı formatda dialoq qurmuşdular ki, həmin formatı yeni komanda ilə qura bilmirlər? Yəqin ki, şərtlər dəyişib. İqtidar eynidir, dünən açıq və qapalı dialoqda olmusansa, bu gün niyə razılaşmırsan? Bir cavabı var: Müəyyən adamlar dəyişib deyə dialoqu qəbul etmirlər!”.
 
Qeyd: Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirdiyi müşavirədə bildirib ki, keçən il partiyaların böyük əksəriyyəti hökumətin təşəbbüsünə müsbət cavab verərək, siyasi dialoqa qoşulublar: “Deyə bilərəm ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir. Siyasi dialoq müharibədən əvvəl başlamışdır və müharibə dövründə daha da güclənmişdir. Müharibə dövründə bir antimilli qruplaşma istisna olmaqla, - mən antimilli şuranı nəzərdə tuturam, - bütün digər siyasi partiyalar və birliklər birmənalı olaraq bizim haqq işimizə öz dəstəyini verdi. Antimilli şura isə öz xain, satqın missiyasını müharibə dövründə də icra edib, düşmənin dəyirmanına su töküb, ordumuza qarşı çirkin kampaniya aparıb. Ordumuzu ləkələmək istiqamətində növbəti təxribat xarakterli addımlar atıbdır. Onlardan başqa nə gözləmək olar? Bu antimilli şuranın liderləri vaxtilə Paşinyanı bizə nümunə kimi göstərirdilər, deyirdilər ki, baxın, Paşinyan demokratdır, Paşinyan novatordur, Paşinyan təmiz adamdır. Bu, onların sözləridir. İndi soruşun erməni xalqından, onlar bu novator demokrat haqqında nə fikirləşirlər? Onları birləşdirən, əlbəttə ki, hər iki, necə deyərlər, nümayəndənin vaxtında torpaqların əldən getməsidir. Azərbaycan Xalq Cəbhəsi və bu gün onun antimilli şurada cəmləşən qalıqları faktiki olaraq Birinci Qarabağ müharibəsi dövründə fərarilik etmişlər. Biz bu tarixi unutmamışıq, gənc nəsil də bilməlidir. Müharibə gedə-gedə prezident öz vəzifəsini tərk edib, gedib dağ kəndində oturub. Müharibə gedir, insanlar ölür, torpaqlar əldən gedir, ölkənin prezidenti, Ali Baş Komandanı qaçır, gedir Naxçıvan Muxtar Respublikasının dağ kəndində oturur. Bu, fərarilik deyil, nədir? İndi bu antimilli şurada rəhbərlik edənlər, harada idiniz müharibə dövründə? Qaçıb gizlənmişdilər. İndi də qaçıb gizlənir, biri Amerikada oturub, oradan mühazirələr oxuyur və düşmənin dəyirmanına su tökür. Onu kim maliyyələşdirir? Kim ona istiqamət verir? Biz bilirik. Buradakılara kim istiqamət verir? Həmin qüvvələr. Ermənipərəst qüvvələr, müharibə dövründə bizə qarşı çirkin əməllərdə iştirak edənlər, bizim qələbəmizi əlimizdən almaq istəyənlər, ermənilərə dəstək verənlər antimilli şuranın havadarlarıdır və onlar fəraridirlər, satqındırlar, xaindirlər. Xalq da bunu bilməlidir və gənc nəsil də bilməlidir. Bəzi hallarda gənc nəslə bu biabırçı tarix haqqında kifayət qədər məlumat verilmir. Bu, orta məktəb, ali məktəb dərsliklərinə salınmalıdır. Bu qara səhifə dərsliklərə salınmalıdır. Gənc nəsil Şuşanı, Laçını, Xocalını, Kəlbəcəri satanları, fərarilik edənləri, torpaqlarımızın itirilməsinə imkan yaradanları tanımalıdır. Bu günə qədər orada-burada sülənir Şuşanı satan satqın. Onlar bəla gətirdilər, faciə gətirdilər, günahsız insanların həlak olmasına şərait yaratdılar, insanları müdafiə etmədilər. Xalq Cəbhəsi-Müsavat hakimiyyəti qaçdı gizləndi, təslim oldu, biabır oldu. Ondan sonra otuz il ərzində elə bil ki, bunlar deyil bu torpaqları satanlar. Elə bil ki, bunlar deyil döyüş meydanından qaçanlar, bunlar deyil müharibə dövründə Gəncəni bombalayanlar, Azərbaycan əsgərini əsir götürənlər. Bunlardır. Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır. Amma təbii ki, bunlar istisna olmaqla, bu gün ölkəmizdə çox ciddi və fəal siyasi dialoq gedir. Mən bir məsələni də qeyd etmək istərdim. Bir neçə ay bundan əvvəl mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan keçməyiblər. Mənim üçün bu, sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona görə mən dərhal göstəriş verdim ki, bu məsələ öz həllini tapmalıdır. İndi siyasi partiyaların qeydiyyat məsələsi öz həllini tapır. Hətta bir daha demək istəyirəm ki, müharibədən əvvəl artıq ölkəmizdə yeni bir siyasi iqlim yaranmışdır, müsbət iqlim. Çünki bizim hamımızın, bütün vətənpərvər qüvvələrin bir amalı var idi - torpaqlarımızın işğaldan azad edilməsi. Biz, Azərbaycan iqtidarı buna da nail olduq. Bu gün isə bizim qarşımızda bu Qələbəni siyasi yollarla möhkəmləndirmək, erməni faşizminin baş qaldırmasına yol verməmək, beynəlxalq müstəvidə keçmiş münaqişə ilə və indiki reallıqlarla bağlı, o cümlədən dağıdılmış ərazilər haqqında məlumat çatdırmaq vəzifəsi durur. Bizim partiyalarımızın bəziləri beynəlxalq partiya qurumlarına üzvdürlər. Bu məlumat o qurumlar çərçivəsində verilməlidir. Yəni bu, gələcək fəaliyyət üçün əsas istiqamət olmalıdır. Əlbəttə ki, ölkə daxilində demokratikləşmə proseslərinə müsbət təsir etmək, partiyalararası dialoqu möhkəmləndirmək, çatışmazlıqlar haqqında məsələ qaldırmaq və normal, sağlam rəqabət aparmaq – biz bunu istəyirik. Biz öz niyyətimizi ortaya qoymuşuq və şadam ki, bütün siyasi qüvvələr bu təşəbbüsə qoşulub”.
Tarix: 9-01-2021, 15:07
Xəbəri paylaş



Xəbər lenti