Müzəffər Azərbaycan ordusunun işğalçı Ermənistanı sülhə məcburetmə əməliyyatı uğurla davam edir. Bir neçə gündür döyüşlərin Şuşada getdiyi və qədim Azərbaycan şəhəri Şuşanın azad edilməsinin an məsələsi olduğu barədə məlumatlar yayılır və hətta xarici KİV-i artıq Şuşanın azad edildiyindən, Laçın koridorunun Azərbaycan ordusunun nəzarətinə keçdiyini bildirir.
Bunu hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov öz sosial hesabında yazıb.
Vüqar Dadaşov qeyd edib:
“Sözsüz ki, Vətən Müharibəsinin şanlı Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşacağı xalqımıza və dünya ictimaiyyətinə məlum bir nəticə olduğundan, müharibədən sonrakı proseslərin cərəyanı barədə müzakirələr və mülahizələr davam edir.
Daha çox müzakirə olunan Ermənistanın kapitulyasiyasına dair prosesin mümkünlüyü barəsindədir. Əvvəla qeyd etmək lazımdır ki, Ermənistan dövləti qarşı tərəf kimi göz qabağında olsa da, faktiki olaraq Azərbaycan öz ərazisində və Ermənistanın qondarma separatist “dqr” rejiminə qarşı sülhə məcburetmə əməliyyatı aparır. Dünyanın heç bir ölkəsi Ermənistanda daxil olmaqla bu qondarma “dqr” rejimini tanımamışdır. Bu günə kimi də, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında özünün yaratdığı “dqr” rejimini tanımamağının əsas səbəbi isə Azərbaycan torpaqlarının işğalına görə məsuliyyəti Ermənistan Respublikasından uzaq tutmaq istəyidir.
Azərbaycan Respublikası Ermənistanı sülhə məcburetmə əməliyyatından sonra Dağlıq Qarabağdan başqa Azərbaycanın Ermənistan ərazisində Qazax rayonuna, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonuna və Ağstafa rayonuna aid ümumi sahəsi 80 kv. km olan dörd eksklav ərazilərin Azərbaycan Respublikasının yurisdiksiyasına qaytarmalıdır, bundan sonra Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının dövlət sərhədinin delimitasiyası aparılmalıdır.
Ermənistanı sülhə məcburetmə əməliyyatından sonra ən başlıca məsələ sözsüz Naxçıvan Muxtar Respublikası ilə kontinental Azərbaycan Respublikası ərazisi ilə Mehri dəhlizi vasitəsi ilə quru əlaqəsinin yaradılması güzəştsiz şərt kimi Ermənistana qəbul etdirilməlidir.
Ermənistan nə qədər “dqr” pərdəsi arxasında gizlənsə də , nüfuzlu Beynəlxalq təşkilatlar, İnsan haqları üzrə Avropa Məhkəməsi məhz Ermənistan dövlətinin işğalçılıq faktını bu və ya digər şəkildə öz qərarlarında təsdiqləyirlər. Azərbaycan Respublikası Ermənistanı sülhə məcburetmə əməliyyatından sonra Ermənistan Respublikasına qarşı reparasiya tələbi irəli sürməlidir Reparasiya - beynəlxalq hüquq subyektinin beynəlxalq hüququn başqa bir subyektinə törətdiyi beynəlxalq cinayət nəticəsində dəymiş ziyana görə maddi məsuliyyət formasıdır, xüsusən də dövlət tərəfindən barışıq müqaviləsi və ya digər beynəlxalq aktlar sayəsində, onun vurduğu ziyana görə hücuma məruz qalan dövlətlər. Təzminatın miqdarı və mahiyyəti dəymiş maddi ziyana uyğun olaraq müəyyən edilir. Ermənistandan təzminatın tələb edilməsi müəyyən vaxt tələb edən hüquqi prosedura olduğundan müəyyən hesablamalardan sonra reparasiya prosesinə tez bir zaman daxilində başlanılmalıdır.
Sözsüz ki, bütün Azərbaycanın ən ülvi arzularını gerçəkləşdirən, bu qələbələri Azərbaycan xalqına bəxş edən Ali Baş Komandan özü qeyd etdiyi kimi, nəyi nə vaxt edəcəyini hamıdan yaxşı bilir. Allah Azərbaycanımızı və Ordumuzu qorusun.
Qarabağ Azərbaycandır!”
Neqativ.com