“İran və Türkiyənin regional sülh və sabitlikdə danılmaz rolu var”.Strateq.az ISNA-ya istinadla xəbər verir ki, bunu İran prezidentinin xüsusi elçisi və xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi bildirib.
Xüsusi elçi bu bəyanatı Ankaraya səfəri çərçivəsində türkiyəli vəzifədaşı ilə görüşdükdən sonra deyib.
Abbas Əraqçi şəxsi “Twitter” hesabında yazdığı mesajda qeyd edib: “Ankarada Türkiyə xarici işlər nazirinin müavini Sadat Önal ilə səmimi və səmərəli danışıqlar apardım. İran və Türkiyə regional sülh və sabitlikdə danılmaz rola sahib olan ən vacib ölkələr arasındadır”.
İran prezidentinin xüsusi elçisi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri ilə danışıqlardan sonra bu gün Türkiyənin paytaxtı Ankaraya gəlib.
Səfər çərçivəsində Əraqçi Türkiyə XİN rəhbərinin müavini Sadat Önal ilə görüşüb.
Oktyabrın 30-da Rusiya KİV-ləri Əraqçinin Qarabağ münaqişəsinin həlli üçün “2+2” formulunu (Azərbaycan-Türkiyə+Ermənistan-Rusiya) təklif etdiyini bildirib. “Rusiya və Türkiyə Qarabağ problemini “2+2″ formulu ilə həll edə bilər”. “RİA Novosti”-yə müsahibəsində İran prezidentinin xüsusi elçisi belə söyləyib.
Abbas Əraqçinin sözlərinə görə, Dağlıq Qarabağdakı böhranın həm Rusiya, həm də Türkiyənin iştirakı ilə regional səviyyədə həll edilməsi mümkündür. “İran planının ən vacib xüsusiyyəti regional yanaşmaya sahib olmasıdır. Regional yanaşmadan istifadə edərək və bölgədə nüfuzu olan ölkələrin iştirakı ilə bu böhranla mübarizə apara bilərik. Təbii ki, Rusiya da, Türkiyə kimi, bölgənin ən vacib ölkələrindən biridir”.
Digər qism Rusiya KİV-ləri isə İranın “Qarabağ Planı”nda, Gürcüstanın da münaqişənin həlli planına daxil edilməsi şərtilə, “3+3” formulunun gündəmdə olduğunu qeyd edirlər.
Ankaraya yollanmazdan əvvəl XİN rəhbərinin müavini bildirib: “İranın “Qarabağ Planı” Minsk qrupu təşəbbüslərinin əvəzi deyil”.
Abbas Əraqçi İslam Respublikasının Dağlıq Qarabağ böhranının həlli üçün təklif etdiyi paketin çatışmazlıqların aradan qaldırılması və təşəbbüsləri tamamlamaq məqsədi daşıdığını söyləyib. “İran bölgədə mövcud olan, Azərbaycan və Ermənistanla yaxın əlaqələrə malik ölkələrin bu böhranın həllində təsirli iştirakını və regionda bütün ölkələr üçün vacib olan davamlı sülh təklif edir”.
Tarix: 31-10-2020, 18:49