İlham Əliyev: “Atəşkəsi istəyən tərəf niyə Ermənistana silah göndərir?”


İlham Əliyev: “Atəşkəsi istəyən tərəf niyə Ermənistana silah göndərir?”
“Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, neynəyib gətirib, necə boşaldıb, hara göndərilib?”
 
“1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradıldı. Minsk Qrupunun fəaliyyəti göz qabağındadır. Minsk Qrupuna həmsədrlik edən ölkələr müəyyən müddətdən sonra faktiki olaraq bütün səlahiyyətləri öz əllərində cəmləşdirdilər, faktiki olaraq bu məsələni inhisara götürdülər. Faktiki olaraq Minsk qrupu bir qrup kimi iflic vəziyyətə düşdü və 3 ölkə bu məsələ ilə məşğul olmağa başlayıb. Amma bunun nəticəsi oldumu? Olmadı, bizim üçün olmadı! Ermənistan üçün oldu. Elə Ermənistan bu nəticəni istəyirdi. İstəyirdi ki, daima danışıqlar getsin, daima bizim başımızı aldatsınlar. Dondurulsun bu məsələ, əbədi əsarət altında qalsın bizim torpağımız, əbədi qalsın işğal altında bizim torpağımız! Bəs nədir Minsk Qrupunun fəaliyyəti? İşğalçıya təzyiq edə bilibmi? Yox! Təzyiq etmək istəyibmi? Yox!”.
 
AYNA-nın xəbərinə görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev bu gün xalqa müraciətində deyib.
 
Ölkə başçısı vurğulayıb ki, dəfələrlə onların qarşısında məsələ qaldırıb ki, əgər məsələnin həllini görmək istəyirsinizsə, Ermənistana sanksiyalar tətbiq edin, sizin əlinizdədir: “Siz BMT Təhlükəsizlik Şurasının üzvlərisiniz, istənilən məsələni həll edə bilərsiniz. Xüsusilə də bu ölkələrin rəsmi nümayəndələri deyirlər ki, bu məsələdə onların mövqeləri üst-üstə düşür. O da maraqlı məsələdir. Nə təhər olur ki, bütün başqa məsələlərdə - nüvə silahları məsələsi, Yaxın Şərqdə vəziyyət, Asiyada, Avropada olan vəziyyətlə bağlı bunların maraqları daban-dabana ziddir. Hansı məsələdə bunların maraqları üst-üstə düşür? Heç birində, ancaq Dağlıq Qarabağ məsələsində. Nə üçün? Hər kəs başa düşür. Çünki bu dondurulmuş vəziyyət bizdən başqa hər kəsi qane edir. Təbii ki, bu ölkələri və ilk növbədə Ermənistanı qane edir”.
 
Prezident qeyd edib ki, Ermənistan işğal altındakı torpaqlarda qanunsuz məskunlaşma aparır: “Bir söz deyən var? Yoxdur! Bu, cinayətdir, beynəlxalq cinayətdir, Cenevrə konvensiyalarına ziddir. Onlara bir söz deyən yoxdur ki, niyə qanunsuz məskunlaşdırma aparırsan, özü də bunu nümayiş etdirirsən, ərəb ölkələrindən erməniləri gətirirsən, yerləşdirirsən, o cümlədən Şuşada? Bir söz deyən yoxdur. Bu, nə deməkdir? O deməkdir ki, davam et, gətir, nə qədər istəyisən, gətir, bu torpaqları erməniləşdir, Azərbaycan mədəni irsini sil! Bu idi mesaj. Yoxsa, bu üç ölkə məgər imkanlara sahib deyil ki, aqressora öz yerini göstərsin? İstəmirdilər”.
 
“Ayın 10-da birinci dəfə atəşkəs qüvvəyə mindi və mənim mövqeyim elə idi ki, bu humanitar xarakter daşımalıdır və həlak olanlarının meyitlərinin, cəsədlərinin dəyişdirilməsi, girovların, əsirlərin dəyişdirilməsi üçün biz buna razılıq vermişik. Ancaq Ermənistan bir gün keçməmiş atəşkəsi kobudcasına pozub. Özü də namərd şəkildə. Gecə vaxtı Gəncəni bombaladı. Ondan sonra 17 oktyabrda yeni atəşkəs qüvvəyə mindi. Yenə də 2 dəqiqədən sonra Ermənistan bunu pozdu. İndi bu gün səhər saat 08:00-dan yeni təklif verildi. Ancaq səhər 09:00-da artıq mən maraqlandım, bir neçə dəqiqə keçmiş atəşkəs Ermənistan tərəfindən pozuldu, Tərtər rayonuna yenə də atəş açıldı. Ancaq yenə də mən hələ ki, göstəriş vermişəm ki, Azərbaycan Ordusu təmkinlə özünü aparsın, təxribata uymasın. Mənim mövqeyim xalqıma bəllidir. Bu məsələ öz həllini tapmalıdır. Ya hərb yolu ilə, ya sülh yolu ilə. Və mən təklif etmişəm ki, əgər istəyirsinizsə, sülh yolu ilə həll olunsun, yaxşı, biz dayandıraq. Ancaq dərhal bizə deyilməlidir ki, Ermənistan bizim torpaqlarımızdan çıxır. Cədvəl verilməlidir. Neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan, neçə gündən sonra bu rayondan. Cədvəl verilməlidir. Ermənistan bu cədvəli verib? Verməyib. Onda belə olan halda əgər atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz”, - deyə ölkə başçısı vurğulayıb.
 
Ali Baş komandan bildirib ki, bizdə dəqiq məlumat var ki, Ermənistan döyüş meydanında artıq bizim qabağımızda diz çöküb: “Sadəcə olaraq, atəşkəsdən istifadə edib öz qüvvələrini yenidən səfərbər edir, yenə də silahlanmaq istəyir. Və bizə qarşı yeni işğalçılıq siyasəti aparmaq istəyir. Belə məlumatlar var. Əfsuslar olsun ki, son bir ay ərzində Ermənistana kütləvi surətdə silahlar göndərilir. Müxtəlif növ silahlar. Bütün siyahılar bizdə var. Onların bəziləri bizim mətbuatda da dərc edilib. Bütün siyahı var: nə vaxt hansı təyyarə gəlib, nəyə gəlib, neynəyib gətirib, necə boşaldıb, hara göndərilib? Yaxşı, atəşkəsi istəyən niyə Ermənistana silah göndərir? Axı Ermənistan diz çöküb. Artıq onun başından elə vurmuşuq ki, ayıla bilmir”.
 
“Minsk Qrupunun fəaliyyətinə başqa qiymət vermək olmaz. Elə bil ki, bizi bu vəziyyətlə barışmağa sürükləyirdilər. Yeni reallıqlar yaranıb, siz də reallıqlarla hesablaşmalısınız! Biz yeni bir reallıq yaratmışıq, indi hər kəs yeni reallıqla hesablaşmalıdır. Amma biz nəyi görürük? Biz torpaqlarımızı işğalçılardan azad etməyə başlayanda görün nələr baş verir? Azərbaycana nə qədər böyük təzyiq göstərirlər. Hər tərəfdən əl-ayağa düşdülər. Bəs nə oldu, 28 il belə süründürə-süründürə bu məsələni elə bil ki, həll edirdiniz! Gəlib getmək, orada, burada danışıqlar. Yığılmışıq boğaza bu danışıqlardan. Nə qədər bu düşmənlə danışıqlar aparmaq olar? Özü də düşmən harınlaşır, azğınlaşır, qudurur və bizə deyir ki, yox, ancaq sülh yolu ilə, bunun hərbi variantı yoxdur. Kim deyir ki, yoxdur? Biz BMT Təhlükəsizlik  Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir, biz təkbaşına icra edirik. Biz yeni reallıq yaratmışıq, hesablaşın. Ancaq nə görürük? Orada görüş, burada görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu. İndi bunların bütün fəaliyyəti Ermənistanı xilas etməkdir. Aqressoru, təcavüzkarı, Xocalı soyqırımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budur bu fəaliyyət”, - deyə Prezident diqqətə çatdırıb.
Tarix: 26-10-2020, 15:14
Xəbəri paylaş



Xəbər lenti