Erməni lobbisi Fransada söz azadlığını boğmaqda: dünya buna niyə susur?

“Demokratiya beşiyi” Fransada erməni “lay-layı”

 “Sərhədsiz Reportyorlar” Fransanın TF1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona qarşı internet üzəridən sərt hücumların olduğunu, yalnız işini görən bir peşəkara qarşı kobud nifrət dolu mesajlarla ittiham olunduğunu bəyan edib. Oktyabrın 22-də TF1 kanalında “Saat 20" verilişində Azərbaycanın cəbhə xəttindən, Dağlıq Qarabağ regionunda döyüşlərin yenidən başlanmasından bəhs edən reportajın yayımından sonra jurnalist Liseron Budul Fransanın erməni icması tərəfindən ”Facebook" və “Twitter” sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajların hədəfinə çevrilib. Eyni zamanda jurnalistin telefon nömrəsi əldə edildikdən sonra “WhatsApp” üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da, həmçinin davamlı olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib.
Qeyd edək ki, sözügedən eksklüziv reportajda Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, Ermənistan silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edilir. Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib, ölənlər və yaralananlardan danışılıb, ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu bildirilib. Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından danışaraq, dağılmış evləri göstərib. Erməni bombardmanı nəticəsində uşaq və qadın daxil olmaqla, 15 nəfərin həlak olduğunu və 50-dən çox dinc sakinin yaralandığını diqqətə çatdırıb. Bu səbəbdən reportaj erməni lobbisinə böyük zərbə olub.
Guya “demokratiya beşiyi” sayılan Fransa hökuməti isə erməni lobbisinin söz azadlığını buxovlamasına, obyektiv reportajına görə jurnalistləri və telekanalı təhdid etməsinə şərait yaradılır. Halbuki  bu ölkədə bir neçə il öncə satirik “Charlie Hebdo” jurnalı üz qabığında Məhəmməd Peyğəmbərin karikaturalarına görə hücuma məruz qaldığı zaman Fransa başda olmaqla, bütün Avropa ölkələri ayağa qalxdı, həmrəylik göstərdi. Fransa mətbuatı isə yaşanmış olayı təkcə “Charlie Hebdo”ya qarşı işlənmiş bir cinayət kimi yox, Fransa xalqının mənəviyyatına və demokratik dəyərlərinə qarşı işlənmiş bir cinayət kimi dəyərləndirdi. O zaman  “Charlie Hebdo”ya qarşı hadisə guya söz azadlığına qəsd kimi qiymətləndirilsə də, bu gün erməni terror təşkilatlarının, lobbisinin jurnalistləri və beynəlxalq hüququ dəstəkləyən deputatları hədəfə götürməsinə, ölümlə təhdid etməsinə susqunluq nümayiş etdirilir.
Təəssüf ki, dünyanın nüfuzlu təşkilatları, dövlət başçıları bu hadisəyə qarşı səssiz qalır. Siyasi proseslərdə erməni lobbisinin dəstəyini qazanmaq naminə demokratik dəyərlərin tapdalanmasına, insanların mövqeyinə görə, jurnalistlərin azad sözə görə təqib olunmasına göz yumurlar. Sözügedən reportajdakı faktları, Gəncənin raketlə vurulmasını  belə dünya susqunluqla qarşılayır.
Elxan Şahinoğlu: “Avropa ölkələri sanksiyaların əleyhinədir”
 Elxan Şahinoğlu 
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu  deyir ki, bu ikili standartlara birinci Qarabağ savaşında da şahid olmuşuq: “Kim ki, gəlib Azərbaycanın haqlı mübarizəsindən yazırdı, reportaj hazırlayırdı, onlar da hədəfə alınırdı. O zaman belə hədəfə alınan amerikalı jurnalistlər də var idi. Ancaq əks tərəfdə nəsə olanda, mənasız bir problem yarananda dərhal onu işıqlandırır, demokratiya və insan haqlarından danışırlar.  Fransanın tanınmış telekanalının əməkdaşı gəlib burada bizim xeyrimizə də yox, öz gördüklərini yazıb və çəkib, indi onu ölümlə hədələyirlər. Heç bir reaksiya da göstərilmir. ”ASALA" terror təşkilatı ötən əsrin 70-80-ci illərində Fransada terror törətdi, Parisin Orli limanında insanları qətlə yetirdi, amma bir neçə il həbsdə yatandan sonra onları azad edib Ermənistana göndərdilər. Onlar da gəlib Qarabağda torpaqlarımızın işğalında iştirak etdilər. Bunlar ikili standartlardır və obyektiv münasibət yoxdur. Biz bu hallara artıq alışsaq da, öz sözümüzü deməliyik".
Politoloqun sözlərinə görə, dünya siyasi liderləri seçkilərdə səs qazanmaq üçün terrorçu erməni lobbisi ilə hesablaşır: “Yaxşı ki, ”Sərhədsiz Reportyorlar" öz sözünü deyib, o da nüfuzlu təşkilat sayılır. Ancaq dünya erməni terrorçularının nazı ilə oynayır. Səs yığmaq naminə  terrora da göz yumurlar. Ancaq bu cür terrora dəstək verməklə bir gün özlərinə də problem yaradacaqlar.
Erməni lobbisinin gücü ondadır ki, birincisi, əllərində böyük maliyyələri var. Bir də təşkilatlanmağı yaxşı bacarırlar, siyasi proseslərə təsir imkanları da böyükdür. Qərbdə bir çox siyasətçilər də erməni lobbisi ilə hesablaşır ki, seçkilərdə səs qazansınlar, ermənilər onlara qarşı nəsə etməsinlər. Bilirlər ki, Azərbaycanı dəstəkləsələr, erməni lobbisinin hücumları ilə üzləşə bilərlər. Bu həm fiziki cəhətdən onları qorxudur, həm də siyasi  baxımdan problem yaşamaq istəmirlər. Erməni lobbisi ilə üz-üzə gəlməmək üçün bəzən haqqa-ədalətə də göz yumurlar". 

Tarix: 30-10-2020, 10:10
Xəbəri paylaş



Xəbər lenti