"Ermənilərə demişdim ki, oralar məzarınız olacaq"





Niderland Krallığında yayımlanan “Life24 TV”nin "Hollanda Çarşı Pazar" proqramında Azərbaycanın haqlı davasından və qazandığı Zəfərdən danışılıb.

Axar.az xəbər verir ki, proqramın aparıcısı Yavuz Nufelin qonağı olan Niderland Krallığında Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın Azərbaycanın dövlət müstəqilliyinin, Dağlıq Qarabağ münaqişəsinin tarixi, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması barədə ətraflı məlumat verib. 33 ildir yaşadığı Niderlandda bütün diaspor təşkilatları ilə birlikdə Azərbaycan həqiqətlərinin eşidilməsinə çalışdıqlarını, beynəlxalq hüquqa uyğun olaraq Ermənistanın işğalçı və təcavüzkar siyasətinə son qoyulmasını, Xocalıya ədalət tələb etdiklərini nəzərə çatdırıb.

İ.Aşkın söyləyib ki, vaxtilə tədbirlərin birində ermənilərin ünvanına "Bu gün işğal etdiyiniz torpaqlara bir gün sahibləri geri qayıdacaq, oralar sizin üçün məzar olacaq" kəlməsini işlətdiyinə görə ermənilər tərəfindən Niderlandda məhkəməyə verilib, amma 44 günlük Vətən müharibəsinin nəticələri onun haqlı olduğunu sübut edib.

"200 ildir qələbəyə həsrət idik. Biz hər zaman doğma torpaqlarımızdan çıxarılırdıq, deportasiya olunurduq, qətliamlara məruz qalırdıq. 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük qəhrəmanlıqla torpaqlarımızı Ermənistanın işğalından azad etdi", - İ.Aşkın bildirib.
Tarix: 29-12-2020, 21:50
Xəbəri paylaş



Xəbər lenti