Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə işgüzar səfərdədir. Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edək ki, Ermənistanın xarici siyasət idarəsinin başçısı Zöhrab Mnatsakanyan da Cenevrədə səfərdədir. Hazırda dünyanın gözü, diqqəti Cenevrəyə yönəlib.
Maraqlıdır, bu görüş nə vəd edir?
Geosiyasət və beynəlxalq hüquq üzrə professor Əmir Əliyevin “Sherg.az”a açıqlamasında görə, C.Bayramovun Cenevrəyə səfəri o deməkdir ki, Azərbaycan yenə də beynəlxalq prinsiplərə sadiqdir. Yəni ölkəmiz münaqişənin dinc yolla həll edilməsini əsas götürür. Professor diqqətə çatdırıb ki, Dağlıq Qarabağla bağlı proseslərdə beynəlxalq hüququn bütün prinsiplərinə əməl edilməlidir:
“Bu prinsiplərdən ən əsası da Ermənistan hərbi qüvvələrinin və başqa qeyri-qanuni qüvvələrin işğal edilmiş ərazilərimizdən çıxarılmasıdır. Azərbaycan xarici işlər naziri isə Cenevrəyə rəsmi səfərə yollanır.
Çünki ölkəmiz münaqişənin dinc yolla həllində maraqlıdır. Amma Ermənistan təcavüzkar siyasətini davam etdirərək torpaqlarımızdan çıxmayacağını bəyan edir”.
Ə.Əliyev qeyd edib ki, düşmən həqiqətən də beynəlxalq hüququn baza prinsiplərinə əməl edəcəyi təqdirdə müharibə dayana bilər:
“Yəni Ermənistan ərazilərimizdən bütün qoşunlarını çıxaracaq, müharibə cinayəti törətmiş şəxsləri təhvil verəcək və dəymiş ziyanı ödəyəcəklər.
BMT Təhlükəsizlik Şurasının qətnaməsində yazılıb ki, qaçqınlarımız azad edilmiş ərazilərimizə qayıtmalıdır. Gedib görməlidirlər ki, orada yaşamaq üçün hansısa şərait var.
Ermənistan bu prinsiplərə sadiq olsa, əlbəttə, Azərbaycan münaqişənin dinc yolla həllinə tərəfdardır. Yoxsa düşmən sözdə başqa şeylər deyib, əməlində təcavüzkarlıq edəcəksə, sonra da gəlib danışıq aparmağa hazır olduğunu bildirəcək?
Bu, mümkün deyil. Azərbaycan beynəlxalq hüququn bütün prinsiplərinə əməl etdiyini isbatlayıb.
Lakin Ermənistana qarşı müvafiq sanksiyalar və güc tətbiq edilməsə, bu ölkə ilə danışıqlar alınan iş deyil”.
Tarix: 30-10-2020, 21:06