İranın Qarabağ narahatlığı: “Qələbədən sonra Bütöv Azərbaycan ideyası daha da güclənəcək”


İranın Qarabağ narahatlığı: “Qələbədən sonra Bütöv Azərbaycan ideyası daha da güclənəcək”

Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı arapdığı əks-həmlə əməliyyatı uğurla davam edir. Azərbaycan ordusu artıq Şuşa şəhərini işğaldan azad edib. Azərbaycanın uğurları dostlarımızı sevindirir, düşmənlərimizi kədərləndirir. Qonşu dövlətlərdən İran İslam Respublikasının mövqeyi ziddiyyətlidir.
İran rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Lakin sosial şəbəkələrdə İranın Ermənistana hərbi və iqtisadi yardımlar etdiyinə dair xəbərlər yayılır.
“Tehran hərbi uğurlarımızdan narahatdır”
Bütöv Azərbaycan Ocaqları (BAO) başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanın hərbi uğurlarından narahat olan dövlətlərdən biri də cənub qonşumuzdur:

“27 sentyabrda Azərbaycan ordusunun əks-hücumla başlayan Vətən müharibəsində qısa müddətdə cəbhədə əldə etdiyi uğurlar rəsmi Tehranı çox ciddi şəkildə narahat edib. Ancaq bunu pərdələməyə çalışan İran adlanan ölkə Ermənistana olan münasibətlərdə, o cümlədən Qarabağ məsələsində guya “geri addımlar” atır.
Ölkənin Ali Dini lideri Seyidəli Xamneyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmələri ilə bağlı bəyanatlar verir. Ancaq onların açıqlamalarında Azərbaycanın ərazi bütövlüyündən tərəf olmaları ilə bərabər daim diqqəti çəkən başqa məqamlar da var.
Belə ki, molla rejimi bir tərəfdən Azərbaycan Respublikasındakı tərəfdarlarını rəsmi Bakıya, Türkiyəyə və ümumilikdə türklüyə qarşı təşviq edir, digər tərəfdən Azərbaycanla sərhəd bölgəsinə külli-miqdarda hərbi qüvvə və texnika cəlb edir. Özü də, buraya toplaşan qüvvələr əsasən farslar, lorlar, kürdlərdən ibarətdir. Üstəlik, İranın Ermənistana hərbi yardımlara davam etməsi barədə də məlumatlar var. Ola bilsin ki, İran hər hansı bəhanələrlə sərhədə hərbi qüvvə və hərbi texnika yığır və daha sonra da Ermənistana ötürür”.
“Bölgədə bir terrorçu var, o da Ermənistandır”
F.Ələkbərli deyib ki, son günlərdə İranın yüksək çinli ordu rəhbərlərinin dolayısıyla Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə, guya hansısa terrorçu təfkirçi qrupların olduğunu iddia etmələri də təsadüfi deyil: “Halbuki molla rejimi yaxşı bilir ki, bu bölgədə bir terror qruplaşması varsa, o da Ermənistandır! Həmin Ermənistanı dəstəkləyənlərdən biri də elə molla rejiminin özüdür.
Bizcə, əgər İran adlanan ölkə odla oynamağa davam edəcəksə, oynadığı od onun özünü yandıracaq. Hər halda bu günə qədər Ermənistana işğalçı, separatçı rejimə terrorçu deməyib, indi Azərbaycan ordusunun işğaldan azad etdiyi bölgədə təfkirçi terrorçu qruplaşma axtarmaq heç bir məntiqə və qonşuluq münasibətlərinə sığışmır.
Xüsusilə də, İranın ən böyük və bağışlanmaz səhvi Şuşadakı azərbaycanlılara-türklərə aid məscidi “İran-fars məscidi” kimi təmir etdirməsi oldu. İranın həm terrorçularla iş birliyi etməsi, həm də Azərbaycan məcsidini İran məscidi kimi təmir etdirməsi qəbuledilıməz idi”.
“Onlar ciddi zərbə alacaq”
BAO təmsilçisi deyib ki, qələbədən sonra İranın Azərbaycandakı əlaltıları da nüfuzdan düşəcək:
“Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra ən ciddi zərbələrdən birini də İranın Azərbaycandakı təəssübkeşləri alacaq. Bunun əvəzində Vətən müharibəsindən sonra xalq arasında Bütöv Azərbaycan ideyası daha da populyarlaşacaq. Məhz bunu daha yaxşı anlayan İranı düşündürən məğlub Ermənistanın deyil, öz gələcək aqibətidir”.
Tarix: 8-11-2020, 16:43
Xəbəri paylaş



Xəbər lenti