“Dağlıq Qarabağı terrorçulardan azad edəcək bir sərkərdə varsa, o, da İlham Əliyevdir...” “Artıq Türkiyə-Azərbaycan dostluğu və həmçinin Türkiyəylə Rusiya arasında olan münasibətlər bizə imkan verir ki, tam şəkildə torpaqlarımız işğaldan azad edilsin”
Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasını sədri Hafiz Hacıyev deyib. H.Hacıyev artıq Ermənistan kimi bir dövlətlə Rusiyanın əməkdaşlıq etməkdə maraqlı olmadığını bildirdi:
“Rusiya həmişə Ermənistanın yanında olub, onları silah-sursatla təmin edib. Amma bu dəfə Paşinyanın Putinə yalvarıb kömək istəməsinə “yox” cavabı alması açıq şəkildə özünü biruzə verdi. Artıq Rusiya ictimaiyyəti, hakimiyyəti, politoloqları da başa düşür ki, bütün bunlar Paşinyanın oyunudur. Rusiya artıq düşünür ki, Ermənistan kimi bir dövlətlə, Paşinyan kimi adamla ağıllı dövlət başçısı əməkdaşlıq etməz. Ali Baş Komandanımızın qətiyyətli mövqeyi ortadadır, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edir. Qalan rayonlarımızda da bayrağımız dalğalanacaq. Paşinyan Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsini də istədi, amma bu cəhdi də alınmadı. Belə olan halda isə onlar çalışırlar ki, Rusiyaya təzyiq göstərsinlər və Gümrüdəki 102-ci hərbi baza çıxarılsın. Əgər ermənilər bunu istəyirsə, Rusiya hərbi bazasını Ermənistandan çıxarmalıdır”.
H.Hacıyev qardaş Türkiyənin Azərbaycana dəstəyi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi üçün bir məqam yarandığını bildirib:
“Mən həmişə müsahibələrimdə deyirdim ki, Dağlıq Qarabağı terrorçulardan azad edəcək bir sərkərdə varsa, o, da İlham Əliyevdir. Bu gün ona görə sevinirəm ki, 10 il bundan öncə verdiyim proqnozlar bu yerini tapdı. Düşünürəm ki, Dağlıq Qarabağ tam olaraq işğaldan azad ediləcək. Bizim içimizdə də, rəhbərliyimizdə də ermənilər var idi, sağ olsun cənab prezident onları uzaqlaşdırandan sonra torpaqlarımızı azad etməyə başladıq. Hesab edirəm Rusiya necə ki, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu üçün məsələyə müdaxilə edə bilməyəcəyini dediyi kimi, Gümrüdəki bazasını da Ermənistandan çıxara bilər. Artıq Türkiyə-Azərbaycan dostluğu və həmçinin Türkiyəylə Rusiya arasında olan münasibətlər bizə imkan verir ki, tam şəkildə torpaqlarımız işğaldan azad edilsin”.
Tarix: 2-11-2020, 15:18