“Rusiyalı sülhməramlıların Dağlıq Qarabağda olması bölgədəki stabilliyi pozmaq təhlükəsi yaradır”.
Bunu bir neçə gün öncə ABŞ dövlət katibinin hərbi və siyasi məsələlər üzrə köməkçisi Klark Kuper deyib.
“Belə hallarda Rusiyanın mövcudluğu sabitliyi pozmaqla təhdid edir”, - deyə azərbaycanlı jurnalistin Vaşinqtonun bölgədəki Rusiyanın təsirinə müqavimət göstərməsi ilə bağlı sualına cavab olaraq bildirib.
“Şübhəsiz ki, bu, cəlb edilmiş bütün tərəflər və dövlətlər üçün bir çağırışdır”, - deyə Kuper qeyd edib.
O əlavə edib ki, buna görə Amerika tərəfi ABŞ Dövlət katibi Maykl Pompeonun noyabr ayında qismən bəyan etdiyi kimi humanitar vəziyyətə xüsusi diqqət yetirir. Kuper, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun himayəsi altında sülh danışıqlarının aparılmasını zəruri hesab etdiyini vurğulayıb.
Erməni mətbuatı ABŞ-ın bu reaksiyasını narahatlıqla qaşılayıb.
Erməni nəşrlərindən biri yazır ki, bunun rus sülhməramlılarını bölgədən çıxarılması üçün bir plan olduğu açıq şəkildə aydındır, üstəlik burada Qərb proqramından faydalanan, bu gün Qarabağdakı vəziyyətlə əlaqədar Rusiya ilə tam bir razılığa gəldiyini göstərən Türkiyədir.
“Qərb proqramını həyata keçirməyin mümkün olması üçün bölgədən rus sülhməramlılarını çıxarmaq olduğu şübhəsizdir.
Göründüyü kimi, bəzi Azərbaycan və Ermənistan dairələri bu layihənin və ya təbliğatının bir hissəsini təşkil edirlər. Digər tərəfdən bu iş Ermənistanda, hakimiyyətin öz fəaliyyətsizliyinin rus sülhməramlılarının çiyinlərinə atmasının nəticəsində həyata keçirilir.
Rus sülhməramlıları siyasi qərarlar qəbul edə bilməz, hərbi-siyasi qərarlara müdaxilə edə bilməzlər. Onlar öz xüsusi funksiyaları ilə bölgəmizdədirlər, hər şeyi onların üstünə atmaq sadəcə absurddur.
Qarabağa gələn rus sülhməramlısı Ermənistan Respublikasının təhlükəsizliyini təmin etməyəcək, bunu başa düşmək lazımdır. ABŞ və NATO isə onun üzvü olan Türkiyə ilə birlikdə rus sülhməramlılarının bölgədən çıxarılmasının tərəfdarıdırlar.
Bunu dərk etməsək, demək, tezliklə bölgəmiz yeni bir qeyri-sabitlik ocağına çevriləcək. Buna görə də Ermənistanda elə bir hökumət qurulmalıdır ki, bu da Rusiyanın hərbi varlığını artıraraq Rusiya vasitəsilə Ermənistanın təhlükəsizliyini çox sürətlə təmin etməyə qadir olsun”, - deyə nəşr qeyd edib.
Ordu.az
Tarix: 23-12-2020, 10:18