Bakı-Ankara qardaşlığını kim qısqanır: Kreml, yoxsa Qərb?


Bütün dünya dekabrın 10-da Bakıda keçirilən Zəfər Paradını seyr elədi - dost da, düşmən də, ayrı-ayrı siyasi kluarlarda planlar cızanlar da, əlini çənəsinin altına qoyub dərin fikrə gedən Qərb siyasətçiləri də.

Hər bir ölkə papağını qabağına qoyub düşünməli olacaq, dünyada Azərbaycan-Türkiyə reallığı var, bu birlik bizim üçün təhlükədir, yoxsa yox. Musavat.com yazır ki, rəsmi Bakı dövlətlərin, siyasətçilərin, liderlərin davranışlarını, reaksiyalarını sezir. Görünən budur ki, xüsusən Qərb ölkələri bunu həzm edə bilmirlər.
Hətta İslam dünyasının həmrəyliyi, Turan ideyasının yaranması kimi baxışlar meydana çıxmağa başlayıb. O baxımdan bəzi müşahidəçilərin fikrincə, Zəfər Paradının keçirilməsi, Türkiyə və Azərbaycanın bir-birinə daha da yaxınlaşması bizə xarici basqıları artıra bilər.
Bu təzyiqlərin isə Rusiyadan, Kremldəki müəyyən dairələrdən gələcəyini proqnozlaşdılır. Hətta Rusiyanın Azərbaycana alma və pomidor idxalı qadağasını təzyiqin ilk elementi kimi qiymətləndirənlərə rast gəlinir. Hərçənd qonşu ölkənin Fitosanitar qurumu tərəfindən sözügedən məhsulların standartlara uyğun olmadığı haqda bizə 17 dəfə xəbərdarlıq olunduğu deyilir.
Zəfər paradımızın ehtiva etdiyi gizli məqamlar
Yəni Moskva Zəfər Paradına pomidorla cavab verəcək dövlət deyil. Üstəgəl, Türkiyə Prezidenti regionda altılı əməkdaşlıqdan danışarkən rusiyalı həmkarının bu təşəbbüsü dəstəklədiyini bəyan etdi. Odur ki, Rusiya-Türkiyə-Azərbaycan münasibətlərində hər hansı ürəkbulandıran situasiya, tərəfləri qane etməyən məqamlar hələ ki yoxdur. Əksinə, Ankara-Bakı yaxınlaşmasına da, Zəfər Paradında Türkiyə Prezidentinin iştirakına da Qərb tərəfindən qısqanc yanaşılır.
Sözsüz ki, Ankara ilə gərgin bir dövr yaşayan Fransa, Yunanıstan, Almaniya kimi dövlətlərin, bütövlükdə Avropa Birliyinin Türkiyə-Azərbaycan yaxınlaşmasına, eləcə də Rusiyanın Türkiyə ilə münasibətlərinin yaxşılaşmasına reaksiyası ürəkaçan deyil. Bu mənada regionda yeni anti-Qərb cəbhəsinin yaranacağı  ehtimalları səslənir və Azərbaycana Avropada təzyiqlərin olacağı xəbər verilir.
Qabil Hüseynli: ABŞ-da irqi ve dini ayrı-seçkilik uzun illərdir mövcuddur
Lakin politoloq Qabil Hüseynlinin Musavat.com-a bildirdiyinə görə, Azərbaycana hər hansı təzyiqlərin olacağından söhbət gedə bilməz. Siyasi şərhçi hesab edir ki, Türkiyə və Azərbaycan regionda əmin-amanlığın bərqərar olması, iqtisadi əməkdaşlığın genişlənməsi üçün addımlar atır, hansısa dairələri, liderləri şübhələndirən nüanslar yoxdur.
Analitikin fikrincə, bölgədə yeni iqtisadi platformanın təsis olunması müzakirə edilir və bura Ermənistanın da daxil edilməsi gündəmdədir: “Bu halda Azərbaycana təzyiqlər üçün hansısa əsasların yarandığını görmürəm. Bakı və Ankara iki qardaş kimi əməkdaşlığı inkişaf etdirir, gələcəyin konturlarını cızır, bölgədə infrasturktur layihələrin planını hazırlayır. Bu layihəyə Rusiya, İran, Gürcüstan və Ermənistanın daxil edilməsi gözlənilir, iqtisadi əməkdaşlıqdan danışılır. Məqsəd regionda sabitliyə nail olmaqdır”.
Q.Hüseynlinin sözlərinə görə, Ərdoğan Zəfər Paradına qardaşlıq eşqi ilə gəlmişdi: “Tədbirdən sonra iki ölkə arasında viza rejiminin tam ləğv olunması barədə qərarın açıqlanması həm də bölgənin iqtisadi çiçəkləməsinə hesablanıb. Bu mənada hər iki ölkə regionda sülh, dayanıqlı inkişaf üçün nə lazımdırsa etməyə hazırdır. Söhbət yeni dəmir və şose yolların tikintisindən, Ermənistana tətbiq edilən kommunikasiya məhdudiyyətlərinin qaldırılmasından gedir. Dünya sevinməlidir ki, Türkiyə və Azərbaycan bölgənin inkişafına böyük töhfə verəcək, regionu əmin-amanlıq məkanına çevirəcək. Bunu başa düşməyənlər varsa, dərin fikirləşmirlər. Bizə qarşı hər hansı təzyiqdən söhbət gedə bilməz. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da ermənilərlə azərbaycanlıların birgə yaşayacağına dair keçmişdən misallar gətirir, yeni formalar yaranacağına inandığını bildirir. O halda hansı narahatlıqlar ola bilər? Əksinə, regionda tolerant münasibətlər yaranır və buna kölgə salmağa ehtiyac yoxdur”.
Emil Salamoğlu,
Musavat.com
Tarix: 12-12-2020, 11:00
Xəbəri paylaş



Xəbər lenti